Hüseyn Məhəmmədov: “Miloşeviçin səhvi olduğuna görə ona yadından çıxmayacaq “dərs” verdim”
Vaxtilə “Olimpik-Şüvəlan”ın şərəfini qorumuş Domaqoy Kosiç Xorvatiya - Azərbaycan oyunundan öncə ölkəsinin mətbuatına açıqlama verib. Yarımmüdafiəçi xorvat həmkarımızla söhbətdə Azərbaycan futbolu ilə bağlı biabırçı fikirlər səsləndirib: “Azərbaycana gedəndə klub rəhbərliyi bizə çox şey söz verdi. Sonradan kim onları qane etmədisə, sənədlərini qaytardılar və dedilər ki, sizin üçün icazə ala bilmədik. İstədikləri futbolçuların pasportlarını götürdülər və icazə alındığını bildirdilər. Onların arasında mən də var idim. Çempionat başlayana qədər müqavilə bağlamalıydıq. Lakin bizə vəd olunan məbləğdən az pul verdilər və dedilər ki, müqaviləyə qol çəkməlisiz, yoxsa sənədlərinizi qaytarmayacağıq. Əvvəlcə çempionatda hər şey yaxşı gedirdi. Nəticələr pisləşəndə isə müqavilələrin etibarsız olduğunu dedilər. Ən pis hadisə məşqlərin birində baş verdi. Semyon Miloşeviç son oyunda qırmızı vərəqə aldığı üçün məşqdə üzr istədi. Amma klub rəsmilərindən biri onun üzrxahlığını qəbul etmədi və yumruqla başından vurdu. Sonra isə yanındakılar da ona qoşuldular və oyunçunu döyməyə başladılar. Çox qorxulu mənzərə idi. Hadisənin üstündən bir neçə gün keçməsinə baxmayaraq, hələ də nə baş verdiyini anlamaqda çətinlik çəkirdim. Həmin an bir fikrim var idi: Azərbaycandan qaçmaq. Baş vermiş hadisədən çox qorxmuşdum”.
Xatırladaq ki, Kosiç “Olimpik-Şüvəlan”ın şərəfini 2005/06 mövsümündə qoruyub. Həmin müddətdə komandanın baş məşqçisi serbiyalı mütəxəssis Petr Kurçibiç olub. Xorvat yarımmüdafiəçi Samir Mütəllimov, Hüseyn Məhəmmədov, Vidadi Rzayev, Amil Ağacanov, Vüqar Quliyev, Zaur İsmayılov, Nizami Hacıyev kimi ölkə futbolunda müəyyən iz qoymuş futbolçularla çiyin-çiyinə oynayıb. Kosiçin açıqlaması futbol ictimaiyyəti arasında ciddi əks-səda doğurduğundan 13 il əvvəl onunla eyni komandada çıxış etmiş futbolçuların söylənilənlərə münasibət bildirməsini düşündük. Bu məqsədlə öncə sözügedən mövsümdə 10 oyunda “Olimpik-Şüvəlan”ın qapısını qorumuş Hüseyn Məhəmmədovu aradıq. Və məlum oldu ki, qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan, ertəsi məşqdə rəhbərlikdə üzr istəyərkən fiziki təzyiqə məruz qalan Semyon Miloşeviçə “qulaqburması verən” də məhz o olub. Məhəmmədov olayı belə xatırladı: “Olimpik-Şüvəlan” yeni yaranmış komanda idi. Rəhbər kimi kağız üzərində Kamil Məmmədovla Orxan Hüseynzadə göztərilsə də, mən də pul xərcləyənlərdən biri idim. Demək olar ki, komanda mənim ətrafımda quruldu. 2005/06 mövsümünün əvvəlində baş məşqçi Stepan Çordaş idi. Komanda onun rəhbərliyi altında ilk turlarda uğursuz olduğundan, baş məşqçi dəyişikliyi oldu və onu Petr Kurçibiç əvəzlədi. Serb mütəxəssisin gəlişi ilə düşərgəyə baxışdan keçmək üçün Xorvatiya və Serbiyadan ümumilikdə 8 oyunçu dəvət olunmuşdu. Onlardan 5-i komandada qalası oldu ki, onların arasında Semyon Miloşeviç və Domaqoy Kosiç də var idi. İlk vaxtlar balkanlardan olan oyunçular özlərini sakir aparırdılar. Lakin vaxt ötdükcə Kurçibiçin baş məşqçi olmağından istifadə edən serb və xorvatlar özlərini “göylə aparmağa” başladılar. Hər xırda detala görə rəhbərliyə etiraz edir, azərbaycanlı oyunçulara yerli-yersiz irad bildirirdilər. Miloşeviç oyunların birində meydandan qovuldu. Ertəsi məşqdə heç kim ona heç nə deməmişdi. Məşq prosesində serbiyalı yerlilərdən birinə öz dilində (həmin söyüşü serb dilində deyir – R.) ana söyüşü söydü. Bunu eşidən kimi Semyona yaxınlaşıb yaxasından yapışdım və möhkəm silkələyib “ağıllı” olmasını istədim. Hamısı rus dilində bildiyindən “bura Azərbaycandı, bu söyüşə görə adamın başını kəsərlər “ deyib, bir də belə səhvə yol verməməsini tapşırdım. Onlar rəhbərliyin gənc olmasından istifadə edib, özlərini təcrübəli kimi göstərib, əlavə dividend qazanmaq istəyirdilər. Həmin söhbətdən sonra “qazları alındı”. İndi Kosiç çıxıb öz mətbuatlarında ağzına gələni deyə bilər. Ancaq Miloşeviçin səhvi olduğuna görə ona yadından çıxmayacaq “dərs” verdim. Məşqdən sonra serb futbolçu paltardəyişmə otağında hamıdan üzr istədi”.
RƏŞAD