Mövsümün ilk yarısını “Qəbələ“də keçirən Endi Hallidey Şotlandiya mətbuatına açıqlama verib. İcarə əsasında “qırmızı-qaralar”ın şərəfini qoruyan 27 yaşlı yarımmüdafiəçi Roman Qriqorçukun komandasında meydana az çıxdığından optimal formasından uzaq düşdüyünü bildirib: “Nə “Reyncers”də, nə də “Qəbələ”də oynadığım yerdən şikayətçi olmuşam. “Reyncers”ə yenidən qayıdacağımı bilirdim. Ancaq uğursuz icarə dönəmindən sonra burda hər matçda daha çox meydanda qalmağı istəməyə haqqım yoxdu. Yenə də hadisələrin axarından məmnunam. Baş məşqçi ilə söhbət etmişəm. O da kollektivdən bir qədər geri qaldığımı bilir. Artıq bəzi matçlarda iştirak şansım olub. Açığı, heç vaxt yarımmüdafiənin mərkəzində oynamamışdım. Ancaq “bu mənim mövqeyim deyil” deyib, kənarda oturmaram. İstənilən yerdə oynamağa hazıram. “Midlsbro”da bir neçə mövqedə çıxış etmişəm. Bir sözlə, universal olmağım əladı, komandaya fərqli mövqelərdə kömək edə bilirəm. Heç vaxt deməmişəm ki, mütləq burda oynamalıyam”.
Hallidey ötən yay “Qəbələ”yə yollanmasını “Reyncers”in sabiq baş məşqçisi Pedro Çaixinya ilə əlaqələndirib. Yarımmüdafiəçi portuqaliyalı mütəxəssislə münasibətlərinin korlandığını vurğulayıb: “Pedronun vaxtında “Reyncers”də gələcəyimin olmadığını bilirdim. O, burda mənim üçün hər şeyi çətinləşdirirdi. Şotlandiyada qalmağın mənasız olduğunu gördüm və başa düşdüm ki, vəziyyəti dəyişmək üçün icarəyə getmək ən optimal variantdı. Düşünmürəm ki, portuqaliyalı çalışdırıcı mənə nifrət edirdi. Sadəcə, bir-birimizi başa düşmürdük. Mənə bu klubda gələcəyimin olmadığını demişdi. O anda ən yaxşı variant sərfəli təklif aldığım “Qəbələ”yə yollanmaq idi”.
Xatırldaq ki, Hallidey icarə əsasında cari mövsümün sonuna kimi “Qəbələ”nin şərəfinin qorumalı olsa da, qış fasiləsində yenidən Şotlandiya təmsilçisinə dönməyə qərar verib.
RƏŞAD hazırladı