AFFA onu oyuna dəvət etməyi lazım bilməyib
Avroliqanın final qarşılaşmasından öncə əsas yığma ilə U-21-in əvvəlki baş məşqçiləri – Qurban Qurbanovla Rəşad Sadıqovun Bakı Olimpiya Stadionuna getməyəcəyi proqnozlaşdırılırdı. Buna səbəb kimi isə AFFA-nın “Qarabağ”ın çalışdırıcısına və kapitanına ögey münasibət bəsləməsi göstərilirdi. Lakin Qurbanovu oyunu izləyənlər arasında gördük. Həm də AFFA-nın başbilənləri və İcraiyyə Komitəsinin üzvləri ilə yanaşı. Bu da başadüşləndi. Çünki “Qarabağ”ın çalışdırıcısı eyni zamanda həm də komitənin üzvüdü.
Amma “Rəşad Sadıqovu gördüm” deyən olmadı. Nə çoxsaylı şəkillər arasında siması gözə dəydi, nə də videolarda. Sən demə, Sadıqov mayın 29-da stadionda olmayıb. Əldə etdiyimiz bilgiyə görə, AFFA Rəşadı oyuna dəvət etməyib. Başqa cür desək, yığmada ən çox oyun keçirən futbolçuya bilet və ya dəvətnamə göndərilməyib.
Təbii, futbol ictimaiyyətindəki hər kəsə dəvətnamə göndərmək AFFA-nın borcu deyil. Ancaq xüsusi adamlar var ki, onlar mütləq diqqət mərkəzində saxlanılmalıydı. Rəşad Sadıqov son 15 ilin ən üzdə olan ismidisə, uzun illər yığmanın formasını geymiş futbolçu olubsa və yaxın keçmişdə U-21-i çalışdırıbsa, deməli, diqqətdə saxlanılmalıydı. Onun kimi Nazim Süleymanov, Yunis Hüseynov, Maşallah Əhmədov da...
HƏBİB