Yəni ki növbəti dəfə Əsasnaməyə tüpürüləcək
Şahin Diniyevin gedişindən sonra “Kəpəz”in “sükanı arxasına” Yunis Hüseynov keçəndə gəncəli azarkeşlər çox sevindi. Düşündülər ki, Diniyevdən fərqli, Hüseynov əslən gəncəli olduğundan işinə daha məsuliyyətli yanaşacaq, qış fasiləsində daha yaxşı komanda formalaşdıracaq. Gəncəlilər ona da inanırdılar ki, fasiləyə autsayder kimi yollanan “Kəpəz” yeni baş məşqçinin rəhbərliyi altında ikinci yarını daha yaxşı keçirib mövsümü yüksək pillədə başa vuracaq. Ancaq ehtimallar doğrulmadı. Mövsümün onuna 3 tur qalsa da, “sarı-göylər”in 8-ci yeri tərk etməyəcəyi dəqiqləşib. Bu isə o deməkdi ki, AFFA Əsasnamədə yazılanlara tüpürməsə,“Kəpəz” elitadan getməlidi.
Ancaq bu o qədər real görünmür. Niyə? İlk növbədə ona görə ki, assosiasiya rəhbərliyi himayəsində olan, ötən il stadionunun ot örtüyünün dəyişdirilməsinə külli miqdarda vəsait xərclədiyi klubun aşağı dəstəyə yuvarlanmasına razı olmaz. İkincisi, “Kəpəz” bəzi futbol məmurlarına “çirkli pulların yuyulması” üçün əla imkanlar yaradıb.Üçüncüsü, “sarı-göylər” AFFA-nın baş katibi Elxan Məmmədovun işədüzəltmə müəssisəsidi. Görün son aylarda əsas və müxtəlif yaş qrupları üzrə yığmalardan uzaqlaşdırılan və baş katibin çevrəsinə yaxın olan neçə kadr “Kəpəz”də işlə təmin olunub. Sizcə, bütün bunlardan sonra Gəncə təmsilçisini birinci diviziona göndərmək olar? Əlbəttə, yox. Vaxtilə SSRİ çempionatının güclülər dəstəsində çıxış edən iki Azərbaycan klubundan biri olan, ölkə futboluna neçə-neçə ünlü futbolçu bəxş edən “Kəpəz” bu gün AFFA-nın minnəti, ianəsi hesabına ayaqüstə qalır. Etiraf edək ki, bu Gəncənin nə adına, nə tarixinə, nə də futbol ənənələrinə yaraşır. Bəs görəsən, Gəncə futbolunun tanınmış simaları indiki durumla bağlı hansı fikirdədi?
Müxtəlif klubların heyətində 11 dəfə çempion olmağı bacaran Mahmud Qurbanovun fikrincə, “Kəpəz”ə güzəşt olunmalıdı: “Gəncə futbolunun tarixi və ənənələri hamıya məlumdu. O şəhərdə daim futbolu seviblər, komandaya dəstək olublar. Düzdü, Əsasnamədə sonuncu yeri tutan komandanın elitanı tərk etməli olmasıyla bağlı bənd var. Ancaq “Kəpəz”ə güzəşt olunmalıdı. Komanda bu mövsüm heç də yaxşı təsir bağışlamasa da, inanıram ki, növbəti “futbol ili”ndə vəziyyət yaxşıya doğru dəyişəcək. Xatırlayırsızsa, arada 4 ilə yaxın premyer-liqada Gəncə təmsilçisi olmadı. Mənə elə gəlir, həmin boşluğun acısı indi də hiss olunmaqdadı. Komanda elitada çıxış etməyə başlayandan uşaq futboluna da diqqət ayrılır. Bir neçə ildən sonra həmin uşaqlar “Kəpəz”in şərəfini qoruyacaq. Şəhərdə böyük futbol olmasa, yeni gənc nəsil yetişməyəcək. Gəncədə isə həmişə istedadlı uşaqlar olub və indi də var. Sizə başqa bir nümunə çəkmək istəyirəm. “Sumqayıt” yeni yaranan illərdə daim aşağı pillələrdə yer alırdı. Hətta bir mövsüm komanda sonuncu pilləni tutduğuna görə elitanı tərk etməli idi. Ancaq AFFA rəhbərliyi kluba güzəşt etdi və premyer-liqada çıxışını davam etdirməsinə şərait yaratdı. Həmin vaxt güzəşt olunmasaydı, bu gün premyer-liqada hamının sevə-sevə izlədiyi, ancaq yerli futbolçulardan qurulan “Sumqayıt”ı görə bilməzdik. Komanda pillə-pillə inkişaf etdi və artıq Avroliqaya vəsiqə uğrunda mübarizə aparır. Deməyim odu ki, “Kəpəz”ə mümkün güzəşt də bir neçə ildən sonra bəhrəsini verəcək. Mən buna əminəm”.
Gəncə futbolunun tanınmış simalarından biri, “Kəpəz”də Yunis Hüseynovun köməkçisi olan Vidadi Rzayev də Mahmud Qurbanovla eyni fikirdədi: “Bu il müxtəlif səbəblərdən - indi bu haqda danışmaq istəmirəm – “Kəpəz”in çıxışı uğursuz alındı. Ancaq elitada qalsaq, azarkeşlər 2018/19 mövsümündə tam başqa komanda görəcək. Məncə, Gəncə kimi böyük şəhəri təmsil edən komandaya güzəşt olunmalıdı. Ölkədə futbolun coğrafiyası genişlənməli, bölgə təmsilçilərinin sayı artmalıdı. “Kəpəz”i aşağı göndərib, əvəzinə premyer-liqaya daha bir Bakı klubunu gətirmək Azərbaycan futboluna heç nə verməyəcək. “Kəpəz” elitada tək Gəncəni yox, bütün qərb bölgəsini təmsil edir. Ətraf rayonlarda yaşayan futbolsevərlər də komandanın oyunlarını izləmək üçün stadiona gəlir. Özünüz də görmüsüz ki, “Kəpəz”in ev oyunlarında minimum 6 min azarkeş olur. Bundan başqa, qərb bölgəsində yetişən istedadlı gənclər üçün “Kəpəz” bir stimuldu. Onlar düşünürlər ki, elitaya, miliiyə gedən yol “Kəpəz”dən keçir. Komandanın elitada qalmasını əsaslandıra biləcək yetərincə səbəb deyə bilərəm. Ona görə də məncə, “Kəpəz”ə daha bir şans verilməlidi”.
RƏŞAD