Arzuman Rizvanov: “Can-başla millimizin şərəfini layiqincə qorumağa hazıram”
Arzuman Rizvanov azsaylı azərbaycanlı futbolçulardandı ki, gənc yaşlarından ölkə xaricinə üz tutub. İlyarım Çexiyanın ən köklü klublarından olan “Banik”in ikinci komandasında çıxış edən 20 yaşlı yarımmüdafiəçi qış fasiləsində klubunu dəyişməklə yadda qaldı. Rizvanov bu dəfə Çexiyanın daha bir tanınmış klubu “Bohemians 05”ə üz tutdu. U-21-ə də cəlb olunan futbolçunu arayıb həm klubunu dəyişməsinin səbəbini öyrəndik, həm də bizi maraqlandıran başqa suallara cavab tapmağa çalışdıq.
- Arzuman, salam, necəsən? İşlərin necədi?
- Salam, yaxşıyam, sağ olun. İşlərim qaydasındadı. Məşq edirəm, oyunlara hazırlaşıram, yeni komandaya uyğunlaşmaq dövrünü mümkün qədər tez keçməyə çalışıram. Bir sözlə, peşəkar futbolçu nə etməlidisə, onu da edirəm.
- Qış fasiləsində ilyarım şərəfini qoruduğun "Banik"i "Bohemians 05"ə dəyişdin. Praqa klubunun şərtləri daha yaxşı olduğuna görə ora yollandın, yoxsa başqa səbəblər var?
- Əvvəlcə onu bildirim ki, hər iki klub Çexiyanın yüksək liqasında çıxış edir. Həm “Bohemians 05”, həm də Ostrava təmsilçisi “Banik” Çexiyanın köklü klublarıdı. Səbəblər bir neçədi. “Banik”dəki durumum məni qane edirdi. Sadəcə, Praqa klubunda daha tez inkişaf edəcəyimi düşünüb bu addımı atdım. "Bohemians 05" gənc oyunçulara daha çox güvənir. Heyətdə yer alanların əksəriyyəti elə mənim həmyaşıdlarımdı.
- Ancaq “Banik” tunir cədvəlində ilk “üçlük”dədi, “Bohemians 05" isə aşağı sıralarda yer alıb.
- Bəlkə də yaşım çox olsaydı, bu məqamı nəzərə alardım. Ancaq indi elə yaşdayam ki, daim meydana çıxmalıyam. Məncə, mükafata iddialı klubun ikinci komandasında oynamaqdansa, autsayderin əsas kollektivində çıxış etmək, daha səviyyəli futbolçulara qarşı oynamaq daha məqsədəuyğundu. Çünki mən inkişaf etmək, daim göz qabağında olmaq istəyirəm. Gələcəkdə daha iddialı klublara keçmək üçün bu vacibdi.
- Bildiyimə görə, qış transfer dönəmində İspaniya və Ukrayna klublarından da təklif almısan. Ancaq nədənsə Çexiyada qalmağa üstünlük vermisən. İspaniyada top qovmaq, demək olar ki, bütün futbolçuların arzusudu. Sən isə “Malaqa”dan gələn real təklifi geri çevirmisən...
- Bəli, hər iki ölkədən təkliflər var idi. “Malaqa” məni ikinci komandasında görmək istəyirdi. Kiyev “Arsenal”ı isə əsas komandaya dəvət etmişdi. Həmin vaxt "Bohemians 05"dən də təklif aldım. Çox düşünəndən sonra Çexiya klubuna üstünlük verdim. “Malaqa”nın B komandasında oynamaq istəmədim. Ukrayna ilə müqayisədə Çexiyanın yüksək liqasında çıxış etmək daha yaxşıdı. Çexiya Avropaya daha yaxındı. İtaliya və Almaniya klublarının skautları bu ölkənin çempionatını yaxından izləyir. Və bunun da nəticəsi kimi hər il çox sayda çex futbolçular və burda top qovan legionerlər adını çəkdiyim ölkələrin klublarına yollanırlar. Bəlkə də səhv qərar vermişəm, deyə bilmərəm. Hər şeyi zaman göstərəcək. Onu da qeyd edim ki, Çexiyanı xoşlayıram, özümü burda yad hiss etmirəm. “Bohemians 05"də olan ab-hava, işə yanaşma, sistem marağımı daha çox cəlb etdi.
- Çexiya futbolu ilə Azərbaycan futbol arasında müqayisə aparmağını istərdim. Çexiya futbolunda daha çox nəyə diqqət yetirirlər?
- Geridə qalan iki ilə yaxın müddətdə Çexiyada bir sıra məşqçilərlə işləmişəm. Burda hər bir məşqçi ilk növbədə futbolçunun döyüşkən ruhunun olub-olmamasına diqqət yetirir. Meydana çıxan hər bir oyunçu 90 dəqiqə dayanmadan qaçmalı, yeri gələndə vuruşmalıdı. Hər ölkənin öz futbol mentallığı var. Çexiyada isə ağıl, sürət, texnika, fiziki hazırlıqdan savayı, oyunçunun meydanda döyüşkən olması vacibdi. Sərt oyunu xoşlayırlar.
- "Banik"də bir neçə ölkədən legionerlər var idi. Əsasən də ukraynalılar çoxluq təşkil edirdi. Bəs yeni klubunda necədi?
- Yeni klubda da məndən savayı bir neçə legioner var. “Banik”də əcnəbilərin sayı daha çox idi. Qeyd etdiyim kimi, klubun yürütdüyü siyasətin ana xətti gənc oyunçulara şans tanıyıb, onlarla birlikdə irəliləməkdi.
- Bu gün Azərbvaycan futbolunda iki-üç klubu çıxmaq şərti ilə qalanlarının büdcəci elə də böyük deyil. Çexiyada bu yöndə vəziyyət necədi? Ən imkanlı klubda futbolçular təxminən nə qədər maaş alırlar?
- Hər ölkədə olduğu kimi, başda gələn, ölkə daxilində güclü olan, Avroliqada və yaxud Çempionlar Liqasında çıxış edən klubların maliyyə cəhətdən sıxıntısı olmur. Çexiyada “Banik”, “Slaviya”, “Sparta”, “Viktoriya” kimi klubların büdcələri daha genişdi. Ancaq futbolçulara nə qədər maaş verdiklərini dəqiq deyə bilmərəm.
- Çox vaxt bizim futbolçular legioner həyataı yaşamaqda çətinlik çəkirlər ki, bunu da dil, məişət problemi, yerli mühitə uyğunlaşa bilməmələri ilə əlaqələndirirlər. Səndə vəziyyət necədi? Çexiya həyatı səni sıxmır ki?
- Həqiqətən legioner həyatı yaşamaq çətindi. Dil mənim üçün problem olmayıb. Alman, rus dillərində sərbəst danışıram. İngiliscəm də də orta səviyyədədi. Çex dilini də öyrənməyə davam edirəm. Məşq prosesində məşqçinin tapşırıqlarını anlayıram və yerinə yetirirəm. Ən vacibi də budu. Oyun zamanı komanda yoldaşlarınla kommunikasiya qurmaq və dediklərini anlamaq baxımından da çətinliyim yoxdu. Ancaq bəzən görürsən ki, dükanda, kafedə elə sözlər işlədirlər ki, başa düşmürəm. Yəqin ki, vaxt ötdükcə çex dilini daha yaxşı mənimsəyəcəm. Yeni mühitə öyrəşməyin çətin olmasına gəlincə, həqiqətən də elədi. Ailədən, dost-tanışdan uzaq düşdüyün ilk vaxtlar hamı üçün çətin olur. Mən də bu hissləri yaşamışam. Lakin müəyyən vaxtdan sonra öyrəşirsən. Hər şey insanın özündən asılıdı. Güclü xarakterə maliksənsə, bu həddi aşa biləcəksən. Bir də ən vacib şərt yollandığın ölkənin insanlarına tez qaynayıb-qarışmaqdı. Onların mədəniyyətinə bələd olub, nəyə yaxşı, nəyə pis baxdıqlarını bilməlisən. Yerli futbolçularla yaxın olanda da uyğunlaşma müddətini tez başa vurursan. Şəxsən mən bu yolu seçdim və effekt verdi.
- Sən həm də Taras Şevçenko adına Kiyev Dövlət Universitetində təhsil alırsan. Peşəkar futbolla təhsili bir araya sığışdırmaq çətin deyil?
- Bəli, adını qeyd etdiyiniz universitetin Hüquq fakultəsində qiyabi təhsil alıram. Çətin olur, çünki futbol oynamağı dərs oxumaqdan daha çox sevirəm. Buna görə də vaxtımın çoxunu futbola həsr edirəm. Lakin təhsilli olmaq, biliyini artırmaq, məncə, hər bir idmançıya lazımdı. Məsələn, Belçika futbolunda artıq illərdi buna xüsusi diqqət yetirilir. Ümumiyyətlə, Avropada əksər peşəkar futbolçuların ali təhsili var, hansısa ixtisas üzrə diplom sahibidilər. Təhsilə fikir verməyənlər əsasən Afrika və Cənubi Amerikadan olan oyunçulardı.
- Praqada boş vaxtlarını necə keçirirsən, komanda yoldaşlarından daha çox kimlərlə yaxınlıq edirsən? Çexiyada, xüsusilə də Praqada azərbaycanlıların sayı çoxdu. Onlarla görüşürsən?
- Praqada boş vaxtlarımı çalışıram daha çox istirahətə yönəldim. Qalan vaxtlarda isə komanda yoldaşlarımla, tanışlarımla şəhəri gəzirəm. Praqanın görməli yerləri çoxdu. Çexiya paytaxtında bəzi azərbaycanlılarla tanış olmuşam. Fəridlə (Fərid Nəbiyevi nəzərdə tutur - R.) də tez-tez görüşür, birgə vaxt keçiririk. Onu da qeyd edim ki, bu yaxınlarda rəqib kimi üz-üzə gələcəyik.
- U-21-də baş məşqçi dəyişikliyi baş verib. Milan Obradoviçdən təklif gözləyirsən? Ümumiyyətlə, U-21 haqda hansı fikirdəsən?
- Yığmaya dəvət olunmağım ilk növbədə özümdən asılıdı. Məşqçilər hər bir oyunçunu nəzarətdə saxlayırlar, heç bir futbolçu diqqətdən kənarda qalmır. Dəvət alsam, təbii ki, can-başla millimizin şərəfini layiqincə qorumağa hazıram.
RƏŞAD