Moen 10 ildən sonra Bakıya gəlir
Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ”ın “Dandolk”la 2-ci mərhələnin cavab oyunları çərçivəsində keçirəcəyi görüşün hakimləri müəyyənləşib. Oyunu Norveçdən olan ədalət təmsilçiləri idarə edəcək.
Görüşün baş hakimi Sven Oddvar Moen olacaq. Ona Maqnus Lundberq və İsak Elias Skeset Başevkin kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək.
40 yaşlı Moen 26 yaşından, yəni 2005-ci ildən bu yana yaxasında FİFA-nın emblemini daşıyır. İndiyə qədər, demək olar, bütün böyük turnirlərdə fit çalmaq imkanı qazanıb. Avropa çempionatının final mərhələsi, dünya çempionatının təsnifat mərhələsi, Avroliqanın yarımfinalı, Çempionlar Liqasının 1/4 finalında şans qazanan norveçli referi Avropanın üzdə olan top-komandalarını meydana çıxarıb. Hesabında 111 beynəlxalq oyun var ki, bunlardan yalnız üçündə yolu bizimkilərlə kəsişib. Və bu matçların hər biri uzaq keçmişi əhatə edir. İlk dəfə 2005-in sentyabrında, U-21 millimiz AÇ-2006-nın seçmə mərhələsi çərçivəsində səfərdə Almaniyanın qonağı olanda Sven Oddvar iş başında olub. Yığmamız 0:2 hesabı ilə uduzub. Bundan iki il sonra “MKT-Araz” UEFA kubokunda səfərdə “Qrotslin”lə üz-üzə gələndə meydanda yaşananlara yenə bu hakim nəzarət edib. Və yenə təmsilçimizin yenilgisinə şahidlik edib – 0:1. Nəhayət, 2009-un iyulunda “Bakı” – “Levski” qarşılaşmasını idarə etmək üçün paytaxtımıza ayaq basıb. Xoşbəxtlikdən bizimkilər uduzmayıb, oyun qolsuz bərabərliklə sonuclanıb.
Gördüyünüz kimi, təcrübəli hakim 10 ildən sonra yenidən Bakıya ayaq basacaq. Ümid edək ki, ilk dəfə də olsa, Azərbaycan təmsilçisinin qələbəsinə şahidlik edəcək.
Xatırladaq ki, iyulun 31-də, “Dalğa Arena”da keçiriləcək cavab görüşünün start fiti 21.00-da səslənəcək.
HƏBİB