Qurban Qurbanov radikal qərarlar verməlidi
“Qarabağ”ın qrupda qalması bu dəfə daha geniş müzakirələrə səbəb oldu. Əslində səbəb bəllidi: qrupdakı rəqiblərin səviyyəsi gözləntilərin böyük olmasına əsas yaradırdı. “Sevilya”nı bir kənara qoysaq, başqaları ilə nəinki oynaya bilərdik, hətta favorit də sayılırdıq. Bunun üçün əlimizdə əsaslar da var. Təmsilçimizin təcrübəsi, ardıcıl avrokubokların qrup mərhələsində olmağımız və sair kimi amillər gözləntilərin əsas səbəbidi. Əslində gözləntilər heç də komandanı “yükləmək” deyil. Ölkə futbolu üçün inanılması çətin olan uğurlar qazanan bir komandadan APOEL-i, “Dudelanj”ı üstələməyi gözləməyə haqqımız var. Bu haqqı da “Qarabağ”ı özü yaradıb. Məhz “Qarabağ” bizi illərdi adını eşitdiyimiz nəhənglərlə yaxından tanış edib, televizordan elə tükləri biz-biz edən o məşhur himni qulağımızın yanında səsləndirib. Bunlar əsla şablon yanaşma deyil. Təmiz, hisslərdən uzaq, soyuqqanlı düşünə bilən hər adamın gəldiyi qənaətdi. Ancaq nə edəsən ki, hər şeydə olduğu kimi, futbolda da dünən yoxdu. Sənin dünən Avropanın böyük komandaları ilə necə oynamağın, bataqlıq ölkə futbolunda açan tək çiçək olmağın bir anda unudulur. Və sən bu gün məşhur mahnıda da deyildiyi kimi, dərdlərinlə baş-başa qalırsan.
Əslində biz bütün işlərə lap əvvəldən səhv yanaşırıq. Məsələn, dünənə kimi “Qarabağ”ın baş məşqçisinə QURBAN olanlar bu gün onu QURBAN edirlər. Əslində isə nə quban olmaq, nə də qurban etmək lazımdı. İki oyunda dağ başına qoyulan adam üçüncü oyunda həmin yüksəklikdən aşağı atılmaz. Təbii ki, Qurban bəy iki oyuna görə dağ başına qoyulmamışdı. Ancaq hazırda o yüksəlikdən aşağı atılır. Axı ona “qurtarıcı hoca” adını siz vermişdiz. Bəs indi nə oldu? Təbii ki, söhbət sizin onu tənqid etməyinizdən getmir. Bir anda tək problemin Qurbanov olduğuna işarə verməyinizdən gedir. Yenə deyirəm, Qurban bəyi tənqid etmək olar. Az sonra mən özüm də tənqid edəcəm. Siz də görəcəksiz ki, nəyi, necə tənqid edirlər. Hələlik başqa məsələlər var. Bu gün sosial şəbəkələrdə israrla Qriqorçukun, Böyükağa Hacıyevin şəkillərini paylaşıb harasa göndərmələr edirlər. “Müəllimlər”, Qriqorçuk da, Hacıyev də ölkədə çalışmış ən yaxşılardan idi. Heç kim onların əziyyətini yerə vura bilməz. Ancaq siz hələ də başa düşməmisiz ki, onlar Qurbanovun gördüyü işin 30 faizini görməyiblər. Bunu bilməcəyək qədər futbol cahilisizsə, sözüm sizə deyil. Ancaq bilərəkdən ürək bulandırırsızsa, milçək olduğunuzu demək istəyirəm. Əslində sözüm azarkeşlərə deyil. Axı onlar hər şeyə hissləri ilə yanaşa bilərlər. Ancaq idman adamlarının bəzi paylaşımları adamı dəhşətə gətirir. Onlar bəlkə də Qurban Qurbanovun inanclı biri olduğunu bildikləri üçün belə edirlər. Belə ki, dində Musa peyğəmbərin dənizi yardığı, İsanın ölüləri diriltdiyi kimi, Qurbanovun da həmişə möcüzə edə biləcəyini düşünürlər.
Ümumiyyətlə, futbolda bütün komandaların eniş deyilən dövrü olur. Bundan hətta yüzmilyonlarla büdcəsi olan nəhəng klublar da qaça bilmirlər. Bəzən onların aldığı nəticələr dünya gündəmini zəbt edir. Ancaq bu gün ədalətli yanaşsaq, “Qarabağ”da enişindən söhbət gedə bilərmi? Bu komanda hər il olan uğurunu bu mövsüm də təkrarladı. Bəli, inkişaf yoxdu. Bu həqiqətdi. Çünki inkişaf irəli gedəndə deyə biləcəyimiz bir sözdü. Yerində qalmaqla inkişaf olmur. Yerində qalmaq deyəndə, söhbət ölkə çempionluğundan getmir, təbii ki, avrokuboklardakı nəticəni nəzərdə tuturam. Əslində hər gün geriyə addımlayan ölkə futbolunda hər il öz uğurunu təkrarlayıb avrokuboklara vəsiqə qazanmağın özü belə inkişafdı. Həm də çox böyük inkişaf! Ancaq yenə də bizim buna belə yanaşmağımız doğru olmaz. Maraqlı olan “Qarabağ”ın hər dəfə belə amansızca asılıb-kəsilməsidi. Bu, yalnız indi olmur. Əvvəlki illərdə də bu hal baş verib. Bir dəfə komanda ÇL-in pley-off oyunundakı nəticəsinə görə çox sərt tənqid olunurdu. Kənardan baxıb anlamağa çalışsam da, heç cür başa düşmürdüm. Çünki həmin vaxt pley-offun ilk oyunu uduzulmuşdu. Hələ qarşıda cavab oyunu olmasına baxmayaraq, hamı “köhlən atlar”ı “asıb-kəsirdi”. Hələ o zaman ağlıma gəlmişdi ki, Allah eləməmiş, sabah “Qarabağ”, ümumiyyətlə, qrupa düşə bilməsə, görəsən, nə olar? İnanın ki, dünyanı klubun başına yıxarlar. Yaxşı, nə qədər haqlıdılar? Əsas məsələ də budu.
Hazırda dünyanın ən yaxşı komandası “Liverpul”du. Yəqin ki, hamı mənimlə eyni fikirdə olar. Ancaq “qırmızlar” 2014/15 mövsümdə zar-zor vəsiqə qazandığı ÇL-in qrupundan çıxa bilməmişdi. Özü də baxın hansı qrupdan: “Real”, “Bazel” və “Ludoqorets”. Görürsüz? Bu gün bu komandaların heç biri “Liverpul”a rəqib ola bilməz. Ancaq nə edəsən ki, eniş qaçılmazdı. “Qarabağ” da bu gün qrupdan çıxa bilmədiyinə görə əsl hücuma məruz qalıb. Təsəvvür edin ki, bu komanda gələn il avrokuboklara vəsiqə qazana bilməsə, necə olacaq? Yəqin ki, bügunkü “hücumçular” o zaman da klubun bağlanmasını tələb edəcəklər. Çünki qeyri-futbol adamlarından nə desən, gözləmək olar.
Bəli, Qurbanovu da tənqid etmək olar. Yuxarıda dediyim kimi, mən də edəcəm. Əslində mən “Qarabağ”ın oyun anlayışını indi yox, son iki-üç ildi bəyənmirəm. Çünki ağdamlılar hələ də uğurların təməli qoyulan əvvəlki illərdəki kimi oynayır. Müasir futbol necə meydanda sürətlə oynanılırsa, o cür də dəyişir. Ancaq biz “Qarabağ”ın dəyişdiyini görmürük. “Köhlən atlar” hələ də Miçel, Qara, Almeyda “üçlüy”ünün ümidində qalıb. Burda problem adlarını çəkdiyim oyunçularda deyil. Onların ifasındakı oyun tərzindədi. Hələ də qısa ötürmələr, səbrli davranmaq və topa sahib olmağa üstünlük verən bir oyun tərzi. Bu, Qvardiola üslübudu. Ancaq həmin illər artıq çox geridə qaldı. “Qafqazın “Barselona”sı” ləqəbi olan komandamız həmin oyun tərzindən imtina etməlidi. Oyun üslubu mütləq dəyişməlidi. Müasir futbolda artıq müdafiəçi belə hücuma dəstək verir. Artıq bir komandanın ən böyük yükü cinah oyunçularındadı. Sürətli, dinamik və mütləq pressinq tətbiq edən bir komanda formalaşdırmaq lazımdı. Daha doğrusu, indiyə qədər lazım idi. Çünki artıq kifayət qədər vaxt keçib. Sanki bir ara Qurbanov buna cəhd etdi. Ancaq alındıra bilmədi deyə, Almeydayla Reynaldonu qaytarıb yenidən köhnə illərə döndü. Üstünə bir də Arazı əlavə etdi. Bax, əsl tənqid olunacaq məqam burasıdı. Niyə israr edilmədi? Dəyişən futbola ayaq uydurmaq lazım idi. Düzdü, buna müəyyən vaxt lazımdı. Ancaq mütləq edilməlidi. Biz illərdi eyni müdafiə xətti ilə oynaya bilmərik. Bunu futbol qəbul etmir. Artıq gedən getməli, qalanlarla da dəyişmək zamanıdı. Dəyişmiriksə, “şanssızlıq”, “top bizi sevmədi” kimi əcaib fikirlərlə özümüzü aldadacağıq. Bəli, bu məsələlər Qurban bəyin ayağına yazılır. Ancaq “asıb-kəsmək”, haqsızlıq etmək, yanıqlı qalıb pusquda gözləmək iş deyil. Çünki Qurbanov bunları bacara biləcək və bacaracaq bir mütəxəssisdi.
Və növbəti illər üçün ümid məsələsi. Qrupdan çıxa bilmədik və hamımız bir də belə şansın olmayacağını, artıq son ümidin də öldüyünü deyirik. Əsla belə deyil. Məgər “İnter”ə vurduğumuz, amma sayılmayan qolun ertəsi günü bu komandanın ÇL-də oynayacağına ümid var idi? Bəlkə ardıcıl 6 il avrokubokların qrup mərhələsinə qatılacağına inanırdıq? Heç ağlımıza belə gəlməzdi. Bu üzdən ağlınızı belə şeylərlə yormayın. Sizə təsəlli yox, ümid verirəm. Çünki təsəlli faciələrdən sonra olur. Ortada isə faciəvi heç nə yoxdu.
HƏSƏN