24 in 13:06aktual

Argentina “Çaynataun”a yığışanları üzdü

Argentina “Çaynataun”a yığışanları üzdü
Şəfizadə coşdurdu, “Sumqayıt” rəhbərliyi izlədi
Zala daxil olub ətrafa göz gəzdirirəm ki, görəsən, tanışlardan kimlər var. Təxminən 20 saniyədən sonra dostları ilə əyləşib çay içən həmkarımı, futbolxəbər.az saytının baş redaktoru İbrahim Cəfərovu gördüm. O da məni görüncə, salamlaşmamış “sən hara, bura hara” sualını verib təəccüblə üzümə baxdı. Sanki Azərbaycandan min kilometrlərlə uzaqda, hansısa qərib ölkədə qarşılaşmışıq. Qısa pauzadan sonra həmkarım yenidən “nə yaxşı bura gəlmisən” sualını verib cavab gözləmədən dostları Babək və İsmayılla birgə oturduqları masaya dəvət etdi. Dəvətə görə İbrahim bəyə təşəkkür edib, gəlişimin məqsədini qısaca ona dedim. Məhz qısa izahatdan sonra Cəfərov məndən əl çəkib “onda işinlə məşğul ol, səni çox saxlamayaq” deyib, öz yerinə keçdi. İbrahim bəyin məni görüb təəccünləndiyi məkan isə Bakının futbol ictimaiyyətinin böyük həvəslə üz tutduğu “Çaynataun”du. Həmin “Çaynataun” ki, dünya çempionatının oyunlarını futbolsevərlərə fərqli formatda təqdim edir.
Ötən saylarımızın birində “Çaynataun” rəhbərliyinin kreativ addımı barədə xəbər vermişdik. Bildirmişdik ki, obyekt rəhbərliyi Gündüz Abbaszadə, İlqar Mikayıloğlu, Asif Bağırov, Amil Hacıyev, Sənan Şəfizadə və Rəfiqə Əzizlə anlaşaraq, oyunları bu aparıcıların şərh etməsinə qərar verib. Ümumiyyətlə, “Çaynataun” haqda çox eşitmişdim, ancaq yolum heç vaxt ora düşməmişdi. Dostlar, tanışlar futbolsevərləri özünə cəlb edən bu məkan haqda həmişə ağızdoluşu danışıblar. Öz-özümə “görəsən, nədi oranın özəlliyi” sualını verib cavabını tapmaq üçün sragagün yolandım “Çaynataun”a. Həmin gün saat 22.00-da Xorvatiya – Argentina oyunu başlayacaqdı. Şərhçi isə Sənan Şəfizadə idi.
Argentina “Çaynataun”a yığışanları üzdü
Yeri gəlmişkən, onu da qeyd edim ki, obyektə yollanmamışdan öncə çay evinin rəhbəri Şaiq Azəri ilə əlaqə saxlayıb gələcəyimi bildirmişdim. O da öz növbəsində böyük məmnuniyyətlə qonaq qəbul edəcəklərini demişdi.
Əsəbindən su içən kim, qarnını doyuran kim
Matçın başlamasına azı yarım saat var. Zalda tək-tük də olsa, boş yerlər qalıb. Qrup halında bir araya gəlib oyunun başlamsını gözləyənlər sakit-sakit öz aralarında söhbət edir, qarşılaşma ilə bağlı ehtimallarını bölüşürdülər. Ancaq bu sakitlik çox çəkmədi. 21.50-də mikrofonu əlinə götürən Sənan Şəfizadə sanki yatanları oyatdı. Həmkarım bir-bir masalara yaxınlaşaraq qonaqları salamlayır, bəzilərindən oyunun hansı hesabla bitəcəyini soruşurdu. Sənan bəy müştərilərə “dəqiq hesab deyənlərə rəhbərlik tərəfindən endirim olacaq” söyləyib, özünün də xüsusi hədiyyəsinin olacağını vurğuladı. Şəfizadə qalibə hədiyyəsini finalda təqdim edəcəyini də qeyd etdi. Qarşılaşma ərəfəsində “isinmə hərəkətləri”ndən sonra artıq hamının diqqəti geniş monitora dikilmişdi. Sənan bəy isə ayrıca, onun üçün nəzərdə tutulmuş güşəyə çəkilib, özünəxas tərzdə matçı şərh etməyə başladı. Dəqiqələr ötdükcə, boş qalan masaların da sahibləri gəlib çıxdılar. Artıq zalda demək olar ki, boş yer qalmamışdı. Argentina azarkeşləri çoxluq təşkil edirdi. Messi və yoldaşlarının zəif oyunundan əsəbləşənlər hirsini soyutmaq üçün müxtəlif üsullara əl atırdılar. Kimi su sifariş edir, kimi pivə istəyir, kimi də “Çaynataun”un mətbəxində hazırlanan ləziz təamlardan dadırdı.
“Çaynataun”da imzalanan müqavilə
Onu da bildirim ki. həmkarımdan başqa oyunu izləyənlər arasında veteran futbolçu Bəxtiyar Musayev də var idi. 6 nəfərlik masanın arxasında tək əyləşən Musayev oyunu izləsə də, qonaqlarının olacağı bəlli idi. Veteran futbolçu tez-tez telefonla danışır, kiməsə nəsə deyirdi. Onun intizarı çox çəkmədi. Görüşün yarım saatı geridə qalmışdı ki, bu dəfə zala daxil olanı görəndə mən təəccübləndim. Bu şəxs “Sumqayıt”ın prezidenti Riad Rəfiyev idi. O da deyəsən, məni görüncə biranlıq çaşdı. Ancaq bunu büruzə verməməyə çalışdı. Yaxınlaşıb görüşdü və hal-əhval tutduqdan sonra Bəxtiyar bəyin əyləşdiyi masaya üz tutdu. Prezident gələ, idman direktoru yox?! Belə şey ola bilməzdi. Və çox keçmədən bu dəfə qapıda “kimyaçılar”ın idman direktoru Zamiq Hüseynov göründü. O da tanıdıqları, o cümlədən bəndənizlə salamlaşıb klub prezidentinin və veteran futbolçunun oturduğu masanın arxasına keçdi. Özlüyümdə “görəsən, yenə gələn olacaq” deyib, fikrə dalmışdım ki, daha bir qonağın “üçlüy”ə yaxınlaşdığını gördüm. Sizcə, bu kim olsa yaxşı idi? Sizi çox intizarda saxlamadan deyim. Dünən “Sumqayıt”ın məşqçilər korpusunda yer alacağı açıqlanan Emil Babayev. Görünür, “Sumqayıt” rəhbərliyi “həm ziyarət, həm ticarət” prinsipinə əsaslanaraq, yeni məşqçi ilə məhz “Çaynataun”da görüşməyi lazım bilmişdi. Bəxtiyar bəy isə vasitəçi rolunu oynayıb.
Matçın ikinci hissəsi haqda çox danışıb sizi yormaq istəmirəm. Argentinaya könül verən azarkeşlərin 0:3-dən sonra hansı hisslər keçirdiyini, Messi və yoldaşlarının, əsas da baş məşqçinin - müştərilərdən birinin sözü olmasın, repçilərə oxşayan Xorxe Sampaolinin ünvanına 2, 3 mərtəbəli, qatı açılmamış söyüşlər söydüyünü eşitmək üçün mütləq orda olmaq, yaşananları canlı görmək lazım idi.
İkinci “Çaynataun” açılacaq
Matç başa çatandan sonra futbolsevərlər üçün doğma məkana çevrilən obyektin rəhbəri Şaiq Azəriyə yaxınlaşaraq söhbətləşməyi də unutmadım.
Argentina “Çaynataun”a yığışanları üzdü
90 dəqiqə boyunca ayaqüstə olan, heç kimin narazı qalmaması üçün əlindən gələni edən Şaiq bəy həm də çox maraqlı həmsöhbət imiş: “Həmişə çalışırıq ki, futbol vaxtı fərqli layihələr həyata keçirək. Yəqin ki, millinin oyunları zamanı həyata keçirdiyimiz aksiyadan xəbəriniz var. Yığmanın vurduğu hər qola görə müştərilərimizə 20 faiz endirim edirdik. Bir dəfə millimiz bizi az qala müflis etmişdi. Rəqib torunu 5 dəfə silkələdilər ki, biz də məcbur olub heç bir müştəridən pul almadıq (gülür). Əlbəttə, bu bir zarafatdı. Təki yığmamız həmişə qalib gəlsin, biz buna görə ancaq sevinərik. Həftəiçi keçirilən matçları klubun formasında izləyənlərə 10 faiz endirim edirik. Bu layihənin reallaşmasında Gündüz Abbaszadə bizə dəstək oldu. Sabiq iş yoldaşlarını layihəyə cəlb edərək, uğurlu işə təkan verdi. Hər bir obyektin əsas məqsədi müştəriləri razı yola salmaq, onların istirahəti üçün maksimum səy göstərməkdi. Şərhçilərimiz sosial şəbəkələrdə çox fəaldılar və onların adlarına görə xeyli qonaqlarımız olur. Özünüz də gördüz, demək olar ki, boş yer yox idi. İspaniya - Portuqaliya matçında nə qədər adam, ümumiyyətlə, geri qayıtmalı oldu. Fikrimiz var ki, bu yaxınlarda ikinci “Çaynataun”u açaq. Artıq bu yöndə işlər görülür və tezliklə paytaxtın başqa səmtində obyekt fəaliyyətə başlayacaq. Müştərilərimiz oyunları izləyərkən dadlı yeməklərimizin də dadına baxa bilər. Atama gəlincə (Şaiq bəy tanınmış jurnalist Qərib Azərin oğludu), onun futbola marağı, demək olar ki, yoxdu. Ancaq böyük turnirlərin final qarşılaşmalarını izləyir. Ümid edirəm ki, bundan sonra da obyektimizə baş çəkənlərin sayı durmadan artacaq”.
Şaiq bəydən sonra həmkarım, Argentinanın məğlubiyyətinə sevinən İbrahim bəyin də fikirlərini öyrəndim: “Təkcə dünya çempionatı yox, adi vaxtlarda da əksər hallarda oyunlara “Çaynataun”da baxıram. Əslində şəhərdə futbola baxmağa yer çoxdu. Amma “Çaynataun” başqalarından seçilir. Kobud da desək, hər yoldan keçənin gəldiyi məkan deyil. Bəzən elə yerlərə gedirsən ki, çox səs-küy olur. Amma “Çaynataun”da bu baxımdan vəziyyət yaxşıdı. DÇ zamanı tanınmış şərhçilərin iştirakı ilə oyunları izləmək imkanı yaradıldı. Çox gözəl ideyadı. Amma təəssüf ki, hələ özünü tam doğrultduğunu düşünmürəm. Çünki ancaq şərh olacaqsa, elə bura gələn oturub evində baxar da. Heç kim inciməsin, amma Azərbaycanda elə şərhçi yoxdu ki, sən sırf onun şərhini dinləmək üçün cibindən bir oyuna görə 40-50 manat pul xərcləyəsən. Mundial başlayandan 6-7 oyuna “Çaynataun”da baxmışam. Düşünürəm ki, ən maraqlısı elə Argentina - Xorvatiya oyunu idi. Sənin də izlədiyin bu görüşdə Şəfizadənin tamaşaçılarla ünsiyyəti, zalla müntəzəm əlaqədə olması çox müsbət haldı. İnanıram ki, növbəti oyunlarda hər şey daha yaxşı olacaq”.
Sonda onu da qeyd edim ki, “Çaynataun”a giriş pulsuzdu. Rəhbərlik mundial zamanı Səudiyyə Ərəbistanının iştirakı ilə keçirilən matçlarda qəlyana 3 faiz endirim edir. Almanların oyunlarında isə bir bokal pivə içənə ikinci pulsuz verilir.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:31 Balayevli “Tobol”dan ardıcıl ikinci qələbə 14-03-2019, 23:12 "Ağsu" paytaxtda sürpriz gerçəkləşdirdi 14-03-2019, 23:10 Klublar Komitəsi PFL-ə məktub göndərəcək 14-03-2019, 23:08 Yurçeviç sürprizlərlə zəngin siyahı açıqladı 14-03-2019, 23:07 “CBC Sport”un iclasında günahkarlara irad bildirilib 14-03-2019, 23:06 “Bürünc “Neftçi”nin daha bir üzvü yubileyini qeyd etdi 14-03-2019, 23:04 Stuxlik özü müəyyənləşdirdiyi tələbləri pozdu 14-03-2019, 23:01 Elxan Məmmədov və PFL rəsmiləri KK-nın iclasına qatıldı 14-03-2019, 22:56 İntizam Komitəsi “Sumqayıt”ı baş məşqçisiz və qapıçısız qoydu 14-03-2019, 22:55 Koçuk Fransa və Türkiyə ilə oyunlara dəvət aldı 14-03-2019, 22:53 “Bakcell Arena”da yalnız qələbə üçün döyüşəcəklər 14-03-2019, 22:50 Elnurla Nazim “Dauqavpils”ə lazım olmadı 14-03-2019, 22:49 Litva 23 futbolçu ilə gəlir 14-03-2019, 22:47 EFA azərbaycanlı uşaqları Avropa üçün hazırlayır 14-03-2019, 22:41 “Sumqayıt” Zakir Mahmudovu işlə təmin etdi 14-03-2019, 22:40 “Qəbələ” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək 14-03-2019, 22:38 Tur sabah başlayıb 10 gün sonra bitəcək 14-03-2019, 22:37 U-19 ADBTİA ilə bacarmadı 14-03-2019, 22:36 Ağatahir Əzimov hamıdan narazıdı 14-03-2019, 22:34 Mustivar Kuba ilə oyuna çağırıldı 14-03-2019, 22:32 Aqolli vida müsahibəsini verib, bəndənizdən şübhələndi 13-03-2019, 12:58 Turun statistikası 13-03-2019, 12:55 Turun məşqçisi 13-03-2019, 12:55 Turdan məqamlar 13-03-2019, 12:52 Yığmanın heyəti açıqlandı 13-03-2019, 12:50 İlham Əliyev Avroliqanın finalı ilə bağlı sərəncam imzaladı 13-03-2019, 12:48 Nikola Yurçevçin siyahısında kimlər yer alacaq? 13-03-2019, 12:46 “Zirə” – “Keşlə” matçını PFL yayınlayacaq 13-03-2019, 12:45 “Atromitos” Əliyarın idarəçiliyindən narazı qaldı 13-03-2019, 12:41 Rövşən Əhmədov oğlunun idarə etdiyi oyunu izləməyib 13-03-2019, 12:40 “Qəbələ”nin məşqçisinə “Tərəqqi” medalı verildi 13-03-2019, 12:39 İlk “3-lük”də dəyişiklik 13-03-2019, 12:37 AÇ üçün 14 nəfərlik heyət 13-03-2019, 12:36 Medvedev Hüseynov qardaşlarını qabaqladı 13-03-2019, 12:34 Turnirdə ikinci məğlubiyyət 13-03-2019, 12:32 “Sabah”lıların hərəsi uğursuzluğa bir səbəb göstərdi Bütün xəbərlər
Ən çox oxunanlar