“Orda fiziki və taktiki cəhətdən çox “artırdım”
“Səbail”lə yoxlama oyununun ikinci hissəsində meydana çıxan Elvin Bədəlovun “Sabah”la 1 illik müqavilə bağladığını bilirsiz. Vyana “Qarabağ”ı dağıldıqdan sonra ölkəmizə qayıdan mərkəz müdafiəçisiylə görüşdən sonra ayaqüstü söhbətləşdik.
- “Səbail”lə qarşılaşma haqda nə deyə bilərsən?
- Bir həftədi təlim-məşq toplanışına başlamışıq. Hazırda yüklənmə prosesindəyik. Fiziki hazırlıq üzərində çalışırıq. Oyundan razı qaldım. Təbii örtüklü stadionda məşq edirik. Birdən-birə süni örtüklü meydana çıxanda ikiqat güc sərf etməli olduq. Pis oynamadıq, oyuna yaxşı başladıq, imkanlarımız oldu. Sonradan yorulduq və qol buraxdıq. İkinci hissədə isə daha yaxşı oyun sərgilədik və bərabərsəviyyəli mübarizə getdi. Yoxlama matçı üçün normaldı.
- Vyana “Qarabağ”ının dağılması nə ilə bağlı idi? Birdən-birə qərar verildi, yoxsa əvvəldən məlumatınız var idi?
- Dəqiq nəsə deyə bilmərəm. Məzuniyyətə çıxanda dedilər ki, komanda qalacaq, növbəti mövsüm Region liqasında çempionluğa oynayacaq. Birdən-birə xəbər gəldi ki, rəhbərlik istefa verir, klubun sahibi başqası olacaq. Onların da məqsədinin nədən ibarət olduğu bilinmirdi. Ona görə də ordan ayrılmağa və başqa klub tapmağa qərar verdim.
- “Qarabağ”la müqavilən hansı müddətə idi?
- “1+1” şərtiylə müqavilə bağlamışdım.
- Əvvəlki ayların maaşını ala bilmisən?
- “Qarabağ”da heç vaxt maliyyə problemi olmayıb. Hamı maaşını alıb.
- Düşünmədin ki, Avropada qalsan, daha yaxşı olar?
- Bu haqda düşünürdüm. Dediyim kimi, birdən-birə qərar verildi. Fikirləşirdim ki, növbəti mövsümdə də “Qarabağ”da qalacam. Çünki oyunlarımızı skautlar izləyirdi. Qəfil dedilər ki, klub bu vəziyyətə düşür. Mənə 2-3 həftə gözləməyi məsləhət gördülər və keçidim üçün başqa klublarla danışıq aparacaqlarını söylədilər. Avstriyanın 1-ci divizion klublarından birinə keçmək variantı var idi. Çünki skautları oyunlarımı izləmişdi. Ancaq mənim gözləmək üçün vaxtım yox idi. Çünki Azərbaycanda komandalar yığışmışdı, ortalıqda qalmaq istəmirdim. Bu üzdən 1-2 mövsümlük burda oynamaq qərarına gəldim.
- Yeganə təklifi “Sabah”dan almışdın?
- Danışıqlar olsa da, rəsmi heç nə yox idi. Birinci mənə Elşad müəllim zəng etdi. Onunla “Neftçi”də birgə çalışdığım üçün “Sabah”a gəlməyə qərar verdim.
- Avstriyadakı oyunları necə şərh edə bilərsən? Ümumiyyətlə, o çempionatın səviyyəsi necə idi?
- “Rapid” və “Austriya”nın əvəzediciləri bizim liqada mübarizə aparırdı. Çox yaxşı mübarizə gedirdi. Çempionatda 16 komanda var idi. Daha çox fiziki gücə və atletik futbola üstünlük verirdilər. Əsl alman futbolu gedirdi. Çox maraqlı çempionat idi. Elə olurdu ki, autsayder liderdən xal alırdı. “Kəpəz” səviyyəsində komandalar vardı.
- “Qarabağ”a getmək karyerana necə təsir etdi?
- Orda oynamağı özüm üçün vaxt itkisi saymıram. Orda fiziki və taktiki cəhətdən çox “artırdım”. Daha çox müdafiədə necə oynamağı öyrəndim. Burda daha çox texnikaya üstünlük verirlər. Orda isə taktiki və fiziki hazırlıq daha önəmlidi. Hər şeydən razı qaldım.
- “Qarabağ”da komanda yoldaşın olmuş Dmitri Nağıyev də bura gəldi. Ölkəmizə qayıtmağı əvvəlcədən planlaşdırmışdız?
- Mən Azərbaycana Nağıyevdən tez gəlmişəm. O, istirahətdə idi. Mənə zəng etdi və “Sumqayıt” haqda soruşdu. Mən də dedim ki, yaxşı komandadı, gəlib oynaya bilərsən.
- “Qarabağ”ın futbolçuları bizim komandalar və futbolumuz haqda maraqlanırdılar?
- Əlbəttə. Mən Avstriyaya gedəndə “Qarabağ” Çempionlar Liqasında mübarizə aparırdı. Baxırdılar, izləyirdilər. Bildiyiniz kimi, Nemanya Stoyanoviç də “Keşlə”yə gəlmişdi. Maraq var idi.
- Klub rəhbərliyi legioner futbolçulara işğal altında olan torpaqlarımızla bağlı məlumat verirdi?
- Bəli. Bununla bağlı iclasımız oldu. Yaxşı bir oteldə tədbir təşkil etdilər. Dağlıq Qarabağın tarixi haqda məlumatlar verildi. Həmin iclasda “Qarabağ”ın perspektivindən, planlarından da danışıldı. Çox yaxşı layihələri var idi. İşə peşəkarcasına yanaşırdılar…
- Səncə, komanda 1-ci diviziona yüksəlsəydi, “Qarabağ” yaşayacaqdı?
- Eşitdiyimə görə, qala bilərdik. Amma bunu dəqiq deyə bilmərəm.
SƏRXAN