Arena sırf futbol üçün nəzərdə tutulub
Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda yenidənqurma işləri davam edir. Xatırladaq ki, ölkə başçısının sərəncamı ilə adını çəkdiyimiz arenanı yeni, müasir standartlara cavab verən duruma gətirmək üçün büdcədən ilkin olaraq 5 milyon manat ayrılıb.
Artıq üç aya yaxındı “Mehdi Hüseynzadə”yə ağır texnika yeridilib. Arenanın əvvəlki görkəmindən əsər-əlamət qalmayıb. Tribunalar, inzibati bina və meydan tam sökülüb. Meydanın yerində isə torpaqdan uca təpə yaranıb ki, bəzən stadionun yanından keçənlər “deyəsən, burda futbol arenası yox, başqa nəsə yaradacaqlar” düşünürlər.
İki gün öncə əraziyə baş çəkib, görülən işlərlə tanış olmaq istədik. Əvvəlcə onu qeyd edək ki, stadionu yenidən quran şirkətin əməkdaşları bizi stadiona buraxmaq istəmədilər. Və fikirlərini də belə əsaslandırdılar ki, rəhbərlik ərazidə yoxdu. Hansı vəzifəni daşıdığını bilmədiyimiz şəxslərdən biri “rəhbərliyin icazəsi olmadan sizi əraziyə buraxsaq, işimizdən ola bilərik. Yəqin siz də istəməzsiz ki, biz problemlə üzləşək. Siz yaxşı olar ki, onlar burda olanda gələsiz”, - deyə söylədi. Kiminsə çörəyinə bais olmaq istmədiyimizdən kənardan dayanıb, bir müddət texnikanın işini, fəhlələrin hansı işləri gördüyünü müşahidə edirdik ki, rəislərdən (şərti olaraq belə yazdıq. Əslində həmin adamın kim olduğunu bilmədik) biri bizə yaxınlaşıb nədən yazmaq istədiyimiz soruşdu və onu da əlavə etdi ki, qatı futbol azarkeşi olduğundan stadionda işləmək özü üçün də xoşdu. Fürsətdən istifadə edib tikinti sahəsində çalışan, eyni zamanda “futbol xəstəsi” olan qardaşımızdan stadionla bağlı müəyyən məlumat əldə etməyə çalışdıq. Söhbətə yenilənmiş “Mehdi Hüseynzadə”nin tutumundan başladıq. Xatırladaq ki, ilk vaxtlar stadionunun 16 min azarkeşə qucaq açacağı bildirilsə də, sonradan müxtəlif rəqəmlər səslənməyə başladı. Gah 12, gah da 10 min oturcağın quraşdırılacağı ilə bağlı mediada xəbərlər yayıldı. Şirkət əməkdaşı bunları bildirdi: “Bu stadion bir növ “Bakcell Arena”nı xatırladacaq. Ancaq Bakıdakı stadiondan fərqli, “Mehdi Hüseynzadə”nin azarkeş tutumunun 9600 olması nəzərdə tutulub. İlkin layihədə meydanın kənarında qaçış zolağının salınması da planlaşdırılmışdı. Lakin qərara alındı ki, sırf futbol arenası olsun. Yəni burda yüngül atletika üçün heç nə olmayacaq”.
İlkin layihədə stadionun ərazisində otel, cüdo, boks, başqa idman növləri üçün zalların, hovuzun da tikintisi nəzərdə tutulmuşdu. Bundan başqa, ərazidə əlavə inzibati binaların olacağı da planlaşdırılmışdı. Ancaq deyəsən, bütün bunlar ixtisara düşüb. Bunu tikinti şirkətinin əməkdaşının söylədiklərindən hiss etdik: “İşə başlamamış bir neçə layihə var idi. Ola bilsin, siz onların hansınısa görmüsüz. İndi bizim əlimizdə fərqli layihədi və ona uyğun da işlər aparılır. Bu layihədə nə hovuz, nə də otel nəzərdə tutulub. 4 tribunalı arenada inzibati binanın əvvəlki yerində olması planlaşdırılıb. Səhv etmirəmsə, 4 mərtəbədən ibarətdi. Həmin binada fitnes, paltardəyişmə, həkim, hakimlər və bəzi bu tip yardımçı otaqlar olacaq. Əlavə binalar isə inşa olunmayacaq. Artıq drenaj sistemi yekunlaşmaq üzrədi, bəzi yerlərə beton da tökülüb. İnanırıq ki, stadionu deyilən vaxtda təhvil verə biləcəyik. Hava şəraiti imkan versə, bu ilin sonuna kimi bütün işlər yekunlaşacaq”.
RƏŞAD