Hakimlər və Hakim-İnspektorlar Komitəsinə rəhbər təyin olunan Frits Stuxlik jurnalsitlərlə ilk görüşündə iki həftə ərzində yeni komitə formalaşdıracağını bildirmişdi. Avstriyalı mütəxəssisin təyinatından az qala bir ay ötsə də, hələ ki bu yöndə heç bir rəsmi açıqlama yoxdu. Komitədə neçə nəfərin təmsil olunacağı, Stuxlikin kimlərə etimad göstərəcəyi AFFA rəhbərliyi tərəfindən məxfi saxlanılır. Buna baxmayaraq, ictimaiyyətə ara-sıra müəyyən informasiyalar sızır. Belə ki, bugünlərdə əldə etdiyimiz məlumata görə, avstriyalı funksionerin kadrlarından biri Arif Əsədov olacaq. “Neftçi” ilə ölkə çempionluğunu bayram edən, bir ara assosiasiyanın təşkil etdiyi məşqçi kurslarında dərs deyən, ötən mövsüm birinci divizionda “Sabah”ı çalışdıran Arif bəy bundan sonra əmək fəaliyyətini Hakimlər və Hakim-İnspektorlar Komitəsində davam etdirəcək.
Söylənilənlərə aydınlıq gətirmək üçün Əsədovla əlaqə saxladıq: “Mənə AFFA-dan təklif gəlib, həmin iclasda da iştirak etmişəm. Assosiasiya rəhbərliyi yeni formalaşan komitədə təmsil olunmağımı istədi. Qeyd etdiyim toplantıda AFFA-nın baş katibi Elxan Məmmədov çıxışında bildirdi ki, komitə yenidən formalaşdırılacaq. Baş katib məşqçilərin bu qurumun işində yaxından iştirakının vacibliyini diqqətə çatdırdı. Fikrimcə, baş katibin irəli sürdüyü təklif düzgün addımdı. Bəzən məşqçilərlə bağlı həddən artıq sərt cəzalar tətbiq olunur. Xırda bir anlaşılmazlığa və ya səhvə görə çalışdırıcı 3-4 oyun texniki zonadan uzaqlaşdırılır. Təbii ki, bu da çox vaxt həmin komandanın növbəti oyunlarda yaxşı çıxış etməməsinə səbəb olur. Və son nəticədə məşqçi iş yerini itirir. Bizləri başa düşmək lazımdı. Səhvi hamı edir. Məşqçi də, hakim də. Gərək bir-birimizin işinə hörmət qoyaq. İlboyu çəkdiyimiz əziyyət bir hakimin hansısa səhvinə görə heç olmamalıdı. Futbol adamlarıyıq, bu sahənin dərinliklərini və incəliklərini bilirik. Fikrimcə, tövsiyələrimizlə yeni komitənin işini daha yaxşı qurmasına kömək edə bilərik”.
RƏŞAD