Fotoqraf isə AFFA-nın işçisi olacaq
Ötən sayımızda yayda Rusiyada keçiriləcək dünya çempionatına üç azərbaycanlı jurnalistin yollanacağını xəbər vermişdik. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məsələylə bağlı ətraflı məlumat versə də, həmin üç şəxsin kimliyini açıqlamamışdı. Bunu isə FİFA-dan yekun qərar məktubunun gəlməməsi ilə əlaqələndirmişdi.
Firuz bəy adları gizli saxlamağı üstün tutsa da, şəxsi əlaqə vasitələrimiz hesabına ölkəmizi DÇ-də təmsil edənlərin adlarını öyrənə bildik. Biri sabiq voleybolçudu. Vaxtilə “CBC Sport”da çalışsa da, hazırda 1news.az saytının idman bölməsində fəaliyyət göstərir – Fəridə Rəsulova. Digəri Rusiyada yaşayan həmyerlimizdi. Fərid Əkbərov “APA Holdinq”in Rusiya üzrə müxbiri hesab olunsa da, mundialı işıqlandırmaq üçün apasport.az saytının əməkdaşı kimi qeydiyyatdan keçib. Fotoqrafa gəlincə, idman mətbuatında çalışan şəkil çəkənlərdən heç biri məsələylə bağlı quruma rəsmi müraciət etmədiyindən, AFFA-nın təcrübəli fotoqrafı Qənbər Cəlilov Rusiyaya yollanmaq imkanı qazanıb.
Adlardan göründüyü kimi, nə Fəridə Rəsulova, nə də Fərid Əkbərov sırf futbol yazarıdı. Stadionlarda yalnız Fəridə xanımın üzünü, o da nadir hallarda - beynəlxalq oyunlar zamanı görürük. Əkbərovun futbol yazarlığıyla yaxından-uzaqdan əlaqəsi yoxdu. Qənbər Cəlilovu isə az qala hər gün görürük.
Əlbəttə, xoşagələn hal deyil. Amma bir məsələ var. Tutaq ki, FİFA ölkəmizə 3 yox, 10 yer ayırsaydı, bu sayda jurnalist özünün, yaxud çalışdığı müəssisənin hesabına Rusiyaya yollanıb, üç həftə orda məskunlaşıb qidalana bilərdimi? Bir də otel və qida qiymətlərinin kəllə-çarxa qalxacağı vaxtda.
HƏBİB