İslandiyalı 8 oyunda buraxdığı 12 qolla yadda qaldı
Premyer-liqada oynamaq şansı qazanmayan legionerlər mövsümün sonunu gözləmək niyyətində deyil. Bir neçə gün öncə Ansi Aqollinin “Qarabağ”dan, Miloş Bosançiçin “Sabah”dan qəfil ayrılması təəccüblü görünmüşdüsə, dünən eyni addımı Hannes Halldorsson atdı.
Ötən yay keçirilən dünya çempionatında İslandiya - Argentina qarşılaşmasında Lionel Messinin penalti zərbəsini dəf etməklə dünyaya səs salan təcrübəli qolkiperin “Qarabağ”a keçidi yetərincə ajiotaj doğurmuşdu. Futbolsevərlər Hannesin timsalında İbrahim Şehiçin boşaltdığı mövqedəki boşluğun aradan qalxacağını gözləyirdi. Lakin bu baş vermədi. İslandiyalı qolkiper ölkəmizdə çıxış etdiyi 9 ayda əsas heyət üzvünə çevrilə bilmədi. Əksinə, “Sportinq”lə Bakıdakı qarşılaşmada etdiyi səhvlərlə gülüş obyektinə çevrildi. Halldorsson premyer-liqada forma geydiyi 4 oyunda 4 dəfə, avrokuboklardakı eyni sayda matçda isə 8 dəfə topu tordan çıxarmaqla yadda qaldı. 8 oyun və buraxılan 12 top. Təbii ki, dünya çempionatında çıxış etmiş futbolçunun adına yaraşan göstərici deyil. Odu ki, klub rəhbərliyi Hanneslə 2020-ci ilin yayında bitəcək müqaviləni vaxtından əvvəl, qarşılıqlı razılıq əsasında pozmağı qərara aldı.
Maraq üçün qeyd edək ki, həm də rejissor olan qapıçı Azərbaycana gələnə qədər İslandiyanın müxtəlif klublarında top qovmuş, Norveç, Hollandiya və Danimarkada legioner həyatı yaşamışdı.
HƏBİB