Moldova çempionatında 22-ci turun oyunları keçirilib. Nurlan Novruzovun formasını geydiyi “Dinamo-Avto” səfərdə “Kodru”ya qalib gəlib – 1:0. Nurlan ehtiyatda qalıb. “Dinamo-Avto” 28 xalla 5-ci pillədə qərarlaşıb.
Almaniyanın 2-ci bundesliqasında 7-ci turun oyunları baş tutub. Dmitri Nazarovlu “Ertsgebirge” səfərdə “Hamburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlub ayrılıb (0:4). Nazarov 46-cı dəqiqədə meydana çıxıb. 11 xala malik “Ertsgebirge” yeddincidi.
3-cü bundesliqasında isə 9-cu turun oyunları reallaşıb. Rüfət Dadaşovun şərəfini geydiyi “Proyssen” səfərdə “Halleşer”lə heç-heçəyə razılaşıb – 2:2. Hüçumçu start heyətində meydana çıxıb, 83-cü dəqiqədə əvəzlənib. Münster klubu 9 xalla 15-ci pillədə qərarlaşıb.
Küveyt premyer-liqasında ilk turun oyunları keçirilib. Kamal Mirzəyevin formasını geydiyi “Əl-Salmiyə” doğma meydanda “Əl-Ərəbi” ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib – 3:3. Oyunu əvəzlənmədən keçirən Kamal turun rəmzi komandasında da yer alıb.
Portuqaliya çempionatının 6-cı turu çərçivəsində Renat Dadaşovlu “Pakuş Ferreyra” evdə “Aveş”ə 2:1 hesabıyla qalib gəlib. Renat 74-cü dəqiqədə oyuna qoşulub. “Pakuş Ferreyra” 4 xalla 17-ci yerdədi.
Avstriyanın 2-ci liqasında 8-ci turun oyunları keçirilib. U-21 yığmamızın üzvü Barış Əkinciərin formasını geydiyi Klagenfurt “Austriya”sı səfərdə “Qrazer”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1. Barış 83-cü dəqiqədə meydana çıxıb. “Austriya” 18 xalla liderdi.
Qazaxıstan çempionatında 27-ci turun oyunları gerçəkləşib. Emil Balayevli “Tobol” səfərdə “Şaxtyor”u 1:0 hesabıyla üstələyib. Emil oyunu əvəzlənmədən keçirib. “Tobol” 58 xalla 1-ci pillədə qərarlaşıb.
Yığmamızın qolkiperi oyunla bağlı təəssüratını bölüşüb: "Çətin qarşılaşma olacağını başa düşürdük. Matçın nəticəsini həll edən bir qolu son dəqiqələrdə biz vurduq. Oyuna maksimum güclə hazırlaşmışdıq. Olduqca vacib görüş olduğunu bilirdik. "Şaxtyor" çox keyfiyyətli futbol nümayiş etdirən komandadı, topa nəzarət etməyi sevir. Bu qələbədən məmnunuq. Qarşıda bizi "Jetısu" ilə ev matçı gözləyir. Artıq növbəti rəqib barədə düşünürük".
Latviya çempionatının 29-cu turunda Vüqar Əsgərovlu “Liepaya” səfərdə “Spartak”a məğlub olub - 2:4. Vüqar 63-cü dəqiqədə meydana çıxıb. “Liepaya” 29 xalla 6-cı yerdədi.
Türkiyənin 1-ci liqasında 5-ci turun oyunları keçirilib. Ufuk Budakın yeni transfer olunduğu “Altınordu” səfərdə “Osmanlıspor”a 1:2 uduzub. Ufuk debüt matçını əvəzlənmədən keçirib. “Altınordu” 4 xalla 14-cü pillədə qərarlaşıb.
İspaniya sequndasında 7-ci turun oyunları çərçivəsində Eddi İsrafilovlu “Albasete” doğma meydanda “Malaqa” ilə münasibətləri aydınlaşdırıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Eddi 90 dəqiqə meydanda olub. “Albasete” 12 xalla dördüncüdü.
Albaniya çempionatında 5-ci turun oyunları keçirilib. Eltun Turabovun formasını geydiyi “Biliş” səfərdə “Partizani” ilə heç-heçə edib (1:1). Start heyətində meydana çıxan Eltun 80-ci dəqiqədə əvəzlənib. “Biliş” 8 xalla 4-cü pillədə qərarlaşıb.
Ukrayna premyer-liqasının 8-ci turunda Pavel Paşayevin “Aleksandriya”sı səfərdə “Kolos”la heç-heçə edib - 1:1. Pavelin adı oyunun iştirak ərizəsinə salınmayıb. “Aleksandriya” 13 xalla 3-cü yerdədi.
Fərid Nəbiyevin şərəfini qoruduğu “Slaviya” Çexiyanın gənclər liqasının 7-ci turunda səfərdə Karlovı-Varı “Slaviya”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1. Fərid start heyətində meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. Komandasının hər iki qolunu da millimizin üzvü vurub. 50-ci və 70-ci dəqiqələrdə fərqlənən Nəbiyev cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb. “Slaviya”nın U-21 komandası 12 xalla 5-ci pillədə qərarlaşıb.