Mayın 29-da Avropanın diqqəti Bakıda olacaq. Zarafat deyil, həmin gün Olimpiya stadionunda “köhnə qitə”nin ikinci ən böyük turniri sayılan Avroliqanın final görüşü keçiriləcək. Ötən yay başlayıb bu ayın sonunda başa çatacaq yarışın finalına iki ünlü komandanın, İngiltərə təmsilçiləri “Çelsi”ylə “Arsenal”ın yüksəlməsi çoxlarının ürəyincə oldu. Həm adlı-sanlı futbolçuları canlı görmək baxımından maraqlıdı, həm də bu iki komanda son 2 ildə ölkəmizin bir nömrəli arenasında “Qarabağ”a qarşı oynayıb.
Daha bir diqqətçəkən məqam isə “zadəganlar”la “topçular”ın Azərbaycanda xeyli azarkeşinin və fanklublarının olmasıdı. Xatırlayırsızsa, “Qarabağ”la görüşlərdə bizimkiləri yox, ingilisləri dəstəkləyən xeyli sayda həmyerlimizi görmüşdük. Təbii, bu dəqiqə ən çox sevinən onlardı. Sevimli komandalarının finala yüksəlməsi bir tərəfə, oyunun Bakıya salınması bir başqa özəllikdi.
Vacib qarşılaşmadan öncə hər iki London təmsilçisinin Bakı fanklublarının rəhbərləri ilə danışmaq istəsək də, yalnız ikincilərlə əlaqə saxlamaq mümkün oldu. “Çelsi” fanklubunun rəhbərlərindən Murad Əliyevlə söhbətdə oyunöncəsi planlarına aydınlıq gətirməyə çalışdıq: “Rəsmi 160, qeyri-rəsmi 350 nəfər fanklub üzvü var. Təbii, onlardan bəziləri xaricdə yaşayan, orda təhsil alanlardı. Böyük əksəriyyət oyuna bilet alıb. Aralarında çatdırmayanlar da oldu. Fors-major hal yaşanmasa, mayın 29-da 90 nəfər stadionda olacağıq. Tribunada cəm halında, yoxsa pərakəndə oturacağımızı dəqiq bilmirik. Çünki heç də hamının biletindəki yerlərdən xəbərdar deyilik. Mümkün qədər fanklub şəklində birgə olmağa çalışacağıq. Banner keçirməyəcəyik, çünki iki bayraq hazırlamışıq. Üzərində “Çelsi”nin loqosu və bizim Azərbaycandan olduğumuzu bildirən əlamətlər var. Matçdan bir neçə saat öncə “Koroğlu” metrostansiyasının yaxınlığında bir araya gəlib, ordan arenaya yollanacağıq”.
Heç şübhəsiz, Bakıya İngiltərədən xeyli sayda “Çelsi” azarkeşi gələcək. Daha doğrusu, bir neçə fanklub və onların rəhbərləri. Maraqlıdı, Bakı nümayəndəliyinin rəsmilərinin qonaq fanatlarla görüşmək, nələrisə müzakirə etmək planı var? Murad bəy bu işdə çətinliklə üzləşdiklərini deyir: “Qarabağ” – “Çelsi” oyunundan əvvəl və sonra xeyli sayda ingilislə dostlaşmışdıq. Bu günə kimi onlarla əlaqəmiz var. Təəssüf ki, biletlər baha olduğuna görə əksəriyyəti gələ bilməyəcək. Gələnləri də tanımayacağıq. Buna baxmayaraq, Bakıya gələn qonaqlarla görüşəcəyik. Bunlar Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Gürcüstan kimi ölkələrdə yaşayan “Çelsi” azarkeşləridi. Onlarla sıx əlaqəmiz var, tez-tez danışırıq”.
Əliyev “Çelsi”nin futbolçuları ilə görüşmək niyyətində olduqlarını da gizlətmədi. Lakin buna görə hava limanına getməkdə məna görmür: “Məşqçi və futbolçu heyətini oteldə qarşılayacağıq. Hava limanına getməyin anlamı yoxdu. Ötən dəfə VİP-dən çıxmışdılar ki, görüşmək imkanımız olmamışdı. Çox güman, bu dəfə də eyni cür olacaq. Ona görə də ən yaxşısı otelə getməkdi. Onlar hava limanından otelə gələndə bizi orda görəcəklər. Təbii, bayraqları da götürəcəyik ki, Azərbaycan nümayəndəliyindən olduğumuzu bilsinlər. 2017-də Antonio Konte özü bizə yaxınlaşsa da, futbolçularına icazə verməmişdi. Güman edirik ki, bu dəfə belə bir problem olmaz”.
Stajlı “Çelsi” fanatı sonda oyunla bağlı proqnozunu da dilə gətirdi: “Fikrimcə, komandamız rahat qələbə qazanacaq. Cari mövsümdə premyer-liqada baş tutan oyunların birində 3:2 hesabıyla qələbə qazanmışdıq. Həmin vaxt mövsümün əvvəliydi, komanda yaxşı formadaydı. İkinci dövrədə isə “Arsenal” 2:0 udanda bizdə zədəlilərin sayı çox idi. Üstəlik, hücumçumuz da yox idi. Həm də bəxtimiz gətirmədi. Bu oyunun həm də London derbisi olduğunu nəzərə alsaq, uzatma dəqiqələrinə ehtiyac duyulacağını güman etmək olar”.
HƏBİB