Lopeteqi gözlədiyi “Qarabağ”ı görüb
Ənənəvi oyunsonrası mətbuat konfransında jurnalistlər önünə əvvəlcə qonaqların baş məşqçisi Xulen Lopoteqi çıxdı. “Sevilya”nın baş məşqçisi oyunla bağlı fikirlərini bölüşüb, ardından media nümayəndələrinin suallarını cavabladı. Yeri gəlmişkən, oyundan bir gün öncə keçirilən mətbuat konfransından fərqli, bu dəfə tərcüməçi missiyasını “Qarabağ”da eyni funksiyanı yerinə yetiurən Elvar Quliyev həyata keçirdi. Onun işi istər yerli, istərsə də ispan jurnalistlərin ürəyincə oldu. Təsadüfi deyil ki, Lopeteqinin mətbuat konfransından sonra “Sevilya” rəsmiləri Elvar bəyə təşəkkür etdilər.
- Çox maraqlı, eyni zamanda bizi sevinirən oyun izlədik. Yekun nəticə biz istəyən kimi olduğundan, futbolçulara təşəkkür edirəm.
- Sona qədər mübarizə aparan “Sevilya” gördük. Əvvəlki matçlarda qol vurmaqda çətinlik çəksəz də, bu gün üçünü vurduz...
- Rəqib öz meydanında oynayırdı və ab-havanı da gördüz. Matçın əvvəlində bir az çətinlik yarandı. İstənilən halda, qələbəyə layiq oynadıq. 1-ci qol ümumi vəziyyəti dəyişdi. Bundan sonra növbəti qolları vurmaq daha asan oldu.
- Gözlədiyiniz “Qarabağ”ı gördüz?
- Təcrübəli komanda olduğu hiss olundu. Bilindi ki, üzərində işləmiş komandadı. Gözlədiyim kimi idilər.
- Qrupun digər oyununda “Düdelanj” sürpriz şəkildə səfərdə APOEL-ə qalib gəldi. Püşkatmadan sonrakı fikirlərinizlə indiki düşüncələriniz eynidi?
- Futbolda təəccüblü heç nə yoxdu. Əvvəlcədən heç bir matçı udduğunu düşünmək olmaz. Bütün rəqiblərə ciddi yanaşmaq lazımdı. Əks halda durumunuz yaxşı olmaya bilər.
- Nəticəni kənara qoysaq, kimdən və nədən razı və ya narazı qaldız?
- Hansısa futbolçunu xüsusi qeyd etmək istəmirəm. Komanda şəklində yaxşı oynadıq və güclü rəqibə qalib gəldik. Buna görə məmnunam.
- Hesab komandalar arasındakı fərqi göstərdimi? Ümumiyyətlə, “Qarabağ”la “Sevilya” arasında doğrudanmı belə böyük fərq var?
- Rəqibin APOEL-lə hər iki oyununu izləmişdim. “Qarabağ” APOEL-i, APOEL “Ayaks”ı mübarizədən kənarlaşdıra bilərdi. Deyə bilmərəm ki, fərq nə qədərdi. İndi hamı mübarizə apara bilir.
- “Qarabağ” son 10 ildə ilk dəfə avrokubokda öz meydanında üç qol buraxdı... (təbii ki, sualın qoyuluşu yanlışdı – red.)
- Bu statistikadan məlumatım yox idi. APOEL-ə 0:2 uduzmuşdular, amma kifayət qədər qol vəziyyəti yaratmışdılar. Məqsəd qələbə idi və buna nail olduq.
- Həftəsonu “Real”la qarşılaşacaqsız. Həmin matçda uduzsaz, bunu uzaq səfər, bugünkü matçın ağırlığı ilə əlaqələndirməyəcəksiz?
- Bu barədə sabah danışa bilərəm. İndi ancaq “Qarabağ”la bugünkü oyun haqda danışa bilərəm.
Qonaqların çalışdırıcısının ardından konfrans salonuna “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov daxil oldu. O da həmkarı kimi öncə 90 dəqiqə ilə bağlı fikirlərini bölüşüb, ardınca sualları cavabladı.
- İstəməzdik ki, məğlub olaq. Ancaq belə rəqibə qarşı 90 dəqiqə mübarizə aparmaq çətindi. Bunu qəbul etməliyik. Matçdan əvvəl də bildirmişdim ki, “Sevilya” çox dinamik komandadı və topla həddən artıq sürətli davranır. Futbolçulara təşəkkür edirəm. Onlar üçün çox ağır idi. Belə komandalara qarşı mübarizədə hər futbolçu öz gücünü bilir. Son vaxtlar avrokuboklarda məhsuldar matçlar çox olur. Rəqibi təbrik edirəm. Həm yaxşı oyuna, həm də qələbəyə görə. Azarkeşlərə isə dəstəyə görə təşəkkürümü bildirirəm.
- Bu oyundakı məğlubiyyət və Kiprdə “Düdelanj”ın qələbəsi... Qeydə alınan nəticələr bundan sonrakı matçlarla bağlı fikrinizdə nəyisə dəyişdi?
- Mütləq dəyişdi. Çünki nə qədər ciddi hazırlaşırdıqsa, bu gündən sonra daha ciddi və diqqətli olmalıyıq. Futbolda məğlubedilməz komanda olmur. Bəzən düşünmədiyin nəticələr qeydə alınır. Bütün kollektiv olaraq qrupdakı hər matça hətta bugünkündən daha ciddi hazırlaşmalıyıq.
- Oyunda komandaların, İspaniya və Azərbaycan futbolunun, ölkə çempionatlarının fərqi hiss olundu?
- Məncə, əlavə şərhə ehtiyac yoxdu. Təbii ki, hiss olundu. Həm çempionat, həm futbolçular, həm də komandanın oyunu baxımından. Əvvəl də demişdim ki, La Liqa ən çox izlədiyim çempionatdı. İlk qola kimi ciddi mübarizə apara bildik. Bundan sonra önə çıxmaq istədik və rəqib də qısa vaxtda bundan istifadə etdi. Bu, bir daha göstərdi ki, rəqib necə güclü, ciddi komandadı.
- Xaymenin əvəzlənməsi nə ilə bağlı idi? Mənə görə meydanda “Qarabağ”ın ən fəal oyunçusu idi...
- Xayme üç gün xəstə oldu. 1-2 kilo çəki də itirmişdi, məşqlərdə iştirak etməmişdi. “Neftçi” ilə matçda da ona istirahət imkanı verdik. Bu gün risk etmədik. Oyun sürətlənmişdi, belədə zədə ehtimalı var idi. Tempi saxlamaq üçün onu Dani ilə əvəzlədik.
- Ölkə futbolunun “lokomotiv”i sayılan “Qarabağ”ın güclənməyə ehtiyacı olduğu tez-tez deyilir. Araz Abdullayevi hücumçu kimi meydana buraxanda bir daha bu haqda düşündüz? Bir də Miçelin oyunundan razı qaldız?
- Əvvəlcədən bildirdim ki, futbolçulara təşəkkür edirəm, sona kimi mübarizə aparmağa çalışdılar. Rəqibi nəzərə almalıyıq. Bu gün əsas oyunçumuz Mahir zədəli idi. Nə qədər imkanımız var idisə, transfer baxımından o qədər istifadə etməyə çalışdıq.
- “Sevilya” ilk dəqiqədən sona qədər yüksək tempdə oynadı. Bu da komandanın gücünü çox aldı. Premyer-liqada “Zirə” ilə matçda ehtiyat qüvvə ilə oynayacağınızı gözləmək olar?
- Bir neçə gün vaxtımız var. Dəyişiklikllər ola bilər. Çünki bəzi futbolçular fasiləsiz oynayır və bu da müəyyən mənada özünü göstərir. Onlara istirahət verə bilərik.
RƏŞAD