“Növbəti 3 oyunda da “sürüyəcəklər”, təki çempionluğu “Sumqayıt”a versinlər”
Birinci divizionun 23-cü turunda gözlənilməz nəticə qeydə alındı. Elitaya yüksəlmək tapşırığının öhdəsindən vaxtından əvvəl gələn MOİK-in əsas rəqiblərindən sayılan “Neftçi-2”yə məğlub olacağını çoxları proqnozlaşdırmırdı. Lakin aprelin 17-də “ASK Arena”da keçirilən və 100 azarkeşin izlədiyi oyundan “ağ-qaralar” qalib ayrılmağı bacardı. Həm də çətinliklə yox, 4:1 hesablı inamlı qələbəylə.
“Hərbçilər”in məlum yenilgisi “Zaqatala” azarkeşi olan İnqilab Soltanovun xoşuna gəlməyib. Stajlı fanat şəxsi “feysbuk” səhifəsində əsəblərini bu cür soyutmaq istəyib ki, bununla həm də MOİK-in məğlubiyyətinə şübhə ilə yanaşmış olduğunu göstərib: “MOİK, 1:4 hesablı məğlubiyyəti necə başa düşək? Sizi burdan təhqir edək? 22 oyuna 16 top buraxırsan, 1 oyunda isə 4-nü. Nə qədər alçaqlıq etsəz də, 3-cü pillənin sahibi “Zaqatala” olacaq. Özünüzü ağıllı, başqalarını axmaq sayırsız? Paytaxtın hoqqabazlığından əl çəkin! 10 klub Bakıya yığılıb artistlik edirsiz. Hünəriniz çatır, gəlib Zaqatalada qələbə qazanın da. Niyə bacarmırsız? Çünki Zaqatalada qalib gəlmək hünəriniz deyil. Hələ bura çatmamış ayaqlarınız əsir. Elə ona görə də Azərbaycan futbolu bu gündədi. Ey MOİK. Növbəti tur Bakıda “Zaqatala” ilə görüşəcəksən. Görək həmin oyunda neçə top buraxacaqsan. Bəlkə totalizatorda 5+-ə oynayırdın, ay MOİK? Yəqin premyer-liqada iştirak etmək üçün milyonlar qazanmaq istəyirsən. Gözəl təhqirlərimi aprelin 26-da “Zaqatala” ilə oyunda eşidəcəksən”.
Soltanovun paylaşımına müxtəlif rəylər bildirilib ki, şərh yazanlar arasında MOİK-də köməkçi-məşqçi kimi çalışan Ramin Nəsibov da olub. Yeri gəlmişkən, Nəsibov vaxtilə “Simurq”un formasını geyib və İnqilab Soltanov onu tribunadan dəstəkləyən azarkeşlər arasında olub. Elə isə maraqlı söhbətlə siz da tanış olun.
Ramin Nasibov: “Qapımıza penalti yox idi, 3 metrlik ofsayd olur, laysman bayrağını qaldırmır. Sonradan tam “açıldıq”, növbəti qolu özümüz yaratdıq”.
İnqilab Soltanov: “Qardaş, kimdi günahkar? Bəlkə penaltinin verilməsinin, ofsaydın qeydə alınmamasının günahkarı mənəm?”
Ramin Nasibov: “Günahkarlar hakimlərə oxşayanları oyunlara göndərənlərdi. İnqilab, heç kim təhqirə keçməyə haqq vermir. 3 matçdı hakimlər bizi “sürüyür”. Növbəti 3 oyunda da “sürüyəcəklər”, təki çempionluğu “Sumqayıt”a versinlər. Oturmusuz Zaqatalada, heç nədən xəbəriniz yoxdu”.
İnqilab Soltanov: “Ramin, sən qardaşsan! Ancaq Azərbaycanda futbolu stadionlarda yox, kabinetlərdə oynayırlar. Biz bu ölkədə hər şeyi görmüşük.Heç vaxt bizdə ədalətli futbol olmayıb. Nifrət edirəm bu ölkənin Bakı çempionatına”.
Ramin Nasibov: “Qardaş, mesaj bölməsinə bax”.
Mübahisə bir neçə dəqiqəni əhatə edib səngisə də, MOİK-in məşqçisinin iddiası bizə düşünmək üçün xeyli əsas verir. Görünür, AFFA-nın baş katibi Elxan Məmmədovun “sağ əli” sayılan Riad Rəfiyevin əsas komandayla qazana bilmədiyi uğuru əvəzedicilərlə etməsi gizli planın tərkib hissəsidi. Və bu istəkdən artıq hər kəs xəbərdardı. Ramin Nəsibov kimi…
HƏBİB