Rusiya Futbol İttifaqının birinci divizionla bağlı məlum qərarından sonra (çempionata 27-ci turdan sonra yekun vuruldu – H.) “Rotor”la “Ximki”nin növbəti mövsümdə premyer-liqada çıxış edəcəyi dəqiqləşdi. Azərbaycanlı futbolsevərlər bunu xoş xəbər kimi qəbul edə bilər. Niyə? Çünki “Ximki”nin heyətində Kamran Əliyev ad-soyadlı həmyerlimiz çıxış edir.
Bu ad bizə yaxşı tanışdı. Rəşad Sadıqov U-21-ə rəhbərlik etdiyi dönəmdə Bakıda doğulan, lakin futbolun sirlərinə Rusiyada yiyələnən Kamran gənclər yığmasının formasını geymişdi. Gürcüstan və Makedoniya ilə yoldaşlıq görüşlərində şans qazanmış, makedonların qapısına yol tapmışdı. Lakin sonradan ayağı kəsildi, bir də vətəndə görünmədi.
Kamranın Rusiyadakı çıxışını araşdırmaq üçün internet qaynaqlarında kiçik “gəzinti” etdik və olduqca maraqlı məlumatlarla qarşılaşdıq. Bəribaşdan qeyd edək ki, 1998-ci il oktyabrın 15-də dünyaya gələn hücumçu Ximki təmsilçisinin aparıcı üzvlərindən sayılır. Əvvəl İqor Şalimov, sonradan onun yerinə keçən Sergey Yuran 27 oyunun 25-də azərbaycanlı balasına güvənib. Kamran da etimadı artıqlaması ilə doğruldub. Belə ki, 25 matçda 1291 dəqiqə forma geyməklə rəqib qapılarına 8 dəfə yol tapıb. Bu isə Əliyevin “Ximki”nin heyətində ən məhsuldar futbolçu olması deməkdi. “Luç” və “Mordoviya” ilə qarşılaşmalarda dublla yadda qalıbsa, “Şinnik” və “Spartak-2” ilə görüşlərdə komandasına qələbə qazandıran yeganə qolun müəllifi olub. Halbuki Ximki təmsilçisinin heyətində Kamrandan sonra ən çox qol vuran oyunçunun hesabında 5 top var.
İşin ən xoş tərəfi komandada Əliyevdən də təcrübəli və tanınmış futbolçuların olmasına baxmayaraq, “10 nömrə”ni başqasının yox, məhz həmyerlimizin kürəyində daşımasıdı. Son mövsümdəki məhsuldarlığı, yaşı və Rusiya pasportuna sahib olması Kamranın “elçilər”inin sayını artırıb. Mümkündü ki, o, növbəti mövsümü premyer-liqanın başqa təmsilçisinin heyətində keçirsin.
Bütün bunlara görə hər nə qədər sevinsək də, bir xəbərə üzülməmək mümkün deyil. Bir çoxları kimi, Kamran da gələcəyini Azərbaycan yox, Rusiya yığmasında görür. Səbəb sadədi: adam bu ilin əvvəlində “FNL kuboku” çərçivəsində baş tutan oyunlar zamanı Rusiyanın gənclər millisinin formasını geyib və sınaq matçlarında “Yenisey”, “Rotor”, eləcə də “Kamaz”a qarşı oynayıb. Ruslardan özünə etimad görən həmyerlimizin gözünü yaşadığı ölkənin əsas millisinə dikməsi başadüşüləndi. Odu ki, Azərbaycana gəlməkdə, yığmaların şərəfini qorumaqda maraqlı deyil.
HƏBİB