Koronavirus epidemiyası üzündən bütün dünyada olduğu kimi, Türkiyə çempionatında da məcburi fasilə yaranıb və mövsümün nə vaxt davam etdiriləcəyini heç kim bilmir. Fasilə yaranana qədər superliqada 26 tur arxada qalmışdı. “Trabzonspor” və “İstanbul BŞ” 53 xalla 1-2-ci yerləri bölüşür. Qaradənizlilər topların daha yaxşı fərqinə görə zirvədə qərarlaşıblar.
Son 10 ilin statistikasına nəzər salsaq, görərik ki, trabzonluların çempionluq şansı yetərincə yüksəkdi. Belə ki, 2009-cu ildən bəri 26-cı turu zirvədə bitirən klublardan yalnız biri çempion ola bilməyib! Bu hadisə ötən mövsümə təsadüf etmişdi. 2018/19-da başakşəhərlilər 26-cı turda nəinki lider idi, komanda hətta ən yaxın izləyicisi “Qalatasaray”ı 6 xal qabaqlayırdı. Amma bu cür mənzərədən sonra vəziyyət elə dəyişdi ki, “Qalatasaray” hətta sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirdi. Amma qalan 9 mövsümün hər birində 26-cı turu zirvədə bitirən kollektiv çempion olub. Bir qədər də irəli getsək, ortaya daha maraqlı statistika çıxır. Belə ki, XXI əsrdə 26-cı turu ilk iki pillədə başa vura bilməyən klublardan heç biri çempion olmayib. Bu ənənə bu mövsüm də davam etsə, belə çıxır ki, ya “Trabzonspor” 36 illik həsrətə son qoyacaq, ya da “İstanbul BŞ” tarixində bir ilkə imza ataraq Türkiyə futbolunda çempionluq sevinci yaşayan 6-cı fərqli klub olacaq.