“Neftçi” PFK-ya aid “feysbuk” səhifəsində martın 15-də “tarixdə bu gün” həştəqi ilə paylaşılan şəkil müəyyən çaşqınlığa səbəb olub. Belə ki, 1937-ci il martın 15-də SSRİ çempionatının əsasnaməsinin Bakıya göndərildiyini əsas götürən bəziləri paytaxt klubunun məhz martda yaradıldığını düşünürlər. Təbii ki, belə deyil. Adı martın 15-də imzalanan əsasnamədə göstərilən komandanın bundan ən azı iki ay əvvəl yarandığı gün kimi aydındı. Klubun sabiq mətbuat katibi Anar Şabanoğlu da bu məsələyə biganə qalmayıb: “Son illər martın 18-ni "Neftçi"nin yarandığı gün kimi cəmiyyətə sırımaq, klubun tarixi haqda məlumatsız insanları, azarkeşləri, gəncləri aldatmaq istəyirlər. Tarixi saxtalaşdırırlar! Faktlar isə bunun tam əksini göstərir və klubun martın 18-dən əvvəl yarandığını sübut edir.
Klubun martın 18-də yaranması haqda heç bir sənəd-sübut yoxdu. 1937-ci il martın 15-də SSRİ bədən tərbiyəsi və idman komitəsinin sədri İvan Xarçenkonun imzası ilə paytaxt klubuna göndərilən əsasnamədə komandamızın adını görürük. Məntiqlə martın 18-də yaranan klubun adı martın 15-də təsdiqlənmiş (bəlkə də daha əvvəl, sadəcə, həmin gün əsasnamə teleqramla Bakıya göndərilib) çempionatın əsasnaməsində ola bilməz! Deməli, "Neftçi" nəinki martın 18-dən, hətta martın 15-dən, yəni həmin əsasnamə Bakıya göndərilən gündən daha əvvəl yaranıb!
Bu haqda "Neftçi” - 70" kitabında da ətraflı bəhs olunur. Kitabda "Neftçi"nin "Leninneft"də çıxış edən futbolçulardan yeni təşkil olunmuş komanda kimi qeydə alındığı və bu hadisənin yanvarda baş verdiyi yazılır.
Yəni "Neftçi" 1937-ci ilin YANVAR ayında yaranıb! O zaman nədən yaranış günü kimi deyək ki, yanvarın 19-nu yox, martın 18-ni qeyd etməliyik?! Ən azı illər sonra həmin gün "Neftçi" "Pünik" üzərində Azərbaycan futbol tarixinin ən möhtəşəm qələbəsini qazanıb!
Bəs martın 18-də nə olub? Heç nə! Bu tarixi yaranma günü kimi təqdim etmək ilk dəfə kimin ağlına gəlib - bilmirəm. Amma çox uğursuz, məntiqsiz və həqiqəti əks etdirməyən fikirdi, 83 illik bir klubun tarixini ələ salmaqdı...”