“Real”ın ardından “Yuventus”u da mübarizədən kənarlaşıraraq Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanan “Ayaks”ın uğuruna “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov da biganə qalmayıb. Tahir bəy “feysbuk” sosial şəbəkəsində bölüşdüyü bloqunda Amsterdam təmsilçisinin uğurunu xırdalamaqla yanaşı, “Futbol+”i də yada salıb: “Hamı "Ayaks"dan danışır. Son bir ayda iki dünya nəhəngini möhtəşəm qələbələri ilə sıradan çıxarıb. Çünki "Ayaks"ın özü bir nəhəngdi. Tək futbol yox, ilk olaraq beyin nəhəngi...Hər kəs meydanda son nəticəni görür. "Ayaks" bir daha sübut etdi ki, futbolda hər şey pulla həll olunmur. Düzgün qurulmuş sistem, futbolu bilənlər, bacaranlar sayəsində Avropa standartlarına görə pullulara baxanda, daha az vəsaitlə maksimuma da nail olmaq mümkündü. Bu o demək deyil ki, "Ayaks"ın vəsaiti yoxdu. Klubun titul sponsorları ilə yanaşı, 20-ə yaxın müxtəlif şirkətlərlə tərədaşlıqları, əməkdaşlıqları var. Hətta Hollandiyanın ən böyük gündəlik nəşri "De Teleqraaf" klubun rəsmi media-tərəfdaşıdı. Bizim isə köklü klublarımız dağılır, dağıdılır, "Futbol+" can verir...
Azərbaycan xalqının, dövlətinin, iqisadiyyatının, futbolumuzun kifayət qədər potensialı var. Problem beyinlərdə, işə yanaşmada, təfəkkür dərinliyinin olmamasında, yadların futbolda "futbol" oynamasındadı...
Düşünək, doğru yol gedək ki, Azərbaycanda da böyük futbol olsun!”
RƏŞAD hazırladı