Timoşukun kumiri hansı alman futbolçudu?
Ukrayna futbolunun yetişdirdiyi ən tanınmış futbolçulardan biri olan Anatoli Timoşuk karyerası ərzində “Şaxtyor”, “Zenit” və “Bavariya” kimi klubların şərəfini qorumuşdu. Hazırda isə o, Sankt-Peterbuq təmsilçisində Sergey Semakın köməkçisi kimi çalışır. 41 yaşlı ukraynalı müsahibəsində “Zenit”də və “Bavariya”da keçirdiyi günləri yada salıb. O, piterlilərin Almaniya təmsilçisi üzərində qazandığı 4:0 hesablı qələbədən də bəhs edib.
- 2008-ci ildə UEFA kubokunun yarımfinal mərhələsində “Zenit” “Bavariya” üzərində yaddaqalan qələbə qazanmışdı. Siz isə sonradan Münhen təmsilçisinə yollandız. Bunu nəzərə alsaq, həmin qələbəni necə dəyərləndirmək olar?
- “Bavariya”da oynadığım dövrdə münhenli komanda yoldaşlarımla Sankt-Peterburqda keçirilən həmin oyunu xatırlayırdıq. “Zenit”ə qarşı matçda almanlar heç nə edə bilməmişdilər. Ayrı-ayrı futbolçularla bu haqda xeyli zarafat etdiyimi xatırlayıram. Unudulmaz qələbə qazandığımızı düşünürəm.
- Münhen təmsilçisinin oyunçuları zarafatlarınızı necə qəbul edirdilər?
- Əlbəttə, sözlərim bəzilərinin xətrinə dəyirdi. Amma heç nə edə bilmirdilər.
- Münhendə keçirilən ilk oyun 1:1 hesabıyla bitmişdi. Cavab görüşü ərəfəsində nə düşünürdüz?
- Bəli, səfərdə əldə etdiyimiz hesab heç nədən xəbər vermirdi. Yekun nəticənin necə olacağını bilmək mümkün deyildi. Amma 1:1 hesabı səfər matçları üçün arzuolunan sayılır. Yəni qələbə qazana bilmirsənsə, qollu heç-heçə etmək ən yaxşı variantdı. Bu səbəbdən Almaniyadan qənaətbəxş nəticəylə qayıtdığımızı düşünürəm. “Doğma divarlar” arasında isə vəziyyət dəyişir. Səfərdə qol vurulubsa, evdə 0:0 hesablı heç-heçəyə də oynamaq olar. Qapını toxunulmaz saxlamaq növbəti mərhələyə vəsiqə üçün kifayət edirdi. Aydın məsələdi ki, həmin gün meydana heç-heçə üçün çıxmamışdıq. Güclü rəqib üzərində qələbə qazanmaq istəyirdik. Bu səbəbdən oyun gərgin və maraqlı alındı. Tərəflər bir-birinə güzəştə getmək istəmirdi. Bu məqam oyunun baxımlılığına təsir edirdi. İlk dəqiqələrdə “Bavariya” qapımız qarşısında qol vəziyyəti yaratdı. Buna dərhal cavab verdik və hesabı açdıq. Qol özünəinamımıza təsir göstərdi. İlk dəqiqələrdə yaşananlar oyunun baxımlı keçəcəyindən xəbər verirdi. Qarşılaşma ətrafında möhtəşəm ajiotaj var idi. Hər şeyin yüksək səviyyədə olduğunu düşünürəm.
- Dik Advokaat oyundan əvvəl futbolçulara nə demişdi? Ən çox hansı nüanslara diqqət yetirməliydiz? Ümumiyyətlə, "Bavariya" kimi güclü rəqiblə matçda əlavə motivasiyaya ehtiyac duyurduz?
- Elə oyunlar var ki, məşqçinin oyunçuları əlavə motivə etməsinə ehtiyac yoxdu. O, sadəcə, paltardəyişmə otağında tapşırıqlarını verir. Rəqibin gücünü hamı bilir. Bu səbəbdən artıq sözlərə ehtiyac yoxdu. “Bavariya”ya qarşı oyundan əvvəl də oxşar mənzərə hökm sürürdü. Hollandiyalı mütəxəssisin kimisə motivə etməsinə ehtiyac qalmamışdı. Hamımız mübarizəyə hazır idik.
- Uşaqlıqda kumiriniz Lotar Matteus olub. “Bavariya”nı məğlub etməklə kumirinizin də diqqətini çəkməyə çalışırdız? Alman futboluna və Matteusa olan sevginiz barədə sizdən soruşmuşdular? Almaniyada bu haqda nə düşünürlər?
- Hamı qələbə qazanmaq istəyir. Bildiyiniz kimi, qoluma taxdığım kapitanlıq sarğılarından biri məhz Lotar Matteusa məxsus idi. Adətən, bu sarğını altdan salırdım. Almaniyanın nəhəng klublarından birinin Piterə səfər etməsi də qürurverici hadisə idi. Bütün futbolçular belə anlarda diqqət mərkəzində olmağa çalışırlar. Finala çıxmaq şansımız var idi. Bu şansdan maksimum istifadə etmək istəyirdik. Unudulmaz hisslər keçirirdik. 1/4 finalda “Bayer-04”ü mübarizədən kənarlaşdırmışdıq. Həmin vaxt leverkuzenlilər Almaniyanın güclü klublarından biri sayılırdı. “Bayer-04” bundesliqada yüksək yerlər uğrunda mübarizə aparırdı. Həmin qələbənin də xüsusi yeri var idi. Ümumiyyətlə, qrup mərhələsindən sonra çətin yol keçdiyimizi düşünürəm. Püşk bizi ağır rəqiblərlə üzləşdirdi. Məncə, həmin mövsüm ÇL səviyyəsində klublar üzərində qələbə qazanmışdıq.
- Həqiqətən “Zenit”in çətin rəqibləri var idi. Almaniya təmsilçiləriylə mübarizə aparmaq asan deyil. Amma siz bunun öhdəsindən gələ bildiz. Bunu necə bacardız?
- Həmişə bu fikri eşidirdik. Həqiqətən Almaniya klublarına qarşı oynamaq asan deyil. Bu məqam də motivasiyamıza təsir etmişdi. Rəqibə münasibətdən də çox şey asılıdı. Məncə, almanlar bizim təsadüfən irəlilədiyimizi düşünürdülər. Bu səbəbdən onların motivasiyası daha aşağı səviyyədə idi. Nəticədə bu məqam rəqiblərlə acı zarafat etdi. Biz isə matçlara fərqli tərzdə yanaşırdıq. Hər rəqibə hörmət edirdik. Motivasiyamıza isə söz ola bilməzdi. Həmin mövsümü əla keçirməyimizi bu məqamla əlaqələndirirəm.
- “Bavariya” üzərində qazanılan qələbədən sonra UEFA kubokunu qazandığınızı düşünürdüz?
- Bəli, buna bənzər hisslər var idi. Digər yarımfinalda “Fiorentina” ilə “Reyncers” qarşılaşmışdı. Təbii ki, İtaliya təmsilçisi daha güclü görünürdü. Bu səbəbdən finala şotlandların vəsiqə qazanmasını arzulayırdıq. Hər halda, “Reyncers”lə mübarizə aparmağın nisbətən asan olacağını düşünürdük. Əlbəttə, şotlandların da motivasiyasına və özünəinamına söz ola bilməzdi. Şotlandiya təmsilçiləri həmişə sona qədər mübarizə aparmağı xoşlayırlar. Amma “Reyncers”in finala vəsiqə əldə etməsi bizi sevindirmişdi. Adətən, həlledici oyunlar baxımlı alınmır. Çünki hər iki komandanın üzərində ciddi təzyiq olur. Bunu biz də başa düşürdük. Finalda bir səhv hər şeyi həll edə bilər. Heç kim risk etmək istəmir. Bu məqam oyunun baxımlılığına təsir edir.
- Karantində günlər necə keçir? Sanki evdə keçirdiyiniz günlərdən sonra işıldayırsız...
- Əsas günlərini arzuladığın ab-havada keçirməkdi. Səhər oyanıb idman edirəm. Daha sonra mütləq sevgilimlə nərd oynayıram. Axşam bunu bir daha təkrarlayırıq (gülür). Daha sonra ev işləriylə məşğul oluruq. Fürsət düşmüşkən onları həll etmək lazımdı. Axşam isə David Luislə onlayn məşq edirik. Onunla əlaqəmiz yarandı və artıq bir aydı birlikdə çalışırıq. O, Lukas adlı mütəxəssisin rəhbərliyi altında məşq edir.
- Braziliyalı oyunçudan söz düşmüşkən, o, adətən, müdafiənin mərkəzində çıxış edir. David Luisin kifayət qədər səhvləri var. Sizcə, o, yarımmüdafiədə oynasaydı, daha uğurlu olardı?
- O, ünsiyyətcil insandı. Bu səbəbdən qısa zamanda dostlaşdıq. Braziliyalı hamıya qarşı mehriban olmağa çalışır. Fikrimcə, Luis güclü futbolçudu. Xüsusən sol ayağına yaxşı hakimdi. Onu dünyanın ən yaxşı müdafiəçilərindən biri adlandırmaq olar. Bəli, hamı kimi o da səhvlər edir. Texniki cəhətdən güclü oyunçular bəzən riskə yol verirlər. Səhvlər bundan qaynaqlanır.
- “Bavariya”dan sabiq komanda yoldaşlarınızla danışırsız? Ən çox kiminlə ünsiyyət qurursuz?
- Riberi ilə yazışırıq. Bir müddət əvvəl Kloze mesaj göndərmişdi. “Zenit”in saytında “Bavariya” ilə oyundan şəkil paylaşmışdılar. Bir epizodda Kloze ilə mübarizə aparırdıq. Həmin oyunla bağlı zarafatlaşmışdıq. Yəqin ki Kloze “Bavariya”nın baş məşqçisi Flikin yardımçısı olacaq. Hərdən Noyerə və Alabaya da yazıram.
- Riberi “Bavariya”da oynadığı dövrdə nələr edirdi?
- Fransalı oyunçu çox fəal idi. Bir dəfə yemək masası ətrafında zarafatlaşmağa başladıq. Bir-birimizə salfet atırdıq. O, tənbəllik etməyib məndən qaçmağa çalışırdı. Əvvəlcə ikinci mərtəbəyə, daha sonra isə paltardəyişmə otağına qaçmışdı. Dinamik oyunçu idi.
ELZAMİN hazırladı