Asiya Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Aprelin 17-də A qrupunda sonuncu – 6-cı turun oyunları keçirilib. Bunadək qrupda qalması rəsmiləşən “Traktorsazi”nin evdə “Əl-Qarafa”yla görüşdə elit turnirin qapısını bərk çırpmaq arzusu puça çıxıb. Halbuki “Səhənd” stadionunda hesabı təbrizlilər açıb. 31-ci dəqiqədə Məhəmməd İranpuryan penaltini qola çevirib. Ancaq soydaşlarımız son 20 dəqiqədə şok yaşayıb. Əvvəlcə 70-ci dəqiqədə Moayad Hassan “status-kvo”nu bərpa edib. 6 dəqiqə sonra Əbdüləziz Hatəm Qətər təmsilçisini hesabda önə çıxarıb. 87-ci dəqiqədə isə Mehdi Taremi təbrizlilərin bütün ümidlərini qıraraq, qarşılaşmada son nöqtəni qoyub – 3:1. Beləliklə, “qurdlar” ÇL-lə qələbəsiz vidalaşıb. Qrupun Əbu-Dabidə keçirilən “Əl-Cəzirə” (BƏƏ) – “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) matçında da qonaqlar sevinən tərəf olub – 2:1.
1. Əl-Əhli 6 4 2 0 9-4 14
2. Əl-Cəzirə 6 2 2 2 9-9 8
3. Əl-Qarafa 6 2 2 2 12-9 8
4. TRAKTORSAZİ 6 0 2 4 2-10 2