Bir neçə gün öncə Araz Abdullayevin şəxsi “instaqram” hesabında avtomobili ilə xoşagəlməz videonu paylaşdığını xəbər vermişdik. Mahir Əmrəli, Ruslan Qurbanov kimi futbolçular yarımmüdafiəçinin əməlinə haqq qazandırsalar da, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov buna sərt təpki vermişdi. Həmin videoya görə Arazın “başının ağrıyacağı” gün kimi aydın idi.
Nəticədə Qurban Qurbanov “Qəbələ”ylə oyunda onun adını iştirak ərizəsinə salmadı. Bununla da xəbərdarlıq etmiş oldu. Əldə etdiyimiz bilgiyə görə, futbolçu ilə baş məşqçi, həmçinin kapitan arasında ciddi söhbət olub. Yaşca özündən böyüklər Abdullayevə əməlinin doğru olmadığını başa salmağa çalışıblar. Səhvini həqiqətən anlayıb, ya yox, deyə bilmərik. Bir fakt dəqiqdi ki, Araz məlum görüntünü səhifəsindən silib. Növbəti səhvindən nəticə çıxarıb-çıxarmayacağını zaman göstərəcək. Hələlik ümid etmək qalır...
HƏBİB