Törə Əhmədovaya “Əməkdar jurnalist” adı verilsin
Başqa ölkədə olsaydı, bu cür nəticələr göstərən, qrupda keçirdiyi 6 oyunda hesabına cəmi 1 xal yazdıran yığmanın sonuncu ev qarşılaşmasına heç 3-5 min adam gəlməzdi. Bizimkilər sağ olsunlar, ürəyi futbolla döyünənlər yenə yazıq günündə olan millini tək buraxmamışdılar. Protokolda rəqəm 8622 yazılsa da, fikrimcə, həmin gün “Bakcell Arena”da ən yaxşı halda 8 min adam vardı. Bunun da hardasa 1000-1200-ü uelslilər idi.
“Sən otur, o biriləri tapıb gətirəcəm”
Yaxşı ki, onlar var idi. İstər tribunalarda yaratdıqları görüntü baxımından, istərsə də oyundan əvvəl yaşananlara görə. Britaniyalılar tıxaca düşməmək, stadionun giriş qapılarında növbə gözləməmək üçün əsl Avropasayağı davranıb arenaya oyundan təxminən bir saat əvvəl təşrif buyurmuşdular. Sual yaranır: 1000-dən artıq fanat şəhərin mərkəzindən “8-ci kilometr”ə necə gəlmişdi? Dörd iri tutumlu avtobus idi ki, oturanlar və ayaqüstə duranlar daxil hərəsində azı 70-80 nəfər vardı. 10-12 nəfərlik kiçik mikroavtobuslar, metroda vaxt keçirməyi sevənlər və xeyli sayda “London taksiləri”. Taksi demişkən, həmin gün sürücülər üçün əsl bayram idi. Hal şahidi olan tanışlardan birinin dediyinə görə, bir qrup uelsli azarkeş taksilərin standart qiymətə - 20 manata gətirdiyini deyirmiş. Gündəlik normal qiymətdən təxminən 3 dəfə artıq. “Bakcell Arena”nı tərk edəndə də eyni üsuldan yararlandılar. Taksi sürücüləri bir-birini əzişdirməyə hazır imiş kimi qonaqlara “xüsusi xidmət” göstərirdilər. Hətta ortayaşlı sürücünün uelsliyə əl hərəkətləri ilə “sən otur, o biriləri də tapıb gətirəcəm” deməsi “Azərbaycanda rüşvət yoxdu” iddiası qədər gülməli idi.
Market sahiblərinin üzü gülürdü
Qazanan təkcə taksilər deyildi. Yaxınlıqdakı marketlər bayram edirdi. Açığı, “Bakcell Arena” istifadəyə veriləndən, yəni son 7 ildə “8-ci kilometr”ə bu qədər əcnəbi fanatın gəldiyini xatırlamıram. Nə yığma, nə də klub səviyyəsindəki oyunlarda 1000-dən artıq qonaq azarkeş olmamışdı. Odu ki, marketdə işləyənlərin gözləri kəllələrinə çıxmışdı. Britaniyalılar 1 manat 30 qəpiklik, uzaqbaşı 2 manatlıq yerli pivələri soyuducudan qucaq-qucaq daşıyırdılar. Kassalar önündə növbələr 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindəki çörək növbəsini xatırladırdı. Belə məqamda bir az ağlı və bicliyi olan azyaşlılar fürsəti əldən vermədilər. Marketlərdən tutaq ki, 1 manat 30 qəpiyə aldıqları pivəni 2 manata, 2 manata aldıqları pivəni 3 manata düz stadionun giriş qapıları önündə satırdılar. Onlar üçün 2-3 manat, bilirsiz, nədi? Ölkələrində tramvay və ya metroya verdikləri pul. Bizdəki 30-50 qəpik.
Qonaqların yelləncək, sürüşkən həvəsi
Spirtin hesabına kefini kökəldən, soyuq havada canlarını isidən uelslilər şərqilər oxuyur, müxtəlif şüarlar səsləndirməklə yaxınlıqdakı binalarda yaşayanların diqqətini çəkmiş olurdular. Aralarında uşaqlıq illərini yadına salmaq həvəsinə düşənlər də oldu ki, bir neçəsi azyaşlılar üçün hazırlanmış yelləncək və sürüşkənlərin “dadına baxıb”, həmin anı fotokameraların yaddaşına köçürdü. Bütün bunları hardasa başa düşmək olardı. Amma bəzi həmyerlilərimizin uelsli fanatlara yaxınlaşıb birgə şəkil çəkdirməyi xahiş etmələri – bax, bunun anlamı nə qədər düşünsəm də, qafama girmədi.
Himni belə oxuyarlar
Qonaqların tribunalarda yaratdıqları mənzərəyə isə nə əla demək olur, nə də mükəmməl. Elə bir görüntü vardı ki, ona ad vermək mümkün deyil. Qrup halında bir yerə toplaşan, ölkələrinin bayrağını və təmsil etdikləri fanklublarının adını məhəccərlərdən asan əsl futbol fanatları “Bakcell Arena”da “Emireyts”, nə bilim, “Enfild Road” ab-havası yaratmışdılar. 90 dəqiqə boyunca oturmağın nə olduğunu bilmədilər. Tükürpədici mənzərə isə Uelsin dövlət himni çalınanda gördüklərimiz idi. 1000 nəfərdən artıq tərəfdar himni elə uca səslə, elə sevgi və coşqu ilə oxudular ki, o səs bizim 30 min nəfərdən çıxmır. Oyunboyu mənasız şüarlarla diqqət çəkməkdənsə, susmağı üstün tutub ayrı-ayrı dəqiqələrdə varlıqlarını necə lazımdı göstərirdilər. Xüsusən də yığmalarının hücumu və qol vurduğu zaman.
Cavid yenə qoluzorlu rolunda
Oyunun kobud məcrada keçdiyini demək ədalətsizlik olar. Bizimkilər məğlubiyyətlə hələ oyundan əvvəl barışmışdısa, qonaqlar ilk hissədə vurduqları qollardan sonra özlərini Macarıstanla bugünkü oyun üçün qoruyurdular. Buna rəğmən, ara-sıra futbolçular arasında müəyyən çəkişmələr olurdu. Xüsusən də Uelsin heyətində qaradərili Rabbi Matondo oyuna qoşulandan sonra. Bir neçə dəfə bizimkiləri təxribata sürükləyən “22 nömrə” istəyinə çata bilməyincə, qarşısında sarı vərəqə görəndən sonra sakitləşdi. Son dəqiqələrdə Şəhriyarın rəqib futbolçuya qarşı aşkar kobudluq etməsi ilə bir anda ara qarışdı. Belədə qonaqların üzərinə yeriyən Şəhriyara Cavid də qoşuldu ki, hər ikisinin cəzası “sarı” oldu. Digər komanda yoldaşlarının araya girmələri ilə qarşıdurmanın qarşısı vaxtında alındı.
Beyli elə qoruyurdular ki...
Oyun başa çatan kimi məhəccərləri aşıb Qaret Beylə yaxınlaşmaq istəyən yeniyetmə dərhal polisin əlinə keçdi. “Real”ın ulduz futbolçusu bir müddət nə baş verdiyini anlamadığına görə yanındakılar vəziyyəti başa salandan sonra məsələdən hali oldu. Lakin həmin uşağın bacarmadığını başqası bacardı. Sürətlə meydanın mərkəzinə qaçan azarkeş Beylə yaxınlaşıb selfi etmək arzusunu artıqlaması ilə gerçəkləşdirdi. Polis onu da “zərərsizləşdirsə” də, artıq iş-işdən keçmişdi.
Bir qrup zərbaycanlı fanat isə Uelsin avtobusuna yaxınlaşmaq, qonaqlarla şəkil çəkdirmək üçün növbəyə durmuşdu. Lakin onların bu istəyi həyata keçmədi. Gücləndirilmiş iş rejimində çalışan polislər və mühafizəçilər qonaq futbolçuları hansısa ölkənin prezidentini mühafizə edirmiş kimi qoruyurdu. Odu ki, imkanları yalnız Beyli uzaqdan səsləyib, əl yelləməyə çatdı.
Törə Əhmədovaya “Əməkdar jurnalist” adı verilsin
Matç başa çatandan sonra AFFA-nın baş katibi Elxan Məmmədov biz jurnalistlərə müsahibə verməliydi. Hər halda, U-21-in Lixtenşteynlə görüşündən sonra Uelslə oyundan sonra danışacağını bildirmişdi. Çox güman, yığmanın qələbə qazanacağına inanırmış. Lakin milli üzvləri AFFA-nın ideoloqunun gümanıı alt-üst edincə, Məmmədov müsahibə vermək fikrindən daşındı. Çünki verilən suallar önündə dilinin topuq vuracağını yaxşı bilirdi. “Bakcell Arena”dan qaçmağın planları isə detektiv filmlərin ssenarisi kimi cızılmışdı.
Deməli, AFFA-nın əməkdaşı, eyni zamanda “Səbail”in mətbuat xidmətinin rəhbəri vəzifəsini yerinə yetirən Törə Əhmədova media mənsublarına yaxın mövqedə yer almalı, yanındakı mühafizəçilərə tanıdığı jurnalistləri göstərib, “onlar bu tərəfə keçməsin” tapşırığını verməliydi. Mühafizəçilər bizi göz bəbəyi kimi qorumalı, Elxan Məmmədov sakit şəkildə qapıdan çıxıb guya harasa tələsirmiş kimi xidməti avtomobilinə əyləşməliydi. Jurnalistlər Törə xanıma Məmmədovla müsahibənin vacibliyini bildirəndə, AFFA-nın əməkdaşı “bilirəm, aşağı düşsün, deyəcəm” cavabını verməli, baş katib aşağı düşəndə isə Əhmədova özünü görməzliyə vurmalıydı.
Bir sözlə, Törə Əhmədova ona verilən tapşırığın öhdəsindən gəldi. Çalışdığı “Səbail”dən xəbəri olmayan, bir məsələni dəqiqləşdirmək üçün saatlara ehtiyac duyan xanımın Elxan Məmmədov üçün bu cür canfəşanlıq etməsini alqışlamağa dəyər. Ümid edək ki, Əhmədova mətbuatdakı fəaliyyətinə görə olmasa da, patronunu necə lazımdı qoruduğu üçün ən qısa zamanda “Əməkdar jurnalist” adını alacaq.
HƏBİB