Şəmsəddin Abbasov: "Bir gün əvvəl və oyun günü canlı bağlantılarımız olacaq"
Mövsümə mayın 19-da yekun vurulacaq ki, "Sumqayıt" və "Qəbələ" kubokun finalında Naxçıvanda üz-üzə gələcək. Mütləq əksəriyyət qarşılaşmanı "CBC Sport" vasitəsilə izləyəcək. Hər halda, Muxtar Respublikaya paytaxtdan gedənlərin sayı o qədər də çox olmayacaq. "Qəbələ" və "Sumqayıt" birlikdə stadionun yarısını belə doldura bilməyəcək. Elə media nümayəndələrinin sayı da çox olmayacaq. Odu ki, əksəriyyət gözünü ekrana dikəcək. Bəs "CBC Sport" tamaşaçısı üçün nə kimi yeniliklər hazırlayıb? Bu suala telekanal rəhbərliyi cavab verə bilərdi ki, biz də baş redaktor Şəmsəddin Abbasovu aradıq.
O, açıqlamasında məsələyə belə aydınlıq gətirdi: "Naxçıvana geniş heyətlə yollanacağıq. Oyun bazar günü olacaq və çəkiliş qrupumuz ora bir gün əvvəl gedəcək. Həm şənbə günü, həm də ertəsi Naxçıvandan canlı bağlantılarımız olacaq. Qarşılaşmanı Elnur Məmmədli şərh edəcək. Ancaq mən və Fərid Axundov da Naxçıvana gedəcəyik. Burda Rüstəm Əfsərli və başqa əməkdaşlarımız qalacaq. Kuboka həsr olunan əlavə veriliş hazırlanacaq və biz ordan bağlanacağıq. Qonaq dəvət olunması və başqa məsələlər texniki prosedurlardı, hansı ki, daim edirik".
MİRAĞA