Nurlan İbrahimov: “Son dövrlər Azərbaycanda o cür paltardəyişmə otağına rast gəldiyimi xatırlamıram”
“Qarabağ”ın İrlandiyada qələbə qazana bilməməsinə müxtəlif səbəblər göstərmək olar. Aparıcı futbolçulardan bir neçəsinin zədəli olması, Simeon Slavçevin iki əla qol şansını boşa verməsi, rəqibin fasilədən sonra hədsiz əzmkarlıq göstərməsi kimi amillər sonda təmsilçimizin Bakıya qələbə ilə qayıtmasını əngəllədi. Lakin problemlər bununla bitmirdi.
Oyunu canlı izləyənlər qazonun hansı durumda olduğunu mütləq ki, gördü. Süni örtük kifayət qədər “ağır” görünürdü və bu fakt texnikalı oyunu sevən “Qarabağ”ın futbolçularının çıxışında az rol oynamadı. Bildiyimizə görə, hətta qazon vaxtında və lazımi səviyyədə sulanmayıb. Topun bizimkilərin alışdığı “Adidas” yox, “Umbro” olmasını da dəyişiklik saya bilərik. Hə, bir də stadionun projektorları. Meydanı işıqlandırmalı olan lampaların gücünün kifayət qədər olmadığı çəkiliş zamanı özünü göstərirdi.
Bütün bunlar təbii, yoxsa süni əngəllər idi – deyə bilmərik. Bildiyimiz odu ki, “Qarabağ” Dandolkda müəyyən çətinliklərə sinə gərməli olub. Yaşananlarla bağlı klubun mətbuat katibi Nurlan İbrahimov açıqlama vermək istəmirdi. Səbəbini isə “oyun başa çatıb, bunlar haqda danışmağın mənası yoxdu. Nəsə deyərəm, insanlar heç-heçəyə bəhanə gətirdiyimizi düşünə bilər” şəklində izah edirdi. Lakin durumu ona başa salandan, yəni bizdəki məlumata aydınlıq gətirməsini xahiş edəndən sonra bunları söylədi: “Sadaladıqlarınızla bağlı irlandların bilərəkdən nəsə etdiyini düşünmürəm. Çünki orda olduğumuz müddətdə özümüzə qarşı yalnız xoş münasibət gördük. Sadəcə, bəzi nüanslar var idi ki, bunu “Dandolk” tərəfinin süni əngəl yaratmaq istəyi ilə əlaqələndirə bilmərəm. Süni örtük deyirsiz, düzdü? Məsələn, durumun belə olması onların da ürəyincə deyil. “Dandolk” rəsmisi ilə söhbət etdim və açıq şəkildə bildirdi ki, çempionatda əsas rəqibləri olan “Şemrok Rovers”ə dövlət dəstəyi var deyə, təbii qazonda oynayırlar. Klubun özünün də süni örtüyü dəyişmək imkanı yoxdu. Razıyam, qazon müəyyən qədər “ağır” idi. Yəni bizim Azərbaycanda oynamağa alışdığımız örtüklərdən fərqlənirdi. Otun sualnması oyunun sürətinə təsir edən amillərdən biridi. Lakin meydan sahiblərinin örtüyü sulamaması ilə bağlı bir şey olmayıb. Matçdan əvvəl qazon sulanmışdı.
Top məsələsinə gəlincə, biz “Adidas”la oynayırıq, onlar nisbətən köhnə model olan “Umbro” ilə. Meydan sahibi onlardı, topu da onlar təklif edir. Buna görə irlandlara etiraz etməyimiz doğru olmazdı.
O ki qaldı işıqlandırmanın zəif olmasına, bunun yeganə səbəbi “Oriel Park”ın köhnə olmasıdı. Arena köhnədisə, yenidənqurma işlərinə ehtiyac duyulursa, projektorlarda nöqsanın olması da normaldı. İşıqlandırma deyirsiz, hətta paltardəyişmə otaqları da köhnə və balaca idi. Məsələn, son dövrlər Azərbaycanda o cür paltardəyişmə otağına rast gəldiyimi xatırlamıram.
Əslində bunlar deyiləsi sözlər deyil. Klubun maliyyə imkanı zəifdisə, yaxud süni örtükdə oynayırsa, bunu əsas gətirməyi xoş hal saymıram. Vacib olan sərgilənən oyun və əldə olunan nəticədi. Sadəcə, maraqlanırsız deyə, suallarınızı cavabsız qoya bilmirəm”.
HƏBİB