“Dincəlməyim hər gün Bakıdan Sumqayıta getmək və geri qayıtmaqdı”
Yay fasiləsininin ən fəal klublarından biri “Zirə”di. Mövsüm başa çatar-çatmaz 9 futbolçu ilə yolları ayıran “qartallar” artıq Elvin Məmmədovun keçidini həll edib, Cavid Hüseynovla anlaşmaq an məsələsidi. Ümumiyyətlə, transfer çalışmalarında bu klubun nə ilə yadda qalacağı maraqla gözlənilir. Gedənlər çoxdusa, məntiqlə, gələnlərin də sayı çox olacaq.
Ümumi mənzərəylə tanış olmaq, yəni suallarımıza cavab tapmaq üçün komandanın baş məşqçisi Samir Abasovla danışdıq.
- Ağır mövsümün yorğunluğunu canınızdan ata bilirsiz?
- Tam olmasa da, yarı istirahət demək olar. Çempionat ərzində gördüyümüz işlərdi indi də. Sadəcə, məşqə getmirik. Gündə o qədər şey eşidib əsəbləşirəm ki, bəzən öz-özümə “kaş məşq olaydı, başımız qarışaydı, bu qədər hirslənməzdim” deyirəm. Futbolla bağlı o qədər şey var ki... Eh... Qalan işlər öz axarında gedir, şükür.
- “Zirə”yə görə əsəbləşirsiz, yoxsa ümumi futbolda baş verən proseslərə görə?
- Sırf “Zirə”yə görə. Bəzən işlər düz getmir, bəzən nəyisə alındıra bilmirsən. Bu dəqiqə əsas söhbət mövzusu nədi? Transferlər. Bəziləri ilə müqavilənin müddətini uzatmalısan, bəziləri ilə danışıq aparırsan. Bu gün biri ilə razılığa gəlirsən, sabah başqa söz eşidirsən, yaxud nöqtə qoymaq ərəfəsində ortaya elə bir problem çıxır ki. Olur da, olur.
- Çempionat başa çatandan sonra harasa gedib dincələ bildiz?
- Yox-yox. Dincəlməyim hər gün Bakıdan Sumqayıta getmək və geri qayıtmaqdı. Bu gün də Bakıya getməliyəm. Uşağa söz vermişdim ki, Avroliqanın finalına aparacam. Neçə gündü soruşur deyə, aparmalıyam, başqa yolum yoxdu. Həm də uşaqların məktəbi var, harasa getmək alınmır.
- Transfer çalışmaları ilə bağlı işlər nə yerdədi?
- İşlər getməyinə gedir e. Amma bu proses elədi ki, sırf bizdən asılı deyil. İşimiz daşın altından çıxır. Deyim ki, pul vermirik, şərtlərimiz yaxşı deyil – yox. Danışırıq, razılaşırıq, “ok” alırıq, son anda ya futbolçu fikrini dəyişir, ya da meneceri söhbətə müdaxilə edir. Bəzi futbolçuları özüm gözaltı etmişəm, yəni agentlərin əlaqəsi yoxdu. Agenti təklif etdiyi oyunçuya baxanda başqası xoşuma gəlir. 11-12 oyunun videoyazısına baxıram, bəyənirəm, klubdan danışıq aparırlar, hər şey yaxşıdı. Son anda bir əmma çıxır.
- Legionerlərlə bağlı bu cür çətinlikləri görəndən sonra “Sumqayıt”dakı günlərə şükür edirsiz?
- İnanın Allaha, “Sumqayıt”da bundan da pis idi. Guya yerlilərlə işləmək yaxşıdı? Eyni sözlər bizimkilərə də aiddi. Danışırsan, razılıq alırsan, bir də baxırsan ki, başqa klubla anlaşıb, müqavilə bağlamağa hazırlaşır. Vallah, ən çətini elə özümüzküləri razı salmaqdı. Legioner elədi ki, Azərbaycandan onunla ancaq sən maraqlanırsan. Uzağı bir klub da ola bilər. Amma yaxşı azərbaycanlı futbolçu göz qabağındadı deyə, çempionat başa çatan kimi hamı zəng edir, təklif irəli sürür. Bu da bacarıqlı yerli futbolçuların azlığına görədi. Klubların arasında rəqabət olanda da yerli futbolçunun özü də, qiyməti də göylərdə uçur.
- Neçə legioner, neçə yerli futbolçu ilə güclənmək istəyirsiz?
- 10-a yaxın yerli, 8-10 arası legioner olsa, pis olmaz. 3-4 nəfər də limitə düşən gənclər. Təxminən 22-24 nəfər arası olmalıdı çempionat üçün.
- Bu ümumi göstəricidi, öz yerində. Soruşmaq istədiyim hazırda neçə futbolçu axtarmağınızdı.
- Yaxşı ki, Adrian Skarlatake, Şafik Tiqruca, Mfo Kqasvane, Robin Nqalande kimi aparıcı oyunçuları saxlaya bildik. İndi də Xulio Sezar Rodrigeslə danışıqlar davam edir.
- Xulio ilə müqavilənin müddəti bitib?
- Qışda onunla “6 ay+1 il” şərti ilə anlaşmışdıq. Açığı, həmin dönəmdə aparıcı hücumçu gözündə İsmael Fofananı görürdük. Xulionu isə rəqabət yaratmaq üçün cəlb etmişdik. Ona görə də mövsümün sonuna qədər razılaşmışdıq. İş elə gətirdi ki, Xulio daha tez uyğunlaşdı, qolları sıraladı. İndi də növbəti mövsüm üçün razılıq əldə etməyə çalışırıq.
- Heç şübhəsiz, maaşının artırılmasını istəyir.
- 100 faiz elə olacaq. Bu da başadüşüləndi.
- Deyək ki, hazırda beş legioneriniz var. Əlavə neçə nəfər cəlb etmək istəyirsiz?
- Bu məsələdə say demək olur. Deyək ki, bundan sonra 4 əcnəbi götürmək istəyirik. Amma sabah elə futbolçu görürsən ki, həddən artıq bacarıqlıdı və sən onu birmənalı ixtiyarında görmək istəyirsən. Qiyməti də baha olur. Məcbur qalıb iki futbolçunun pulunu ona verirsən. Belədə büdcədə sıxılma yaranır və yerlərdən birini itirmiş olursan. Bu səbəbdən dəqiq say söyləmək çətindi. 2 legioner də ola bilər, 3 də, 4 də.
- Hamının adını çəkdiz, Bilal Həmdi qaldı.
- Həmdi, çox güman, “Zirə”dən ayrılacaq. Daha doğrusu, ayrılıb.
- Niyə?
- Maliyyə tələbi yüksək idi, şərtini yerinə yetirə bilmədik. Əvvəlki müqaviləsindən təxminən iki dəfə artıq tələb edirdi. Əlbəttə, onun itkisinə üzülürük.
- O da az bilmir. Vacib oyunçudu deyə qiymətini artırır. Birdən sabah özünə iş yeri tapa bilmədi və yenidən qapınızı döydü, onda necə?
- Baxır nə vaxt döyəcək. Onun mövqeyinə kimisə tapsaq, çox güman, götürə bilməyəcəyik. Yox, o vaxta qədər tapa bilməsək, qapını açarıq.
- Xasiyyətcə tərs birisiz. Ona görə soruşdum.
- Tərslikdən keçib artıq. Əvvəla, biz Həmdi ilə problem yaşamamışıq, problemlə ayrılmamışıq ki, bir-birimizin üzünə baxa bilməyək. Özüm də futbolçu olmuşam, onu başa düşürəm. Futbolçu həyatıdı, hər şey pulun başındadı. Bilmək olmaz, bəlkə də qayıtmaq istəyər.
- Cavid Hüseynov qəzetimizə açıqlamasında onunla görüşmək istədiyinizi, lakin “Qəbələ”nin taleyini gözlədiyinə görə “Zirə”yə konkret cavab verə bilmədiyini deyib...
- Baş məşqçi kimi Cavidi komandamda görmək istəyirəm. Futbolçu keyfiyyətləri tam ürəyimcədi. Bu gün “Zirə”ni gücləndirə biləcək futbolçudu. Sizə dediyi sözləri mənə də deyib. Hazırda “Qəbələ”dəki qeyri-müəyyənliyə görə gözləyir, konkret cavab verə bilmir. Ona görə də Caviddən cavab gözləyirik.
- Elvin Məmmədovu nə yaxşı götürdüz?
- Mənim üçün futbolçunun öncəki klubundakı karyerası ciddi önəm daşımır. Əsas odu, mən onu tanıyıram, nəyə qadir olduğunu bilirəm. Və ən vacibi xroniki zədəsi olmasın, gələcəkdə bizə kömək edə bilsin. Elvin yaxşı futbolçudu, vaxtilə “Zirə”də oynayıb, ab-hava ilə tanışdı. Üstəlik, yerli futbolçu olması da əlavə üstünlükdü. İnşallah, komandaya xeyir verə biləcək.
- Kamal Bayramov qəzetimizə müsahibəsində “Zirə”dən ayrılmaq istədiyini, məhz buna görə də daha çox pul tələb etdiyini demişdi. Həqiqətənmi belədi?
- Söhbətin əvvəlində gündə bir söz eşidib əsəbləşdiyimi demişdim ha, bax, belə şeyləri nəzərdə tuturdum. Eşidirsən, əsəb keçirirsən və istirahətdən uzaqlaşırsan. Bu açıqlamanı eşidəndə əsəbləşməyib nə edəsən? Birindən müsahibə alırsız, o nə danışır, yazırsız. Amma dediklərinin bir-birinə uyğun olub-olmadığına fikir vermirsiz. Olmaz axı belə.
- Samir bəy, şəxsən Kamalla söhbətdə əvvəlki sözüylə sonrakı sözünün uyğun gəlmədiyini özünə bildirmişdim.
- Allah səndən razı olsun. Amma hamı sənin kimi etmir axı. “Zirə”dən bilə-bilə çox pul istədiyini də deyən Kamaldı, komandadan ayrılmaq istədiyini deyən də. Düzdü? Birdən sabah “Zirə” Kamalın istədiyi pul versəydi, necə olacaqdı? Qalacaqdı da, hə? Bayaq ayrılmaq istədiyini deyirdi axı.
- Deyir, bilirdim ki, tələb etdiyim paranı verməyəcəklər, “yaxşı yol” deyəcəklər.
- Hardan bilirdi? Allahdı bəyəm? Versəydik, necə olacaqdı?
- Kamal Bayramov “Zirə”ni öz xoşu ilə tərk edib, yoxsa klub rəhbərliyi müqaviləni yeniləmək istəməyib?
- Qapıçı üçün nəzərdə tutduğumuz məbləğ var idi. Hansı ki, ötən il aldığından çox idi. Çempionatın gedişində özünə bu haqda məlumat verilmişdi. Amma özünün gəlib konkret məbləğ deməsi xoş olmadı. “Yox” dedik və getməsinə şərait yaratdıq.
- “Çərçivə”dəki vəziyyət necə olacaq?
- Həmin mövqeyə legioner cəlb olunacaq. Orxan Sadıqlı ilə Abdulla Seyidəhmədov də bizimlədi.
- Gedənlərin arasında bir neçə nəfərin adı təəccüb doğurdu.
- Konkret kimləri nəzərdə tutursuz?
- Sadio Tounkara, Dilan Duventru, Aleksandr Dedov...
- Sadio neçə illərdi gözümüzün qabağındadı, nəyə qadir olduğunu da hamımız bilirik. Amma istədiyimizi ala bilmirdik ondan. “Məşqə gəl, məşq et, nə olar-olar” düşüncəsi mənlik deyildi. Duventru keyfiyyətli oyunçudu, bacarığı var. Amma nəzərdə tutduğumuz mövqedə ondan istədiyimi ala bilmirdim. Başqa mövqedə isə özünü narahat hiss edirdi, kömək edə bilmirdi. Dedov da onlar kimi. Yığma üzvüdü, təcrübəsi var. Amma məni “açmırdı”.
- Yay hazırlığı ilə bağlı planlarınız necədi?
- Sağlıq olsun, ayın 20-dən tibbi müayinələrə başlayırıq. 3-4 günü bu işlərə sərf edəcəyik. İyunun 25-dən isə kollektiv məşqlərə start verəcəyik. Hardasa iyulun 13-15-nə qədər Bakıda olacağıq, məşqləri “Bakı”nın təlim-məşq bazasında keçəcəyik. Bu müddətdə iki yoldaşlıq görüşü keçirmək istəyirik ki, “Sabah”ın razılığını almışıq. İkinci rəqibin kimliyi hələ bilinmir. İyulun 12-15-i aralığında Türkiyəyə yollanıb daha iki həftə orda hazırlaşacağıq. Təyyarə reysi ilə bağlı müəmma var. Orda da 4 yoldaşlıq görüşü keçirmək istəyirik. Arzulayırıq ki, Bakıda toplanışa başlayana qədər transfer çalışmalarını 80-90 faiz yoluna qoyaq.
HƏBİB