Artıq PFL-ə müraciət edənlər var
Premyer-liqada yeni mövsüm avqustun 11-də start götürəcək. Elitada mübarizə aparacaq komandaların da sayı bəllidi. 8 klub çempionluq və mükafatlar uğrunda mübarizə aparacaq. Elitadan fərqli, 2018/19 “futbol ili”ndə aşağı dəstədə neçə komandanın çıxış edəcəyi hələ dəqiqləşməyib. Sanki birinci divizion Azərbaycan futbolunun ögey övladıdı. Artıq neçə illərdi ki, peşəkar status daşıyan aşağı dəstədə iştirakçı komandaların sayı, çempionatın hansı formatda keçiriləcəyi son anda, daha dəqiq desək, püşkatma zamanı bilinir. Bu da ondan xəbər verir ki, ölkənin futbol təsərrüfatına rəhbərlik edən şəxslərin birinci divizionla bağlı konkret konsepsiyası yoxdu.
İcraiyyə Komitəsinin (İK) mayda keçirilən son iclasında assosiasiyanın baş katibi Elxan Məmmədov aşağı dəstə ilə bağlı suala cavab verərkən, növbəti mövsüm üçün yeni konsepsiyanın hazırlanacağını, bu işin İK tərəfindən katibliyə həvalə olunduğunu bildirmişdi. Hələ ki bu yöndə heç bir yenilik yoxdu. Ortaya çıxıb həmin konsepsiyanın nədən ibarət olacağını, aşağı dəstədə çıxış etmək üçün klubların qarşısına qoyulan şərtləri nə deyən var, nə də bu haqda danışan. Məhz durğunluq səbəbindən hər gün mətbuatda birinci divizionla bağlı müxtəlif xəbərlər tirajlanır. Bir gün komandaların sayının azaldılacağı, ertəsi isə bu xəbərə daban-dabana zidd olan say artımı olacağı bildirilir. Nə qədər ki, AFFA və PFL rəhbərliyi adı peşəkar olub, peşəkarlıqdan əsər-əlamət olmayan birinci dəstəyə barmaqarası münasibət göstərəcək, bir o qədər divizion haqda xoşagəlməz söz-söhbətlər yayılacaq.
Yeni mövsümdə aşağı dəstədə neçə komandanın mübarizə aparacağını, çempionatın hansı formatda keçiriləcəyini, ümumiyyətlə, 2018/19 mövsümü üçün aşağı dəstə ilə bağlı yeniliklərdən xəbər tutmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanı aradıq. Ancaq Firuz bəy zənglərimizə cavab vermədi. Belədə üz tutduq çempionatın təşkilinə cavabdehlik daşıyan qurumun – PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevə. Firuz bəydən fərqli, Aslan bəy dəstəyi də qaldırdı, yeni mövsümlə bağlı onda olan bilgiləri də bizimlə bölüşdü: “Həmişə olduğu kimi, birinci dəstədə mübarizə premyer-liqanın startından sonra başlayacaq. Buna görə də hələ ki divizionla bağlı heç bir xəbər yoxdu. Ancaq yeni mövsümdə aşağı dəstədə çıxış etməklə bağlı PFL-ə müraciət edən bir neçə klub var. Ötən mövsüm Region Liqasında çıxış edən “Tufan”, yeni yaranmış “Xan Lənkəran” bu məqsədlə bizə müraciət edib. Lakin hələ ki bu məsələ şifahi müraciətdən o tərəfə keçməyib. Uzun illər premyer-liqa və birinci dəstədə mübarizə aparmış Qusar “Şahdağ”ı da yeni mövsümdə yenidən birinci diviziona qayıtmaq istəyir. Bugünlərdə Kamran Əlibabayev PFL-ə baş çəkmişdi. Rəhbərliklə görüşən Kamran bəy Qusar stadionunda aparılan təmir və yenidənqurma işləri haqda məlumat verməklə yanaşı, birinci divizionda çıxış etmək istədiklərini bildirdi. Aşağı dəstə ilə bağlı daha ətraflı yəqin ki, gələn ayın ortalarında məlumat vermək mümkün olacaq”.
RƏŞAD