Bakıxanovdakı bazada isə yeni stadion tikilir
“Neftçi”nin Marketinq və Mətbuatla Əlaqələr Departamenti rəhbəri postuna Rüstəm Allahverdiyev təyin olunandan sonra sosial şəbəkələrdəki fəallıq göz önündədi. “Ağ-qaralar”ın “feysbuk” səhifəsi gündə bir neçə xəbərlə izləyicilərinin görüşünə gəlir, reklam çarxları yayınlanır, klubda görülən işlər mütəmadi azarkeşlərin diqqətinə çatdırılır.
Yeniliklərdən biri isə “Neftçi” TV-nin yaradılmasıdı. Hələ bir müddət əvvəl bununla bağlı xəbər verilmiş, klubun kanalının ən qısa zamanda istifadəyə veriləcəyi deyilmişdi. Lakin bu məsələdə hələ ki yenilik nəzərə çarpmır. Mövzunu diqqət mərkəzində saxladığımızdan Rüstəm Allahverdiyevlə əlaqə saxlayıb, son durumun nə yerdə olduğunu soruşduq: “Əvvəl də məlumat verdiyimiz kimi, studiya “Bakcell Arena”da yerləşəcək. Bu dəqiqə məhz TV məsələsinə görə stadiondan qayıdıram. Deyim ki, son tamamlama işləri gedir. Ortaya gözləmədiyimiz hansısa problem çıxmasa, sağlıq olsun, dekabrın sonlarında test yayınına başlayacağıq. Yayınlar sosial şəbəkə hesablarımız və “yutub” kanalı üzərindən olacaq. Klubun telekanalının tezliklə istifadəyə verilməsində bəlkə də hamıdan çox özümüz maraqlıyıq. Sadəcə, bir qədər vaxt aparan prosesdi deyə, müəyyən yubanmalar olur, olmaqdadı”.
Allahverdiyevlə əlaqə saxlamışkən bir başqa suala da cavab tapmağa çalışdıq. “Neftçi”nin Bakıxanovdakı təlim-məşq bazasının inşasına bir neçə il əvvəl – klubda əsas söz sahibi Elnur Məmmədov olanda başlanılmışdı. Jurnalistlər həmin yerə dəvət olunmuş, maket göstərilmiş, planlar haqda məlumat verilmişdi. Düzdü, çox keçmədən təbii örtüklü meydançalar istifadəyə verildi. Amma akademiyada futbolun sirlərini öyrənən gənclər və yeniyetmələr üçün tikilməli olan baza tipli binanın inşası hələ də yarımçıq qalıb. İki-üç il əvvəl durum necəydisə, bu gün də elədi. Rüstəm bəy bu yöndə hansı işlərin görüldüyünü diqqətə çatdırdı: “Bakıxanovdakı təlim-məşq bazasında işlər davam etməkdədi. Bildiyiniz kimi, təbii örtüklü üç qazon var. Bununla yanaşı, üstüqapalı bir süni örtüklü meydança da var idi. Həmin meydançanın yeri dəyişdirilir. Artıq əvvəlki yerdən götürülüb. Həmin yerdə isə 1000 nəfər azarkeş tutumu olan stadion tikilməkdədi. Stadionda əvəzedici komandamız və U-19 çempionatdakı ev oyunlarını keçirəcək. Örtüyü isə əvvəlki kimi sintetik olacaq. Sadəcə, bu dəfə müasir standartlara cavab verən örtük gətiriləcək. Onlar döşənən kimi tribunanın inşasına başlanacaq. Ən qısa zamanda, dekabra qədər həll olunmalıdı. Yeni ildən bütün yaş qruplarından ibarət komandalar məşqlərini Bakıxanovdakı bazada keçəcəklər.
O ki qaldı bazadakı binanın tikintisinə, bu yöndə yenilik yoxdu. Tikili yarımçıq qalıb. Buna səbəb isə maliyyə deyil. Sadəcə, dövlət orqanlarından icazə alınmalıdı. Aidiyyatı orqanlara müraciət etmişik, məktub ünvanlanıb, onlardan cavab gözləyirik. Sırf buna görə müəyyən yubanmalar oldu. Cavab alandan sonra qalan bir mərtəbə tikilib üstü bağlanacaq. Ümid edirik ki, ən qısa zamanda binanın tikintisi də bərpa olunacaq”.
Yeri gəlmişkən, sosial layihələrə xüsusi önəm verən “Neftçi” daha bir layihəyə başlayıb. “Ağ-qaralar” dəstək xarakterli “Sevindirdiyiniz Qədər Sevin” layihəsinə start verib. Layihə çərçivəsində baş məşqçi Roberto Bordin, futbolçulardan Emin Mahmudov, Rəhman Hacıyev, Mamadu Mboc, Anton Krivotsyuk və Ömər Buludov Talassemiya Mərkəzində olublar. Komanda üzvləri talassemiya xəstəliyindən müalicə olunan uşaqlara baş çəkib, onlarla söhbət ediblər. Uşaqlara müxtəlif hədiyyələr verilib. Qeyd edək ki, Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı və bu xəstəlikdən əziyyət çəkən minlərlə insan var. Ölkəmizdə bu problemlə məşğul olan Talassemiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib və fəaliyyət göstərir.
HƏBİB