“Hakim həkim deyil”
“Neftçi” – “Bney Yehuda” matçının ikinci hissəsində qonaqların vaxtı uzatmaq üçün yerli-yersiz yerdə qalması, hakimin israillilərin bu hiyləsinə uyması istər idman mediasında, istərsə də sosial şəbəkədə çox müzakirə olunur. Əslində oyunu izləyən hər kəs 90 dəqiqənin tamamında bu məqamı xüsusi qabardır, qonaqların idman prinsiplərinə riayət etmədiyini vurğulayır. Ancaq futbolun yazılmamış qanunları var. Dünya futbolunda reytinqdə tutduğu mövqedən asılı olmayaraq, bütün komandalar özünə sərf edən hesabı qorumaq üçün müxtəlif üsullara, hiyləgərliyə əl atırlar ki, onlardan biri də futbolçunun yeri gəldi-gəlmədi özünü zədələnmiş kimi göstərib, yerdə qalması, vaxt udmasıdı. Necə ki srağagün “Bakcell Arena”da keçirilən qarşılaşmada “Bney Yehuda”nın futbolçuları ikinci yarıda bu üsuldan yararlandılar.
Sərfəli hesabı qorumağa çalışan komandanın oyunçularının vaxt udmaq üçün atdığı addımları hardasa başa düşmək mümkündü. Ancaq oyunu idarə edən hakimin futbolçuların hiyləsinə uyması heç də xoşagələn hal deyil. Məhz bu üzdən flaqmanın son görüşündə azarkeşlər hakimə və rəqib oyunçulara etiraz əlaməti olaraq, matçın sonlarına yaxın meydana yad əşyalar atmaqla yadda qaldılar. Çox maraqlıdı, qeyd etdiyimiz mənzərənin yaşanmasında hakimin günahı var idimi? Bu suala cavab tapmaq üçün AFFA Hakim və Hakim-İnspektorlar Komitəsinin üzvü, gənc hakimlərə dərs keçən Ceyhun Haşımovun fikirlərini öyrənməyi lazım bildik.
Çox maraqlıdı ki, fransalı referinin meydanda yaşananlara münasibətindən hər nə qədər narazı qalsaq da, Ceyhun bəy ədalət təmsilçisinin başverənlərlə bağlı düzgün qərar verdiyini bildirdi: “Hakim oyunun ilk dəqiqələrində atletik futbol oynamağa imkan verdi . Futbolçular arasında yaşanan mübarizədə hər xırda epizoda görə oyunu saxlamırdı. Sürətli oyuna imkan verirdi, oyunun tempini öldürmürdü. Düzdü, bir neçə epizoda diqqətsiz yanaşdı, səhv qərar verdi. Buna baxmayaraq, onun idarəçiliyini normal qiymətləndirmək olar. Çatışmazlıqlar haqda danışışırıqsa, bir çox hallarda topun yan xətdən hansı komanda tərəfindən atılması mübahisə yaratdı. Bundan başqa, bir dəfə “Neftçi”nin, bir dəfə də qonaqların futbolçusuna sarı vərəqə göstərməli olduğu halda əlini cibinə salmadı. Fransız hakimin fiziki hazırlığı çox yüksək səviyyədə idi, çalışırdı topun olduğu yerə yaxın olsun. Psixoloji cəhətdən də qarşılaşmaya hazır idi, oyunun statusunu başa düşürdü” .
Haşımov Kərim Abedin səhvlərini də vurğulamağı unutmadı: “Hər bir kəsin etirazına səbəb olan məqama da toxunmaq istəyirəm. Qonaq komandanın futbolçuları özlərinə sərf edən hesabı nəzərə alaraq, ikinci hissədə, demək olar ki, zədələndiklərini bəhanə edərək yerdə uzanıb qalırdılar. Bu hal çox oyunlarda müşahidə olunur. Ancaq onu da nəzərə almaq lazımdı ki, hakim həkim deyil Heç həkim də həmin an yerdə qalan oyunçuya düzgün diaqnoz qoya bilməz . Bu səbəbdən futbolçunun yerdə qalaraq yardım istəməsini hakim diqqətdən kənarda saxlaya bilməz. Ona görə də referi məcbur olub yerdə qalan futbolçuya yardım olunması üçün oyunu saxlayırdı. Hakimin ən vacib vəzifələrindən biri də oyunçuların sağlamlığını mümkün qədər qorumaq üçün tədbir görməkdi. Abedin yeganə səhvi artırılmış vaxtla bağlı oldu. Fikrimcə, o əsas vaxta 5 yox, daha çox əlavə etməli idi. Ümumi götürdükdə isə hakimlər briqadası oyunu normal idarə etdi”.
RƏŞAD