Aqolli: “Hadisələrin necə cərəyan edəcəyi bilinmir”
Srağagün “Qarabağ” iki yoxlama oyunu keçirdi. Əvvəlcə “Şkupi” (Makedoniya) ilə üz-üzə gələn “köhlən atlar” daha sonra “Mariupol”la (Ukrayna) qarşılaşdılar. İlk görüşdə hesab açılmadısa, ikinci matç məhsuldar alındı. Həmin oyunda ukraynalılar 3:2 hesablı qələbə qazandı. Qarşılaşmadan sonra “Mariupol”un baş məşqçisi Aleksandr Babiç klub saytına açıqlama verib. O həm nəticədən, həm də oyundan razı qaldığını deyib: “Bu qarşılaşma üçün əsas vəzifəmiz oyun təcrübəsi qazanmaq, həmçinin ikinci zonada müdafiənin üzərində çalışmaq idi. İlk yarıda təşəbbüsü bütünlüklə rəqibə verdik və tam olaraq qarşıya qoyduğumuz vəzifə üzərində işlədik. Müdafiədə çox oynadıq və düzgün yerdəyişmələr gerçəkləşdirdik. İkinci hissədə bir az irəlidə oynayıb, rəqibi səhvə yol verməyə məcbur etdik. Belə matçlar çempionata daha keyfiyyətli hazırlaşmaq üçün lazımdı. Təbii ki, hazırda nəticə ilk sırada deyil. Lakin belə yükləmələr fonunda güclü rəqib üzərində əzmkar qələbə qazanmaq xoşdu”.
Məlum olduğu kimi, Ansi Aqolli “Şkupi” və “Mariupol”la qarşılaşmalarda iştirak etmədi. Alban müdafiəçi şəxsi işləri ilə bağlı ölkəsinə yollanmışdı. Aqolli Albaniyada olduğu müddətdə yerli mətbuata müsahibə verib. O öz ölkəsinin, eləcə də bizim yığmanın Millətlər Liqasındakı şansı haqda da fikirlərini bölüşüb.
- Millətlər Liqası yeni turnirdi. Bunu AÇ-2020 üçün yeni şans saymaq olar?
- Bu turnir həqiqətən də çox yaxşı imkan deməkdi. Avropa çempionatının final mərhələsinə vəsiqə əldə etmək üçün əlavə şansdı.
- Sözügedən yarış Albaniya millisinin Avropa çempionatına çıxmaq şansını artırır?
- Eyforiyaya qapılmaq hələ tezdi. İlk növbədə komandanın oyunlar vaxtı hansı formada olacağı böyük önəm daşıyır.
- Albaniya millisinin yer aldığı qrupu necə dəyərləndirirsiz?
- Qrupumuzda Şotlandiya kimi komanda var ki, onlara qarşı fiziki cəhətdən çətinlik çəkəcəyik. İsraillə son seçmə mərhələdə eyni qrupda oynadığımızdan, yaxşı tanıyırıq. Hər şey ola bilər. Amma mən yaxşısına ümid edirəm. Niyə də birinci yeri tutmayaq? Bu bizim əsas məqsədimiz olacaq.
- Yeri gəlmişkən, Millətlər Liqasında Azərbaycan və Kosovo eyni qrupa düşüb. Azərbaycanın əksər oyunçuları ilə yanaşı, baş məşqçi də sizinlə eyni klubda – “Qarabağ”dadı. Püşkatmadan sonra Qurban Qurbanov nə dedi?
- Mən onunla hələ danışmamışam. Çünki püşkatma vaxtı Qurbanov İsveçrədəydi. Amma belə görürəm ki, “Qarabağ”ın oyunçuları püşkün nəticəsinə sevinirlər. Çünki onlar daha güclü qrupa düşəcəklərini fikirləşirdilər. Mənim fikrimcə, bu, çox balanslaşmış qrupdu və ordakı komandaların oyun üslubu arasında böyük fərq var. Bu qrupla bağlı bütün suallar hələ açıq qalır.
- Azərbaycan yığması haqda nə deyə bilərsən?
- Azərbaycanı yaxşı tanıyıram. Çünki bu komandanın oyunçularının çoxu “Qarabağ”ın üzvüdü. Mən də uzun illər “Qarabağ”da oynadığımdan, onların keyfiyyətinə bələdəm. Bir daha qeyd edim ki, bu qrupda hadisələrin necə cərəyan edəcəyi bilinmir və hər şey mümkündü.
- Qrupun favoriti kimdi: Kosovo, yoxsa Azərbaycan?
- Bunu deyə bilmərəm. Çünki komandaların həmin vaxtkı durumlarını görmək lazımdı. Millətlər Liqasının başlamasına hələ bir neçə ay var. Yığmaların həmin müddətdə hansı durumda olacaqları önəmlidi. 8 ilə yaxındı Azərbaycandayam. Bilirəm ki, bu komanda yaxşı keyfiyyətlərə malikdi və inkişaf etməkdədi. Buna baxmayaraq, Kosovonun də kifayət qədər yaxşı komanda olduğunu deməliyəm. Onların Avropanın nüfuzlu liqalarında çıxış edən, güclü futbolçuları var. Bu səbəbdən də indidən proqnoz vermək çətindi.
FARİZ hazırladı