PFL-in yersiz məlumatına nə ehtiyac var idi?
Aprelin 27-də PFL-in rəsmi saytında yerləşdirilən məlumat futbol ailəsi üçün aydın səmada şimşək effekti verdi. O gündən sosial şəbəkələrdə əməlli-başlı canlanma yarandı. Artıq hər kəs çempionatın mayın 23-də bərpa olunacağını iddia edir, gələcəklə bağlı planları götür-qoy edirdi. Çünki həmin məlumatda “yuxarıdan xəbər sızıb” qoxusu vardı.
Lakin Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənki toplantısından və çıxardığı qərarlardan sonra futbol ictimaiyyətinin ümidləri növbəti dəfə puç oldu. Bir neçə qadağanın aradan qaldırılmasına baxmayaraq, həmin qaydalar arasında idman qurğularının və oyunlarının aqibəti ilə bağlı bir cümlə belə yoxdu. Bu isə o deməkdi ki, idman oyunları ilə bağlı qərar dəyişməyib. Yəni premyer-liqa təmsilçilərinin mayın 4-5-dən məşqlərə başlayacağı, çempionatın mayın 23-də davam edəcəyi ilə bağlı gözləntilər doğrulmayacaq.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun toplantıdan sonra jurnalistlər üçün keçirdiyi brifinqdə dedikləri ilə tanış olaq: “Kütləvi tədbirlərlə bağlı qərar qüvvədə qalır. Bu sahədə açılım yoxdu. Növbəti mərhələdə necə olacağı vəziyyətdən asılıdı”.
Qeyd edək ki, ölkə ərazisində karantin rejimi mayın 31-nə qədər uzadılıb. Yəni bu müddətdə paytaxtdakı alış-veriş mərkəzlərinin, kafe-restoranların, məktəblərin, həmçinin idman qurğularının fəaliyyətinə qoyulan qadağa qüvvədə qalacaq.
Bəs belə vəziyyətdə PFL rəhbərliyi nə etməyi düşünür? Bərpası mayın 23-nə planlaşdırılan premyer-liqanın aqibəti necə olacaq? Çempionat qaldığı yerdə başa çatdırılacaq, yoxsa növbəti dəfə gözləmə mövqeyi tutmaq lazım gələcək? Bu və başqa sualları PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevə ünvanlamaq istəyirdik ki, görək alacağımız cavab nə olacaq. Şahgəldiyevin cavabı belə oldu: “Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatı ilə tanış olsam da, futbolla bağlı mövzuda məlumatım yoxdu. Çünki qərar yeni qəbul olunub. Bunun üçünsə futbol başbilənləri yenidən müzakirələr aparmalı, gələcəklə bağlı qərarlar qəbul olunmalıdı. Odu ki, indiki halda məndə sizə veriləcək tutarlı cavab yoxdu. Qarşıdakı günlərdə müzakirələrin nəticəsi kimi hansısa qərar açılansa, ictimaiyyətə bilgi veriləcək”.
Aslan bəyə “karantin rejiminin aradan qaldırılıb-qaldırılmayacağı məlum deyildisə, ayın 27-də o boyda məlumat yaymağın nə mənası vardı” sualına aldığımız cavab isə həmkarımızın susması oldu. “Susmaq razılıq əlamətidi” deyiblər. Qurumun rəhbəri Ramin Musayev isə zəngimizə cavab vermədi ki, ondan izahat alaq.
PFL yaydığı həmin məlumatla hər nə qədər qayğıkeş, futbolsevərlərin marağını düşünüb narahatlıq keçirən qurum kimi görünsə də, yetərincə qeyri-peşəkar davranış idi. Lap dəqiq desək, bunun adı insanların hissləri ilə oynamaqdı. Ay qardaş, karantinlə bağlı yeni məlumat əldə etməmiş o basabasda çempionat haqda xəbər yaymağın nə mənası vardı? Aprelin 27-nə qədər gözləmişdin, 4 gün də səbr edib yeni bilgi vermək bu qədərmi çətin idi? İndi heç kim deməyə söz, verməyə cavab tapmır. Gizlənməyin nə adı var? Biriniz çıxıb cavab verin, görək premyer-liqanın aqibəti necə olacaq?
Görünən odu ki, çempionatın bərpası maya təsadüf etməyəcək. Hətta mayın 11-dən sonra xüsusi karantin rejimində müəyyən güzəştlər edilsə, idman qurğularından istifadəyə icazə verilsə belə, 21-ci turun startı üçün iyunu gözləməli olacağıq. Ondan sonra necə olacaq - bax, maraqlısı budu. Hər halda, AFFA və PFL rəhbərlərinin ümumi müzakirələrindən sonra veriləcək qərarı gözləyək.
HƏBİB