Premyer-liqa mövsümü başa çatdığından, məşqçi və futbolçu heyəti əsas diqqətini istirahətə ayırıb. Lakin bu günlərdə heç də hamının dincəlmək imkanı yoxdu. Konkretləşdirsək, “Qəbələ”ylə “Sumqayıt”ın üzvləri gündə azı bir məşqə çıxır, kubokun mayın 19-dakı final görüşünə hazırlaşır.
İndiki məqamda bu oyunla bağlı proqnoz vermək olduqca çətindi. Bir neçə il əvvəl olsaydı, əminliklə “qırmızı-qaralar”ın qənimətə sahib çıxacağını düşünə bilərdik. Lakin “kimyaçılar”ın sürpriz rəqibə çevrilməsi və hər an istənilən nəticə əldə etmək bacarığına sahib olması ortada müəyyən şübhə yaradıb. Üstəlik, ortada “Qəbələ”nin qeyri-sabitliyi və ötən il mayın 28-də məhz kubokun finalında “Keşlə”yə uduzması faktı var.
Təbii, kimin qalib olacağının sizə və bizə dəxli yoxdu. Güclü kimdisə, o da qalib gəlib qəniməti muzeyinə aparsın. Bizim üçün önəmli olan avrokuboklarda iştiraka imkan verən sonuncu vəsiqəyə hansı komandanın yiyələnəcəyidi. Hər birimizin istəyi yayda ölkəmizi daha güclü və layiqli komandanın təmsil etməsidi. Avroliqada sonuncu iştirakçının adına isə Naxçıvandakı oyunun final fiti aydınlıq gətirəcək.
Maraqlıdı, futbol ictimaiyyəti hansı komandanın şanslarını yüksək qiymətləndirir? Başqa cür desək, hansının Avroliqaya vəsiqə qazanmasını istəyir? Bir neçəsi ilə söhbətdə suallarımıza cavab tapmağa çalışdıq.
Ağasəlim Mircavadov, Məşqçilər Komitəsinin üzvü: “Özüm dəfələrlə finala komanda hazırlamışam. Yəni birbaşa işin içində olmuşam. Əminliklə deyə bilərəm ki, finalda favorit göstərmək, hansısa komandanın qalib gələcəyini demək çətindi. “Akhisarspor” elitadan düşür, amma kubokun finalına yüksəlməyi bacardı. Bir az təcrübələri çatsaydı, qalib də ola bilərdilər. İki gün əvvəl Rusiya kubokunun yarımfinal oyununa baxdım. “Arsenal” çempionatda 6-cı pillədə yer alıb, “Ural” premyer-liqanı tərk etmək təhlükəsi ilə üz-üzədi. Buna baxmayaraq, “Ural” rəqibini məğlub edib, finala yüksəldi. Həm də səfərdə.”Rostov” Moskvada “Lokomotiv”lə 2:2 oynamışdı, evdə 0:2 uduzub mübarizəni dayandırdı. Deməyim odu ki, kubokda sürprizlər çox olur, nəsə demək çətindi. Ona görə də “Qəbələ”nin “Sumqayıt”ı udacağını deyə bilmərəm.
Hansının Avroliqaya vəsiqə qazanmasına gəlincə, əvvəlki vaxtlar olsaydı, “Qəbələ”ni arzulamaq olardı. Amma bugünkü durum hamıya məlumdu, bunu hamı bilir. Ona görə də avrokuboklara hansının vəsiqə qazanmasının xüsusi önəmi yoxdu. Təki ora gedən ölkəmizi layiqincə təmsil etsin”.
Yunis Hüseynov, işsiz mütəxəssis: “Bu yaxınlarda məndən hansı komandanın çempion olacağını soruşmuşdular, mən də “Neftçi”nin adını çəkmişdim. Çünki məni Yunis edən, tanıdan bu komanda olub. Gördüm ki, bu cür açıqlama verməyim bəzi azarkeşlərin xoşuna gəlməyib, başqa şeylər düşünüblər. İndi məni yenə eyni vəziyyətə salmaq istəyirsiz (gülür).
Soruşursuzsa, deyim. Onsuz da ağa ağ, qaraya qara deyən adamam. Belə baxanda hər iki komandanın səviyyəsi təxminən eynidi. “Qəbələ”nin 10-20 faiz nisbi üstünlüyü var ki, bu da heyətində legionerlərin olmasına görədi. Açığı, mənim üçün Avroliqaya hansı komandanın yollanması önəmli deyil. Çünki hər ikisi bizimdi. Sadəcə, “Qəbələ”nin beynəlxalq oyun təcrübəsi var, bir çox futbolçular vaxtilə qrupda çıxış ediblər, ordakı ab-havadan xəbərdardılar. Ona görə də, məncə, finalda qalib gələn “Qəbələ” olacaq”.
Vüsal Mahmudov, jurnalist: “Xüsusi olaraq hansısa komandanın adını çəkməyəcəm. Hansı güclü olacaqsa, o da qalib gəlib ölkəmizi Avropada təmsil etsin. Düzdü, indi elə vəziyyətdi ki, nə “Sumqayıt”a, nə də “Qəbələ”yə Avroliqada bel bağlamaq olar. “Qəbələ”də büdcə dəyişikliyi gözlənilir ki, hadisələrin sonrakı axarının necə olacağını müəyyənləşdirmək çətindi. “Sumqayıt”ın heyətə legioner cəlb etmək şansı yoxdu deyə, kubokun qalibi olsalar, Avroliqaya aşağı-yuxarı indiki heyətlə gedəcəklər. Mənim üçün hansısa birinin qalib gəlməsinin və avrokuboklarda iştirak etməsinin prinsipial önəmi yoxdu”.
Fərid Qarazadə, oxucu: “Bilirsiz ki, finallarda, adətən, favorit göstərilmir. Hər iki komandanın qələbə qazanacağı təqdirdə avrokuboklara vəsiqə qazanması və ilk tituluna yiyələnməsi maraqlı mübarizə vəd edir. Kağız üzərində favorit "Qəbələ"di. Elə mən də hiss edirəm ki, bu mübarizədən “Qəbələ” qələbə ilə ayrılacaq. Çünki “Qəbələ” komanda kimi daha təcrübəlidi və oyunçu səviyyəsi baxımından da rəqibini üstələyir. Klubun rəhbər postunda edilən dəyişiklikdən sonra bütün “Qəbələ”li oyunçular kuboku qazanmaq üçün meydanda əllərindən gələni edəcəklər. O ki qaldı "Sumqayıt"a, bu komandanın qələbəsi şəhərin 70 illik yubileyinə gözəl bir hədiyyə olar. Qoy güclü qalib gəlsin!
"Qəbələ"nin avrokuboklarda reytinqi yüksəkdi və ikinci mərhələdə daha zəif klubla qarşılaşa bilər. Amma Lüksemburq təmsilçisinə ötənilki məğlubiyyət adamı düşünməyə vadar edir. “Sumqayıt” isə kuboku qazanıb heyətinə legioner transfer edə və daha güclü komandaya çevrilə bilər. Finalda kimin qalib gələcəyinin faydalı olmasını iyulda görəcəyik. Mənim üçün hansı komandamızın avrokuboklarda çıxış etməsinin prinsipial fərqi yoxdu. Hər bir təmsilçimizin daha çox irəli getməsini arzulayıram. Ardıcıl 5 il "Qarabağ"la "Qəbələ" bizə qrup həyəcanını yaşatmağı bacarıblar. İnanıram ki, ən azı bir komandamız yenə də bu həyəcanı azarkeşlərə yaşadacaq”.
HƏBİB