Hapal beş futbolçunu düşərgədən uzaqlaşdırdı
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Azərbaycan - Slovakiya oyununun təyinatları müəyyənləşib. Saat 20.00-da “Bakcell Arena”da başlayacaq qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına həvalə olunub. Oyunda əsas söz sahibi Con Biton olacaq. Ona Alan Malvenni və Sin Karr kömək edəcək. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək. Hakimlərin işinə hollandiyalı Yan Villem Veqeref qiymət verəcək. UEFA nümayəndəsi isə rumıniyalı Orel Mixail İoneskudu.
Con Biton bizə tanış referidi. O, 2014-cü ildə U-19 millimizin Macarıstanla AÇ-nin seçmə mərhələ oyununu idarə edib. Həmin qarşılaşmada qalib müəyyənləşməyib (1:1), macarlara 1 sarı, 1 qırmızı vərəqə göstərən FİFA referisi bizimkiləri 4 dəfə “sarı” ilə “mükafatlandırıb”. 2016-cı ildə isə Avroliqanın qrupunda PAOK – “Qarabağ” görüşündə ədaləti qoruyub. Həmin matçda “köhlən atlar” qələbə qazanıb (1:0). Yunanların 4, ağdamlıların isə 1 üzvü sarı vərəqə alıb. Göründüyü kimi, şotland hakim təmsilçilərimiz üçün uğurlu sayılır. İndiyədək 36 bbeynəlxalq oyun idarə edən 37 yaşlı referi bu matçlarda ümumilikdə 148 sarı, 7 qırmızı vərəqə göstərib, 10 penalti təyin edib.
Bugünkü öyunöncəsi proqrama gəlincə, Nikola Yurçeviçin mətbuat konfransı saat 18.00-da, yığmanın açıq məşqi isə bundan yarım saat sonra başlayacaq. Dünən axşam Bakıya gələn slovakların baş məşqçisi Pavel Hapal 19.30-da jurnalistlər önünə çıxacaq. Qonaqların məşqi 20.00-da start götürəcək. Mətbuat konfransları və açıq məşqlər “Bakcell Arena”da reallaşacaq.
Bu arada Slovakiyanın iyunun 7-də İordaniya ilə yoldaşlıq oyununda qalib gəldiyini (5:1) xəbər vermişdik. Qeyd edək ki, yığmamızın rəqibi fasiləyə hesabda 0:1 geridə yollanıb. Ancaq ikinci yarıda Slovakiya bu qolun əvəzini beşqat qaytarıb. Hapalın yetirmələrindən Lukas Haraşlin, Martin Xrien, Yan Qrequş (penaltidən – F.), Yaroslav Mixalik və Samuel Mraz fərlqənib. Həmin matçdan sonra Hapal bunları deyib: “Yoldaşlıq görüşündə güclü rəqib gözləyirdik. Bu, ilk hissədə təsdiqini tapdı. Həmin müddətdə bizdə əsəbilik vardı və müdafiə xəttimiz işinin öhdəsindən gələ bilmirdi. Ancaq ruhdan düşmədik. Fikirləşirdik ki, matçın taleyini tam xeyrimizə dəyişə biləcəyik. Belə də oldu. İlk dəfə belə vəziyyətə düşürdük. Həyəcanlı anlar oyunun bir hissəsi idi. Gənclərimiz də yaxşı təsir bağışlamaları ilə diqqəti çəkdi. Fasilədən sonra etdiyimiz əvəzləmələr nəticəsində daha sürətli hərəkət etdik və topa daha çox sahib olduq. Bu matçda digər futbolçularımızı da iş başında görmək istəyirdik, belə də etdik. Ancaq Azərbaycanla qarşıdakı görüşlə bağlı dəqiq planımız var və çərşənbə axşamındakı matça diqqətimizi yönəldərək buna sadiq qalırıq. Bu, həm heyətlə bağlıdı, həm də matçla".
Futbolçulardan Patrik Qroşovskinin (vaxtilə Plzen “Viktoriya”sının heyətində “Qarabağ”a qarşı oynayıb) fikirləri ilə də tanış olun: “Hesab edirəm ki, Azərbaycan təhlükəli rəqibdi. Evdə futbolçuları hücumlarda kəsərli olacaq. Azərbaycan komandasının öz meydanında təhlükəli olmasına klub səviyyəsində "Qarabağ"la 3 il əvvəl avrokuboklarda qarşılaşarkən şahid oldum. Evdə 0:0, səfərdə 1:1 oynadıq və bəxt sayəsində mərhələni keçdik. Meydan sahibləri əla çıxış etdilər. Yadımdadı, rəqibin heyətindən iki futbolçu Azərbaycan millisinin üzvü idi. Futbolçuları səviyyəlidi və indi bizi heç bir asan sınaq gözləmir. Bizə İordaniya yığmasıyla yoldaşlıq görüşündən az sonra Bakıdakı həlledici qarşılaşmaya köklənmək lazımdı".
Onu da bildirək ki, Bakı səfəri ərəfəsində Slovakiyanın heyətində dəyişiklik edilib. İordaniya ilə yoxlama oyunundan sonra 5 futbolçu heyətdən kənarlaşdırılıb. Bunlar Dominik Qreyf, Lukaş Ştetina, Martin Xrien, Samuel Mraz və Laslo Benesdi. Adı çəkilən futbolçular sabahkı qarşılaşmada iştirak etməyəcək. Yadınızdadısa, Hapal öncədən açıqladığı 29 nəfərlik heyətdən 6 futbolçunu çıxaracağını bəyan etmişdi. Lakin çex mütəxəssis 5 oyunçudan imtina etməklə kifayətlənib.
FARİZ