Qədirovun “Qalatasaray”a keçidinə Aydın İbrahimov imkan verməyib
Qəzetimizin ötən sayında dərc olunan “30 il əvvəl, məhz bu gün” sərlövhəli yazıda “Neftçi”nin Türkiyəyə 1990-cı ilin yanvarındakı yarımçıq səfərinə, 2:2 bitən oyuna qısaca toxunmuşduq. Adətən, Azərbaycan və Türkiyə futbolu, “Qalatasaray” ilə “Neftçi” arasındakı müqayisələrdə daim toxunulan, az qala məhək daşı sayılan bu oyunla bağlı geniş danışmağın vaxtıdı.
Mədəniyyət + futbol
Xatırladaq ki, bu, “Neftçi”nin Türkiyəyə ilk yox, 2-ci səfəri idi. “Ağ-qaralar” hələ 1987-nin yanvarında Bakı ilə qardaşlaşmış şəhər olan İzmirə yollanmış, orda keçirdiyi yoldaşlıq oyunlarından birincisində “Altay”a 1:3 uduzmuş, ikincisində yeganə qolla qalib gəlmişdi. Budəfəki səfərə özəllik qatan məqam İstanbulda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində gerçəkləşməsiydi. Yəni səfərə çıxanlar arasında mədəniyyət və incəsənət xadimləri, sənətçilər də var idi. Yanvarın 12-də qonşu ölkəyə yollanan, xərclərini Türk Dünyası Araşdırmaları Vəqfinin ödəyəcəyi “Neftçi” 14 gün orda qalmalı, “Cim-Bom”la yanaşı, “anlaşma saxlandığı təqdirdə” (ifadəni Türkiyə qəzetlərindən götürmüşəm) başqa klublarla da qarşılaşmalı idi. Qonşu ölkədə yetərincə isti münasibət görən, hətta Atatürkün Ankaradakı qəbrini ziyarət etməyə də imkan tapan “Neftçi” həvəslə “Qalatasaray”la oyuna hazırlaşırdı. Düzünə qalsa, həmin vaxt futbol müxtəlif səbəblərdən artıq respublikada gözdən düşməkdə idi. Əvvəla, “Neftçi” 1988-ci ildə növbəti dəfə elita ilə vidalaşmış, SSRİ çempionatının 1-ci dəstəsində də 1989 mövsümündə elə inamlı təsir bağışlamamışdı ki, futbolsevərlər komandanın yenidən güclülər dəstəsinə qayıdacağına inansın. İkincisi, Qarabağ münaqişəsi qızışmaqda, respublikanın ictimai-siyasi həyatı qaynamaqda idi. Hər halda, klub prezidenti Aydın İbrahimov, rəisi Çingiz İsmayılov və baş məşqçi Ruslan Abdullayevin rəhbərliyi altında qonşu ölkəyə bu heyət yollanmışdı: Cəmaləddin Əliyev, Arif Əsədov, Tərlan Əhmədov, Vidadi Rzayev, Vəli Qasımov, Rasim Abuşov, Arzu Mirzəyev, Ərani Beydiyev, Yunis Hüseynov, Nazim Süleymanov, Musa Qurbanov, Vladislav Qədirov, Səttar Əliyev, Əsgər Abdullayev, Zöhrab Qədiyev, Samir Ələkbərov, Elşad Tahirov, Yuri Yesaulov, Vaqif Şirinov, Vitali Alxazov.
Arzu qovuldu, “Cim-Bom” qurtuldu
Açığı, yanvarın 17-də “Əli Sami Yen”də keçirilən həmin oyunun protokolunu hələ ki əldə edə bilməmişik. Sadəcə, 2016-da Türkiyənin “Radikal” qəzetində yer alan “Neftçi”nin rəqibi “Qalatasaray”ın əsas yox, 3-cü heyəti olub” iddiası adamı bəzi məqamlara işıq salmağa məcbur edir. Bunu açıq demək lazımdı ki, indi adı gurultulu səslənsə də, onda hələ gələcəyin güclü komandası formalaşmaqda idi. “Cim-Bom” 88-də çempion olsa da, ardından 4 mövsüm “Fənər”lə “Beşiktaş”ın hegemonluğuyla barışmışdı. “Qalatasaray”ın 1989/90 mövsümü üçün heyətində Cüneyt Tanman, Bülənt Korkmaz, Tuqay Kərimoğlu, Prekazi, Tanju Çolak kimi adlar var idi. Xüsusən də 1986-88 aralığında ardıcıl üç il bombardir olan Çolak məlum görüşdə “Neftçi”yə qarşı oynayıb. Həmin mövsüm yanvarın 13-14-də keçirilən oyunlarla Türkiyə çempionatında birinci dövrəyə yekun vurulib. Komandalar bir də fevralın 4-də meydana çıxıblar. Yəni məntiqlə aparıcı futbolçuların “Neftçi”nin önünə çıxması yolunda hansısa maneə olmayıb. Türkiyəli həmkarlarımız Büləntin meydana çıxmamasını xüsusi vurğulayır və bunu da əlavə edirlər: “Baxmayaraq ki, həmin vaxt klubun futbol şöbəsinin rəhbəri olmuş Ərgün Gürsoy ABŞ-a yollanmamışdan öncə komandadan oyuna əsas heyətlə çıxmasını istəyib”.
Oyunun axarına gəlincə, meydanda istisnasız dostluq ab-havasının hökm sürdüyünü demək çətindi. Əlbəttə, hesab sülhdən xəbər verir. Amma ən müxtəlif qaynaqlarda yazılanlara inansaq, Samir Ələkbərovla Vladislav Qədirovun vurduğu qollar meydan sahiblərini qəzəbləndirib, hesab 2:1 bakılıların xeyrinə olarkən isə türk hakimin ofsaydı qeydə alınmamasına sərt şəkildə etiraz edən Arzu Mirzəyev qovulub və “Qalatasaray” son dəqiqələrdə bərabərlik qolunu vurub.
Samir Ələkbərov elə həmin 2016-da verdiyi açıqlamada Çolakın meydanda olduğunu bildirməklə yanaşı, türklərin əvəzedici heyətlə oynadığını etiraf etmişdi. Amma bir daha vurğulayıram ki, əlimizdə protokol olmadan bu yöndə mülahizə yürütmək çətindi.
Bəs sonra nə oldu?
14 günlük səfərdən daha bir neçə oyun keçirmək imkanı kimi yararlanmağa çalışan “Neftçi”nin planını 20 Yanvar faciəsi əngəlləyir. Texnoloji yeniliklər indiki qədər inkişaf etməsə də, Bakıda soydaşlarının gülləyə tutulması xəbərini eşidən futbolçular səfəri yarımçıq qoyaraq vətənə dönürlər. Təyyarə ilə qayıtmalı olan komanda avtobus variantını seçir və Trabzondan keçməklə geri qayıdır. Komanda üzvləri Bakıya çatan kimi Şəhidlər Xiyabanın ziyarət edərək, xalqın kədərinə şərik olurlar. Bakıda hələ qəzetlər işıq üzü görməsə də, futbolçuların davranışı Türkiyə mediasında əks-səda doğurur, “Milliyət” xəbəri oxucularına “Futbolçu gəldilər, əsgər döndülər” sərlövhəsi ilə çatdırır.
...Vladislav Qədirovun “Qalatasaray” söhbəti
Bu səfərlə bağlı daha bir maraqlı detal var ki, onu da 2017-nin iyununda “Sportlayn” saytına müsahibə verən Vladislav Qədirov açıqlamışdı: “Tanjudan başqa Tuqay Kərimoğlunu da xatırlayıram. Sonradan xeyli məşhurlaşdı, İngiltərəyə getdi. Bizə qarşı oynayanda gənc idi. Sözün düzü, biz “Qalatasaray”ı o qədər də yaxşı tanımırdıq. Əlaqələr indiki kimi geniş deyildi. Səhv etmirəmsə, ilk qolu mən vurdum. Daha sonra Samir Ələkbərov fərqləndi. Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, mənim vurduğum qol xüsusilə baxımlı alındı. 90-cı dəqiqəyədək hesabda 2:1 öndə idik. Azlıqda oynayırdıq. Hakim türklər cavab qolunu vurana qədər vaxtı uzatdı və sonda qapımıza penalti verdi (gülür). Amma bu oyunda nəticə elə də vacib deyildi. Çalışırdıq ki, dostluq ab-havasına xələl gəlməsin. Yaxşı əhval-ruhiyyədə idik. Bakıdan gələn qara xəbər hər şeyi korladı. Digər görüşlər ləğv olundu. “Neftçi” Bakıya yollandı, mən isə İstanbulda qaldım. Çünki əvvəlcədən belə planlaşdırılmışdı ki, 14 günlük toplanış olacaq və mən ordan SSRİ-nin Olimpiya yığmasının heyətinə yollanacam. Mənim üçün bilet də alınmışdı, ordan Moskvaya getməliydim. Biz Barselonada keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşırdıq. Komanda gedəndən sonra mən bir neçə gün oteldə tək qaldım. Yanıma “Qalatasaray”ın rəhbərliyi gəldi, bildirdilər ki, oyunumu bəyəniblər. Konkret təklif etdilər ki, heç yerə getməyim, İstanbulda qalım və “Qalatasaray”la müqavilə imzalayım. Onda “Neftçi” güclülər dəstəsini tərk etmişdi. Rəhbərlik komandanın qarşısına hədəf qoymuşdu ki, qarşıdakı mövsümdə yaxşı çıxış edək və elitaya qayıdaq. Onlara bunu bildirdim, eyni zamanda qeyd etdim ki, SSRİ yığmasının üzvüyəm, Olimpiadaya hazırlaşıram. “Neftçi”dən getsəm, məni yığmaya çağırmazlar. Türklər əminliklə bildirdilər ki, bütün sənədlərimi qaydasına salacaqlar və Türkiyə millisinin əsas heyətində də heç bir problem olmadan oynayacağam. Sözsüz, təkbaşına qərar verə bilməzdim, onlara klub rəhbərliyi ilə danışıq aparmağı məsləhət gördüm. Özüm isə biletimə uyğun olaraq Moskvaya yollandım. “Qalatasaray” rəsmiləri inadından dönmədi. Məni özləri ilə aparmaq üçün Bakıya gəldilər. “Neftçi”nin bazasında Aydın İbrahimovla görüşdülər. Transfer üçün yaxşı məbləğdə pul da təklif edirdilər. İbrahimov onlara bildirdi ki, komanda güclülər dəstəsinə yüksələnə qədər heç bir futbolçunu buraxmağa ixtiyarı yoxdu. Türkiyədən gələnlərə bir mövsüm gözləmək təklif olundu. Aydın müəllimin planına görə, mən “Neftçi”nin elitaya qayıtmasına kömək etməliydim, bundan sonra “Qalatasaray”a keçidimə icazə verəcəkdi. Futbolda bəxt amili çox vacibdi. Həmin vaxt bəxtim gətirmədi, yolumu bağladılar. “Qalatasaray”a keçməklə irəliyə doğru addım atacaqdım. Özü də 90-cı illərin əvvəllərində orda futbol sürətlə inkişaf edirdi. “Qalatasaray”a qol vurandan sonra İstanbulda gəzərkən məni tanıyırdılar, maraqla yanaşırdılar. Qismət olmadı ki, özümü “Qalatasaray”da göstərim. Biz oyun səviyyəsində onları qabaqlayırdıq”.
...Vəssalam. Dünən, amma 30 il əvvəl keçirilən oyun haqda hələlik əlimizdə olan bilgi budu. Amma heç şübhəsiz, bütün suallara cavab tapmaq üçün həmin oyunun protokolunu də əldə etməyə çalışacağıq.
HUŞƏNG