Hakimlərin Bolqarıstanda təlim-məşq toplanışı planlaşdırılır
Adətən, mövsümün sonunda Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədovla söhbətləşir, ilboyu yaranan suallara aydınlıq gətiririk. Bu dəfə də ənənəni davam etdirdik və söhbətimiz hər dəfə olduğundan daha uzun sürdü. Doğrudu, 2017/18 mövsümündə çempionluğun və ya kubokun taleyinə təsir edən səhvlər, hakimliklə bağlı böyük qalmaqallar olmadı. Səhvlər var idi, ancaq yanlış qərarlar kimisə “qızıl”dan və ya “ikinci cəbhə”nin qalibi adından məhrum etmədi. Bununla belə, sonradan ləğv olunan vərəqələr oldu, FİFA referisi Ömər Paşayev səhhətindəki problem üzündən yaşıl meydanlardan kənarda qaldı, iki hakim elitada debüt etdi, Fariz Yusifov karyerasını bitirdi, kubokun finalı beynəlxalq dərəcəli referilərə yox, Rauf Cabbarova tapşırıldı. Ən əsas məqamlardan biri isə Əliyar Ağayev FİFA-nın 1-ci kateqoriyasına yüksəlməsidi. Bir sözlə, Xaqani bəyə ünvanlayacağımız yetərincə sual vardı və bunun üçün AFFA-nın binasına üz tutduq. Məmmədov bizi maraqlandıran bütün məqamlara aydınlıq gətirdi.
(əvvəli ötən sayımızda)
“Kimləri gözləri tutdu, onunla işləməyə başlayırlar”
- Nəhayət, xeyli müddətdi gözlənilən irəliləyiş baş verdi. Əliyarın 1-ci kateqoriyaya yüksəlməsi ilə bağlı fikirləriniz necədi?
- Bu Azərbaycan hakimliyi üçün çox müsbət haldı. Tofiq Bəhramov və Eldar Əzimzadədən sonra, fikrimcə, bu ən böyük uğurumuzdu. Əliyar müstəqillik dönəmində FİFA-nın 1-ci kateqoriyasına yüksələn ilk hakimimizdi. Bu dəfə 5 nəfər həmin kateqoriyaya adlayıb. Digər 4 nəfər Almaniya, İngiltərə, İtaliya və Bolqarıstandandı. Görün hakimimizin adı hansı ölkələrin referiləri ilə yanaşı çəkilir. Özü də Ağayev 1-ci kateqoriyada olanlardan ən gəncidi. Bu isə onun böyük potensiala və perspektivə malik olduğuna dəlalət edən faktdı. Təbii, biz bunun üçün çox uzun yol keçdik. Hətta məni qınayanlar da oldu. Sadəcə, ola bilər, hadisələri qabaqlamışdım. Əliyar hələ ötən il 1-ci kateqoriyaya düşməli idi. Komitə də bu qərarla razılaşmışdı, ancaq sonda Pyerluici Kollina demişdi ki, gəlin bir il də baxaq. Elə oldu ki, UEFA Gənclər Liqasının yarımfinalının MS – “Barselona” oyununda Əliyarın hakim-inspketoru Kollina özü idi. Onun raportunu görəndən sonra məndə tam əminlik yaranmışdı ki, bu il Ağayevin kateqoriyası yüksələcək. Kollina yüksək fikirdə olduğunu bildirmiş, çox yaxşı da qiymət vermişdi. Əslində biz bunun iyunun axırında olacağını gözləyirdik. Ancaq nədənsə məlumat daha tez gəldi. Bizim üçün çox xoş bir hadisə idi. Əliyar buna öz zəhmətkeşliyi, qabiliyyəti ilə nail olub. Özümü tərifləmək kimi çıxmasın, ona ilk dəfə təyinat verəndə çoxları buna irad bildirmişdi. Həmin vaxt Ağayevin potensialını, istedadını görmüşdüm. Tək Əliyar yox, bir neçə perspektivli hakimimiz var. Bəzən belə sual da verirlər ki, yalnız Əliyarla öyünürlər? Gəlin baxaq. Böyük futbol ölkələrini çıxmaqla, hansı ölkənin 1-ci kateqoriyada 2 nümayəndəsi var? Hamıda bir hakimdi, o cümlədən bizdə. Başqa bir müqayisə edək. Keçmiş sovet ölkələrindən yalnız Rusiya, Ukrayna, Belarus və Azərbaycandan həmin kateqoriyada referi var. Gürcüstan və Ermənistanın nəinki 1-ci, heç 2-ci kateqoriyada təmsilçisi yoxdu. Hansısa ölkədən bir ədalət təmsilçisi irəli gedirsə, yazılmamış qanundu ki, UEFA artıq onunla işləyir. Ömərə böyük ümidlərim var. Sağalsın, aramıza qayıtsın. Bir neçə ildən sonra Əliyar elitə yüksələndə, Paşayev 1-ci kateqoriyaya adlayacaq. Onun böyük potensialı var. Həmçinin gənclər də yetişir. Ona görə də deməsinlər ki, təkcə Əliyarla öyünürlər. Bir nəfər bu uğura nail olubsa, hər cür kömək etməliyik ki, qabağa getsin. İndi Ağayevin əsas məqsədi 1-ci kateqoriyada möhkəmlənməkdi. Bəziləri deyir ki, ora düşdüsə, filan oyunları idarə etməlidi. Xeyr, birinci həmin kateqoriyada möhkəmlənməlidi. Rusiyalı Vladislav Bezborodov çox gözəl hakimdi. ÇL-in 1/4 finalında idarə etdiyi oyunda köməkçisi səhvə yol verdi və onu elitdən sildilər, 1-ci kateqoriyaya düşdü. Əvəzində Sergey Karasyov yüksəldi və hazırda DÇ-yə gedir. Halbuki Bezborodovla müqayisədə Karasyov çox-çox zəif hakimdi. Ancaq köməkçisinin səhvi Bezborodovun kateqoriyasını aşağı saldı. Aşağı düşən isə bir daha qalxmır. Əliyar da əvvəlcə yerini möhkəmlətməli, daha sonra elitə düşmək üçün çalışmalıdı. Həm elit, həm də 1-ci kateqoriyanı yaşına görə tərk edənlər olur. Siyahı dəyişir, heyət cavanlaşdırılır.
- Əliyara hansı oyunlar verilə bilər?
- ÇL-in və AL-in qrup oyunları veriləcək, DÇ və AÇ-nin seçmə mərhələ matçlarını idarə edəcək. Ancaq pley-off bir qədər tez olar. Avropada elit kateqoriyada 28 hakim var. Pley-off oyunlarını əsasən onlar idarə edir. Lakin kim bilir, bəlkə də istedadı ilə daha da irəli getdi. Bu iş istedaddan və bacarıqdan çox asıldı.
- Hansısa hakim 1-ci kateqoriyaya yüksələndə onun təmsil etdiyi ölkəyə əlavə yer verilir?
- Bu, qanun deyil. Ancaq UEFA mükafat kimi əlavə yer verə bilər. Təbii, bu ilk növbədə bizdən asılıdı ki, ora müraciət ünvanlamalıyıq, xahiş etməliyik. Adətən, əlavə yer verirlər. Lakin dediyim kimi, bu qanun deyil. Bizdən çox şey asılıdı və ona görə də çalışmalıyıq.
- Rəhim Həsənov niyə “yerində sayır” və təyinatlar ona çox az gəlir?
- Razıyam, az təyinat alır. Əslində idarəçiliyinə görə Rəhim nə Əliyardan, nə də Ömərdən geri qalır. Ancaq UEFA-da, loru dillə desək, kimləri gözləri tutdu, onunla işləməyə başlayırlar. Rəhim az oyun alır. Dəfələrlə müraciət etmişik. Lakin konkret cavab vermirlər. Qiymətləri də, idarəçiliyi də yaxşıdı.
“Hakimlərimiz belə şeylərə getmirlər”
- Hakimlikdən ən çox şikayət edən məşçilərdən biri ölkəmizi tərk etdi. Roman Qriqorçuk tez-tez hakimləri hədəfə alırdı. Onun gedişinə sevinirsiz?
- Qriqorçuk böyük məşqçidi, yaxşı mütəxəssisdi. Bəzən obyektiv şərh verirdi, bəzən də elə şeylər deyirdi ki, yəqin sonradan baxanda özü də utanırdı. Son aylarda bir dəfə onunla telefon söhbətim oldu. “Keşlə” ilə oyunda belə bir ifadə işlətmişdi ki, penaltinin olması kosmosdan da görünürdü. Ancaq həmin matçın sonunda qaydalar çərçivəsində qol vurmuşdular, yan xətt hakimi yanlış ofsayd qərarı ilə onu saymamışdı. Mən Qriqorçuka dedim ki, sizin media qarşısındakı hərəkətləriniz gülməli çıxır. Epizoda baxmamış qərar verməyin. Heç bir penaltidən söhbət gedə bilməzdi. Ancaq sizin təmiz qol sayılmadı, bu haqda heç nə demədiz. Jurnalistlərdə də şübhə yaranır ki, bunun heç qaydalardan xəbəri yoxdu. Düzdü, bəzən doğru irad bildirirdi. Bəzən də ilk dəqiqələrdən hakimə etiraz edirdi. Hansı ki həmin narazılıqlara heç səbəb olmurdu. O da bir taktika idi. İlk dəqiqələrdən hakimlərə təzyiq edirlər ki, bəlkə qərarlar xeyirlərinə verilər. Ancaq hakimlərimiz belə şeylərə getmir.
- Fariz Yusifovun vidası ilə bağlı demişdiz ki, ola bilsin, tədbir keçirək. Nəsə plan var?
- Ola bilər, bu, yeni mövsümün əvvəlində olsun. Çempionat başlayanda hansısa oyundan öncə belə bir addım atıla bilər.
- Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsinin birləşməsi yenidən gündəmə gəlib. Bu məsələ haqda nə deyə bilərsiz?
- Elə bir şey yoxdu. Bu tələb deyil, tövsiyədi. AFFA necə qərar verirsə, elə də davam edirik. Bu kimlərinsə ortaya atdığı mövzudu. Guya UEFA-dan tələb var. Elə söhbət yoxdu.
- Bəs həmin tövsiyəyə necə baxırsız?
- Buna o ölkələrdə ehtiyac var ki, hərəsi özü üçün işləyir. Bizdə isə HİK ilə, demək olar, birgə işləyirik. Tutaq ki, hansısa cavan hakimə təyinat verəndə, onlara müraciət edirəm ki, onun oyununa təcrübəli hakim-inspektor göndərsinlər. Onlar da bunu nəzərə alır. Belə olan halda birləşməyə nə ehtiyac var?!
- Bir müddət öncə türk hakimlərin bizdə, bizimkilərin isə qardaş ölkənin çempionatında oyun idarə etməsi məsələsi aktullaşmışdı. İdeya ürəyinizcədi?
- Çox yaxşı fikirdi. Hakim mübadiləsinə çox yaxşı baxıram. Çünki referilərimizin Türkiyə superliqasında oyun idarə etmələri müsbət hal olar. Lakin birtərəfli şəkildə başqalarının gəlib burda oyun idarə etməsinin əleyhinəyik. Hazırda bu yöndə iş gedir və dediyiniz kimi gələcəkdə bu olacaq. Başqa ölkələrlə də bağlı belə fikir var. Mənim latviyalılarla söhbətim olmuşdu. Bundan başqa, Moldova tərəfi ilə də bu barədə fikir mübadiləmiz olub. Hətta Qazaxıstan variantı da var. Ancaq bu müntəzəm şəkildə yox, ayda bir-iki dəfə ola bilər. Faydası da odu ki, hakimlərimiz müxtəlif çempionatlarda özlərini sınayacaqlar, oyunlardakı gərginlik fərqlidi.
- Növbəti mövsümdə premyer-liqada yeni hakimlər görəcəyik? Bundan başqa, Elvin Əsgərovun qışdan sonra təyinat almadığını qeyd etdiz...
- Elvinin ailə problemləri var. Uzun müddətdi Türkiyədədi. Onun haqda dəqiq bir şey deyə bilmərəm ki, nə vaxt bizə qoşulacaq və ya ümumiyyətlə, qoşulacaqmı? Yeni adlara gəlincə, Rəşad Əhmədovla Vüqar Həsənlini ötən mövsüm gördüz. Səbuhi Bayramov haqda əminliklə deyə bilərəm ki, yeni mövsümdə premyer-liqada görə bilərik. Ondan başqa da istedadlı gənc hakimlərimiz var. Kamal Umutlu, Cahangir Yusifzadə və İslam Məmmədovu qeyd edərdim. Xüsusən Kamalı fərqləndirərdim. Toplanışa xaricə getsək, Cahangirlə onu mütləq aparacağıq. Bu yaxınlarda “Vətən” cəmiyyətinin 15 yaşlılar arasında turniri keçirildi. Yarışı əvvəldən sona qədər izlədim. Final “Bayıl Arena”da idi və oyunu Kamala vermişdik. Nə qədər veteran futbolçu və hakim var idisə, hamısının çox xoşuna gəldi. İstedadlı gənc hakimdi.
“Seminarda iştirak etməmisənsə, necə irəli çəkək?”
- Yay hazırlıq planı bəllidi?
- Belə deyim, toplanış planlaşdırılır. Baş tutsa, yəqin ki Bolqarıstanda olacaq.
- Nə vaxt?
- İyulun 17-31-i aralığına planlaşdırırıq. Çünki ölkə çempionatının avqustun ikinci ongünlüyündə başlanacağı gözlənilir. Ordan qayıdandan sonra müəyyən vaxtımız olacaq. Birinci divizion hakimləri üçün də Bakıda toplanış keçməyi düşünürük. Həmin hazırlıq prosesi isə “Dalğa Arena”da gerçəkləşəcək. Onlara da diqqət olmalıdı.
- Futzal üzrə FİFA referilərinin də kateqoriyası dəyişdi. Elçin Səmədli geri, Yusif Nurullayev irəli getdi. Bu haqda nə deyə bilərsiz?
- Səmədlinin məsələsini yaşla əlaqələndirərdim. Bilirsiz ki, UEFA-da 45 yaşından sonra “stop” qoyulur. Onun artıq 47 yaşı var. Yəqin ki, bu onun UEFA-da son mövsümüdü.
- Bildiyimizə görə, Səmədli UEFA-nın seminarına da qatılmayıb...
- Hə, getməmişdi. Ailə vəziyyətinə görə gedə bilməmişdi. Ola bilər, bunun da təsiri olsun. İştirak etməmisənsə, necə irəli çəkək? Nurullayevə gəlincə, gənc və perspektivli hakimdi. Yəqin ki, yaxın illərdə o da 1-ci kateqoriyaya yüksələcək.
- Sanki futzal çempionatında oyun idarə edən hakimlər cəzalanmır. Yanlış qərar verənləri növbəti matçlarda da iş başında görürük.
- Xeyr, orda da cəza var. Səmədli, Nurullayev və Elçin Məmmədov, demək olar, səhvsiz idarə etdilər. Təcrübəlilər artıq bu işdə “bişiblər”. Ancaq Ramil Namazov, Hikmət Qafarlı və başqaları cəza alıb. Futzalda da cəza var, sadəcə, komanda sayının az olması əl-qolumuzu bağlayır. Yeri gəlmişkən, futzal hakimlərinin avqustun 6-8-də Buxarestdə seminarı olacaq. Qafarlı da gənc hakim kimi ora dəvət alıb.
- Son olaraq ötən mövsüm ÇL-də qeydə alınan hakim qalmaqalları ilə bağlı fikirlərinizi öyrənmək istərdik. O cür təcrübəli hakimlərin belə kobud səhvlərə yol verməsi nədən irəli gəlir? Maraqlıdı ki, həmin referilər yenidən təyinat alır.
- Özünüz də qeyd etdiz ki, səhv edirlər, amma təyinat alırlar. UEFA-da düşünmürlər ki, hakim səhv etdi və onu cəzlandıraq, silək. Onlar referilərə həmişə dəstək verirlər. Müasir futbolun dinamikası, tempi o qədər yüksəkdi ki, onunla ayaqlaşmaq çətin məsələdi. 90 dəqiqə səhvsiz oyun idarə etmək mümkün deyil. Mütəxəssislər hesablayıb ki, oyun ərzində buraxılan 6-7 xırda səhv normaldı. Ona görə də 80-90 faiz yaxşı idarəçiliyə 8,3-8,6 aralığında qiymətlər verilir. 10 ballıq qiymətləndirmədə 9 alan yoxdu. Bu nadir hallarda olur. Axı, heç kim əla oyun idarə etmir. Kiminsə 10 bal aldığını xatırlamıram. Səhvlərin olmasına baxmayaraq, indiki hakimlik 70-80-ci illərdən qat-qat güclüdü. Çünki o dövrdə futbolda bu cür sürət, temp olmayıb. Üstəlik, videogörüntülər o qədər inkişaf etməmişdi ki, hakimlərin səhvini göstərsinlər. Bəzən DÇ-lərin finalına baxanda elə hakimlərin səhvlərini görürəm, dəhşətə gəlirəm. Bu gün ÇL-in finalında 24 kamera işləyir. O kameralardan biri sırf hakimi çəkir, onu izləyir. Məhz bu üzdən bütün səhvlər üzə çıxır. Deyirlər ki, “Real”ı “dartırlar”. Üç ildi bu komandanı irəli çəkirlər? Ola bilər, bir-iki səhv olub. Amma əleyhinə verilən yanlış qərarlar da var. Deməzdim ki, hansısa hakim kiməsə kömək edir. UEFA-da elə şey yoxdu. Kim deyə bilərdi ki, Milorad Majiç ÇL-in finalını idarə edəcək? Səhv eləmirəmsə, Majiçin son ilidi. DÇ-də İngiltərədən hakim olmayacaq. Maykl Oliver, Antoni Teylor kənarda qaldı. Ancaq konfederasiyalara uyğun yer verilir və Afrikadan, Amerikadan, Asiyadan elələri gəlir ki, hakimliyə yaramır.
FARİZ