“Sabah” Serbiyadan müdafiəçi də aldı
Yeni mövsümə hazırlığı Bakıda davam etdirən “Sabah” transfer çalışmalarını sürətləndirib. Ötən sayımızda baş məşqçi Elşad Əhmədov xorvatiyalı dayaq yarımmüdafiəçisi Yosip Baliçlə “1+1” illik anlaşdıqlarını söyləmişdi. Çalışdırıcı ötən mövsüm 1-ci divizionda “Sabah”ın şərəfini qorumuş futbolçularla bağlı qərarın isə keçiriləcək iclasdan sonra veriləcəyini demişdi. Artıq qərar məlumdu. Əvvəlki heyətdən yalnız iki müdafiəçi – Elşad Manafov və Elgün Uluxanovla yollar ayrılıb. Başqa sözlə, qapıçılar - Maksim Vaylo, Ruzi Qiyaslı, Röyal Əlizadə, müdafiəçilər - Şirməmməd Məmmədov, Eltun Hüseynov, Əli Əliyev, Təyyar Məmmədov, Emin Mehtiyev, Əmrah Əliyev, Qvanzav Maqomedov, yarımmüdafiəçilər - İlqar Ələkbərov, Bayram Nuruzadə, Emin Mirzəliyev, Məhəmməd Qurbanov, Vladlen Normaniya, Seymur Əsədov, Əziz Quliyev, Ricat Qarayev və hücumçular - Məhəmməd Alıyev, Murad İsmayılzadə, Artyom Zabun və Raul Yaqubzadə komandada qalıb. Ancaq bura “hələ ki” sözünü əlavə etsək, daha yaxşı olar. Çünki yeni mövsümün startına qədər adı çəkilənlərdən də kimlərinsə “çıxdaş” olmaq ehtimalı var. Çünki onlardan başqa, “Xəzər”də oynamış 7 futbolçu – Bəxtiyar Soltanov, Tural Qürbətov, Tərlan Əhmədli, Novruz Məmmədov, Ülvi İbazadə, Eltun Turabov və Vadim Abdullayev, eləcə də Kərim Diniyev, Tərzin Cahangirov və Məqsəd İsayev də elitanın debütantına keçib. Baliçlə birgə “Sabah”a yeni qoşulanların sayı 11-ə çatır. Hələ bu da son deyil. Transferlərin davamı gəlir. Bu isə onu deməyə əsas verir ki, ustalıq səviyyəsi aşağı və təcrübəsi az olanlar ya komandadan uzaqlaşdırılacaq, ya da əvəzedicilərdən ibarət heyətin üzvünə çevriləcək. O heyət ki, onu yeni mövsümdə Vasif Haqverdiyev çalışdıracaq. Söhbət bunadək “Sabah”ın sələfi sayılan və bazası rolunu oynayan “Vətən”in U-17 komandasına başçılıq edən mütəxəssisdən gedir.
“Sabah” dünən daha iki futbolçuyla ortaq məxrəcə gəlib. Bunlardan biri futbolsevərlərimizə çox tanışdı. Söhbət 2011-15-ci illərdə “Neftçi”nin qapısını qorumuş Saşa Stamenkoviçdən gedir. “Ağ-qaralar”dan ayrıldıqdan sonra Yunanıstan “Kerkira”sına keçsə də, əsas heyət üzü görməyən serbiyalı qolkiper 2016-dan Qazaxıstan “Okjetpes”inin uğurları üçün tər tökürdü. 33 yaşlı əlcək sahibi “Sabah”la 1 illiyə anlaşıb. Yeni ad da Serbiyadandı. Filip İvanoviç mərkəz müdafiəçisidi. 189 sm boya malik stopper karyerasına Belqrad “Hayduk”unda start verib. Daha sonra “Bejaniya”ya keçən İvanoviç ölkəsinin 1-ci divizionunda “Sloqa Betrovaç” (2015/16) və “İndiya”nın (2016/17) da şərəfini qoruyub. Nəhayət, ötən mövsüm elitada özünü göstərmək imkanı qazanan 26 yaşlı futbolçu “Radnik”lə superliqada 9-cu yeri tutub. Mərkəz müdafiəçisi olsa da, son “futbol ili”ndə 4 qola imza atıb. “Sabah” İvanoviçlə 3 illik anlaşma əldə edib. Onu da qeyd edək ki, legionerlər bu gün tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.
SƏRXAN