13 avq 12:58aktual

Ramil Quliyevi iki ölkənin prezidenti təbrik etdi

Ramil Quliyevi iki ölkənin prezidenti təbrik etdi
“Azərbaycan bayrağı ilə dövrə vurmağı arzulayırdım”
Ramil Quliyevin 200 metr məsafəyə qaçışda dünya çempionu olması dünən gündəmi silkələdi. Siyasətçidən tutmuş sıravi idmansevərədək hər kəs bu mövzunu çək-çevir etdi. Yenə hərə öz baxış bucağını ortaya qoydu. Fakt budu ki, təyin olunmuş məsafəni 20,09 saniyə qaçmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxan sprinter 100 milyona yaxın insanı (Türkiyə və Azərbaycan) sevindirib. Futbol idmanın kralıdısa, atletika kraliçasıdı. Belə elit idman növündə çox az ölkə dünya çempionu yetişdirə bilir. Xüsusən də söhbət qısa məsafələrə qaçışdan gedirsə. Əsasən Yamayka və Amerika sprinterlərinin hegemonluq etdiyi kateqoriyalarda indiyədək bu idman növündə böyüklər arasında bir DÇ medalçısı belə olmayan ölkədən çıxmış birisinin fəxri kürsünün ən yüksək pilləsinə qalxması əsl sensasiya idi. Bu təkcə bizim üçün yox, həm də Türkiyə üçün böyük uğur sayılır. Məsələ burasındadı ki, idman ənənələri bizdən qat-qat zəngin olan qardaş ölkə heç vaxt atletikada dünya çempionu yetişdirməmişdi. Ramil dünya çempionu olmaqla 2 ölkənin idman tarixinə adını qızıl hərflərlə yazdırdı. Quliyevin uğuru həm də ona görə gözlənilməzdi ki, o tarixdə bu kateqoriyada dünya çempionu olmuş 2-ci ağdərili sprinterdi.
Quliyev adına köynəklər satışda
Türkiyə 2011-ci ildən vətəndaşı olan həmyerlimizin bu uğurunu böyük nailiyyət kimi qiymətləndirir. “Fənərbaxça”nın isə sevincinin həddi-hüdudu yoxdu. Axı, Ramil məhz bu klubun idmançısıdı. “Fənər” Quliyevin uğuruna biganə qalmayaraq dərhal onun adının və şəklinin həkk olunduğu köynəklər tikdirərək satışa buraxıb.
“Azərbaycan bayrağı ilə dövrə vurmağı arzulayırdım”
Çempion qələbə qazandıqdan sonra TRT-nin əməkdaşına bunları deyib: “Mənim üçün inanılmaz yarış oldu. Bir il boyunca bu uğura imza atacağıma inanırdım. Ən böyük arzularımdan birinə çatdım. İnşallah, Olimpiadada da medal qazanaram. Useyn Boltla yarışmaq istərdim. Ancaq o bu kateqoriyada çıxış etmədi. İndi sıra bizdədi. İnşallah, daha da yaxşı olar. Azərbaycan bayrağı ilə dövrə vurmağı arzulayırdım. Bu arzumu da gerçəkləşdirdim. Finalda gərgin mübarizə getdi. Demək olar ki, bütün iştirakçılar bir-birinə çox yaxın qaçdı. Çünki hamı yarışa hazır idi. Kim daha güclü oldusa, o da qalib gəldi. Mənə dəstək verənlərə minnətdarlığımı bildirirəm. Sevinirəm ki, hamını şad etdim”.
Quliyev ertəsi gün başqa mətbu orqana verdiyi açıqlamada qələbəsini 2010-cu ildə dünyasını dəyişmiş atasının ruhuna ithaf etdiyini deyib.
Prezidentlər təbrik etdi
Quliyev dünya çempionu olduqdan az sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “tvitter”də idmançını təbrik edib: “Atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanaraq hamımızı qürurlandıran Ramil Quliyevi ürəkdən təbrik edirəm”. Ərdoğan həm də Ramilə zəng edərək təbrikini çatdırıb.
Dünən isə gözlənilmədən İlham Əliyev həmyerlimizə təbrik məktubu göndərib. Məktubda bunlar yazılıb: “Əziz Ramil. İlk növbədə səni atletika üzrə dünya çempionu adını qazanmağın münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldı ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan. Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan. Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdü. Biz Azərbaycanda səninlə fəxr edirik. Sənə idmanda yeni qələbələr arzulayıram”.
Əziz Yıldırım: “Ona bu yarışda qazandığından daha çoxunu verəcəyik”
Quliyevin şərəfini qoruduğu “Fənərbaxça” təbrik mesajı da yayınlayıb: “Türkiyəyə atletika üzrə dünya çempionatları tarixində ilk qızıl medalı qazandıraraq ölkəmizi və camiəmizi qürurlandıran idmançımız Ramil Quliyevi təbrik edir, uğurlarının davamlı olmasını diləyirik. Onun Türkiyə vətəndaşı olmasında başda Türkiyə Gənclik və İdman Nazirliyi və Azərbaycan Cümhuriyyəti rəsmiləri olmaqla əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk”.
Bu klubun başqanı Əziz Yıldırım isə “Fənərbaxça” TV-yə bunları deyib:
“Fənərbaxça” camiəsinə, Türkiyəyə xeyirli olsun. Ramilin uğuru basketbolda Avropa çempionu olan komandamızın uğrundan daha da üstündü. Çünkü burda fərdi mübarizədən söhbət gedir. Ramilin bura gəlməsində Fikrət Çətinkayanın büyük əməyi var. Bununla yanaşı, gənclik və idman naziri Mehmet Baykanın bu işdə rolunu da danmaq olmaz. Çünki Quliyev Azərbaycandan bura gələndə onun Türkiyə vətəndaşı olması üçün uzun bir proses həyata keçirilib. Burdan Azərbaycan dövlətinə də təşəkkür edirəm. Quliyev bu gün iki dövlət, tək millətin övladı kimi qaçaraq bizi qürurlandırıb. Həm Türkiyənin, həm də “Fənərbaxça”nın adını dünyada məşhurlaşdırdı. Ramil bu çıxışıyla Türkiyənin dünya atletikasında da var olduğunu isbatladı. Bu insanları dəstəkləmək lazımdı ki, bu uğurların ardı gəlsin. Ramil bundan əvvəl 100 metr məsafəyə qaçışda 10 saniyədən tez məsafəni tamamlayan 3-cü ağdərili idmançı olmuşdu. Burdan onu təbrik edirəm. Bu idmançıya həm maddi, həm də mənəvi mənada daha çox dəstək verməliyik. Ona bu yarışda qazandığından daha çoxunu verəcəyik. Dövlətdən də bu addımı atmasını gözləyirik. Bu axşam sevincimdən ağlayacaqdım. Çox qürur duyuram. İnşallah, başqa idmançılarımız da belə uğur qazanar”.
Ramil ölkəni necə və niyə tərk etdi?
1990-cı il mayın 29-da Bakıda dünyaya gələn Ramil uşaq yaşlarında müxtəlif idman növləriylə məşğul olsa da, sonradan qaçışa meyillənib. İlk şəxsi məşqçisi atası Eldar Quliyev olub. Peşəkar karyerasına start verdikdən sonra isə Oleq Muxinlə çalışmağa başlayıb. Ramil müxtəlif məsafələr üzrə qaçışlarda iştirak etsə də, ən sevimli məsafəsi 200 metrdi. İlk ciddi uğurunu 16 yaşında məhz bu məsafədə yeniyetmər arasında dünya ikincisi olmaqla əldə edib. İki il sonra Pekin Olimpiadasında debüt edən Quliyev ilk mərhələni uğurla adlasa da, yarımfinalda büdrəyib. Bir il sonra atletika tariximizdə ilk dəfə dünya çempionatının finalına yüksəlməklə potensialını ortaya qoyub. Dünya atletikasının canlı əfsanəsi Useyn Boltla birgə start xəttinə çıxan həmyerlimiz 7-ci yeri tutub. Cəmi 19 yaşında mundialın finalına yüksəlməsi bir çox ölkələrin diqqət mərkəzinə düşməsiylə nəticələnib. Ona Rusiya və Qətər kimi ölkələrdən təklif gəlsə də, Ramil Türkiyə variantına üstünlük verib. Bunda Azərbaycan Atletika Federasiyasıyla (AAF) yaranmış problemlər rolunu oynayıb.
2011-in aprelindən Quliyev qardaş ölkənin vətəndaşlığını daşıyır. Türkiyə Atletika Federasiyasının AAF-la apardığı danışıqlar bir fayda vermədi. Nəticədə Ramil 3 il gözləmə müddətini keçmək məcburiyyətində qaldı. Bu isə London Olimpiadasını buraxmasına səbəb oldu. Ruhdan düşməyən sprinter 2015-dən etibarən nəticələrini yaxşılaşdırmağa başladı. Həmin il 200 metri 19,88 saniyəyə qaçmaqla şəxsi rekorduna imza atdı. Bir il sonra dünya çempionatının finalında qaçan sprinterin mayda Bakı Olimpiya Stadionunda iki dəfə Türkiyənin himnini səsləndirməsi taleyin acı ironiyası idi. Ramil İslamiadada çətinlik çəkmədən 100 və 200 metr məsafəyə qaçışda qızıl medal qazandı. Bütün umu-küsülərə baxmayaraq, dünya çempionu olduqdan sonra üçrəngli bayrağımıza sarılması Quliyevə “satqın” damğasını yapışdıranların üzünü qızartdı.
Quliyev qayıtmaq üçün şərt irəli sürmüşdü
“Futbol+” 2011-dən Ramilin gedişinin səbəbləri üzərində silsilə araşdırma yazıları qələmə alıb. Quliyev və atasıyla intriqa yaşayan AAF rəsmisi Mehdi Nağıyevin də, yığmanın baş məşqçisi Məhərrəm Sultanzadənin də, “Fənərbaxça”nın atletika şöbəsinin rəhbəri Fikrət Çətinkayanın da fikirlərini öyrənib, diqqətinizə çatdırmışdıq. Ancaq ən önəmlisi həmin il yanvarın 29-da işıq üzü görən sayımızda Ramilin özündən aldığımız müsahibə idi. Quliyevin söylədiklərinin qısa xülasəsi belə idi: “AAF tərəfindən istənilən şərait yaradılmırdı. Qazandığım uğurlardan sonra 10-a yaxın ölkə məni öz millisində görmək istəyirdi. Gözəl şərait yaradacaqlarını söyləyirdilər. Mən də AAF-dan belə şərtlər gözləyirdim. Amma onlar mənə “bir az gözlə, hər şey yaxşı olacaq” deyirdi. Beləcə məni 2 il yola verdilər. Vəziyyətin dəyişmədiyini görüb getmək qərarına gəldim. Mənə qarşı elə təzyiqlər olurdu ki, atamın da bu üzdən vəfat etməsi təbiidi. Deyirdilər ki, “heç bir yerə gedə bilməzsən. Hara getsən, səni İnterpola verib geri qaytaracağıq”. Təbii, mən də belə şəraitdə orda qala bilməzdim. Yenidən ölkəmə qayıda bilərəm. Ancaq bir şərtim var: federasiya prezidentindən tutmuş baş məşqçiyə kimi dəyişilməlidi”.
Çingiz Hüseynzadə cavab verəcək
Bu arada məlumunuz olsun ki, Ramilin ölkəni tərk etməsinin səbəbkarlarından biri, vaxtilə ona “fərari” damğası vuran Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Çingiz Hüseynzadə mətbuat konfransı keçirəcək. AAF-ın yaydığı xəbərə görə, qurumun rəhbəri Londonda dünya çempionu tituluna yiyələnən Ramil Quliyevlə bağlı məsələlərə aydınlıq gətiriləcək. Tədbir avqustun 15-də saat 14.00-da Milli Olimpiya Komitəsinin inzibati binasında başlayacaq.
O tək deyil...
İndiyə kimi müxtəlif ölkələrdə uğur qazanmış idmançılarımız çox olub. Onların bir neçəsini xatırlamağa dəyər:
* İdman gimnastı Valeri Belenki 1992-də Olimpiadanın qalibi olduqdan sonra Almaniyaya üz tutub. Buna qədər SSRİ yığmasında 3 dəfə dünya çempionu olan Valeri Vladimiroviç Almaniya millisinin tərkibində DÇ-nin bürünc və AÇ-nin gümüş medalını qazanıb.
* Yunan-Roma güləşçisi Kamandar Məcidov gürcüstanlı soydaşımızdı. Başkeçiddən Bakıya gələrək bir neçə il yaşayan idmançı 1983-dən Belarusda yaşayır. İkiqat dünya, üçqat Avropa çempionu olan Məcidov 1988-də Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
* Natiq Bağırov 1987-ci ildə Belarusa köçüb. Elə o vaxtdan həmin ölkənin bayrağı altında iki idman növündə böyük uğurlara imza atıb. SSRİ dağıldıqdan sonra samboda 2 dəfə dünya, 4 dəfə isə Avropa çempionu olubsa, cüdoda DÇ və AÇ-də 2 dəfə “bürünc”ü boyundan asıb.
* SSRİ zamanında olimpiya və dünya çempionu olan İlqar Məmmədov imperiya dağıldıqdan sonra Rusiyada qalmağa üstünlük verdi. Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun oğlu Atlanta Olimpiadasının qalibi olmaqla yanaşı, 1 dəfə dünya çempionatında gümüş medal qazanıb.
* SSRİ dağıldıqdan sonra Türkiyəyə yollanan boksçu Malik Bəyləroğlu 1996-da Olimpiadanın gümüş medalını boynundan asıb. Buna qədər qardaş ölkənin heç bir boksçusu Olimpiya Oyunlarında finala yüksəlməmişdi.
* Ağası Məmmədov 2003-də ilk dünya çempionumuz kimi adını boks tariximizə yazıb. O, buna qədər bir müddət Türkiyə millisinin şərəfini qoruyub. Yüngülçəkili əlcək ustası qardaş ölkənin bayrağı altında Avropa çempionu (2000) və DÇ-nin gümüş medalçısı (2001) olub.
* SSRİ dağıldıqdan sonra Türkiyəyə üz tutan idmançılarımızdan biri də Hafiz Süleymanov olub. Ağır atlet qardaş ölkəyə DÇ-nin 3 gümüş, AÇ-nin isə 2 qızıl medalını qazandırıb.
* 2013-ün sonlarında ölkəmizi yığmanın sabiq çalışdırıcısı Zlatan Vanevlə yaranmış problemlərə görə tərk edən Nicat Rəhimov Qazaxıstan yığmasında tarix yazdı. 2015-də dünya çempionu olan ağır atlet Rio Olimpiadasında da fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Rəhimovun Braziliyada təkanlaqaldırmada öhdəsindən gəldiyi 214 kq-ın dünya rekordu olduğunu da xatırladaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar