Çempionatın formatı rəhbərliyi çətinə salıb
Pandemiya səbəbindən bu ilin martından ölkə ərazisində keçirilən bütün idman tədbirlərinə qadağa qoyulub. Nə açıq havada keçirilən yarışların təşkilinə icazə verilir, nə də qapalı məkanlarda. Bir ara Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah karantin rejiminin yumşalması ilə bağlı müəyyən addımlar atdı ki, bu da idmansevərlərin, o cümlədən futbol azarkeşlərinin qəlbində müəyyən ümid çırağının yanmasına səbəb oldu. Açıq məkanda məşqlərə icazə veriləndə isə artıq bir çoxlarında “nəhayət, futbol görəcəyik” fikri formalaşdı. Ancaq təəssüf ki, məhz yumşalmadan sonra yoluxma sayının artması Operativ Qərargahı daha radikal addımlar atmağa məcbur etdi. Bunun da nəticəsi kimi AFFA İcraiyyə Komitəsinin iyunun 18-də keçirilən toplantısında premyer-liqanın ləğvi ilə bağlı qərar qəbul olundu. Tarixə “pandemiya mövsümü” kimi düşən 2020-də premyer-liqa sona 8 tur qalmış erkən dayandırıldı.
Ancaq nədənsə böyük futbolın qarşısında “qırmızı işıq yandıran” İK üzvləri sözügedən iclasda futzalın məsələsinə toxunmağı lazım bilmədilər. Halbuki indiki durumda ilk növbədə qapalı məkanda oynanılan futzalla bağlı qərar verilməliydi. Ancaq verilmədi və Zaur Axundovun rəhbərlik etdiyi federasiyanın təşkil etdiyi çempionatın taleyi hələ də qeyri-müəyyəndi. Sonsuzluğun nə vaxta kimi davam edəcəyini, federasiyanın sonrakı addımının nə olacağını bilmək çox maraqlıdı maraqlıdı.
Qeyd etdiyimiz suallara cavab tapmaq üçün Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədovla əlaqə saxladıq. Mahal bəy UEFA-dan cavab gözlədiklərini bildirdi: “Biz də mövsümü yekunlaşdırmaq istəyirik. Sadəcə, bizə problem yaradan yüksək liqada çempionatın pley-off formatında keçirilməsidi. Federasiya olaraq, AFFA-ya müraciət etmişik. Onlar öz növbəsində UEFA ilə məsləhətləsəcəklər ki, bu formatda hansı qərar optimal hesab olunar. Çünki dairəvi sistem olsaydı, çətinliyimiz olmazdı. Premyer-liqada olduğu kimi, turnir cədvəlinə uyğun çempionu elan edərdik. İndi cavabı gözləyirik. Bundan başqa, həm də elə qərar verilməlidi ki, sabah çempion elan olunan klub avrokuboklara gedəndə problem yaranmasın. Əslində əvvəl ən azı pley-off oyunlarını keçirmək haqda dusunurduk. Ancaq karantin rejiminin sərtləşdirilməsi, idman zallarının bağlı saxlanılması buna imkan vermədi”.
RƏŞAD