Rüfət Dadaşov yoxlama oyununda fərqləndi
“Trabzonspor” Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. “Bordo-mavililər” son mövsümdə Xorvatiya çempionatında 5-ci yeri tutan “Lokomotiva”nı sınağa çəkib. Qaradənizlilər Zaqreb təmsilçisini 1:0 hesabıyla məğlub edib. 67-ci dəqiqədə Yusuf Yazıcının yerinə meydana çıxan Ramil Şeydayev 8 dəqiqə sonra rəqib qapıçının kobud səhvini bağışlamayıb.
Burak Yılmazın əməliyyat olunacağını nəzərə alsaq, yığma üzvünün Türkiyə klubunda möhkəmlənəcəyini düşünürdük. Bu qolun da da müəyyən qədər rolu ola bilərdi. Ancaq baş məşqçi Ünal Karaman Şeydayevi komandasında görmək istəmir. Bununla belə, hücumçunun satılmasına da razı deyil. Belədə Ramilin yenidən icarəyə verilməsi gündəmə gəlib. Məqsəd forvardın təcrübəsini artırdıqdan sonra geri dönməsidi. Mövcud durumda “Trabzonspor”un Slovakiyada baş tutacaq toplanışın 2-ci mərhələsində 22 yaşlı futbolçunun iştirak etməyəcəyi gözləniləndi.
Xatırladaq ki, Avstriya bundesliqasında çıxış edən “Mattersburq” Şeydayevi icarəyə götürmək istəyir. Amma tərəflər heç cür ortaq məxrəcə gələ bilmir.
Rüfət Dadaşov isə belə problem yaşamır. İndi onun məqsədi Almaniyanı 3-cü liqasında özünü göstərib, yenidən yığmaya qayıtmaqdı. Mövsümlərarası fasilədə Regional liqada çıxış edən Berlin “Dinamo”sundan “Pröyssen”ə keçən 26 yaşlı hücumçu yeni komandasının əsas qol ümidi sayılır. Hələ ki forvard pis təsir bağışlamır. İyulun 17-də Regional liqanın Qərb zonasında çıxış edən “Vattenşeyd-09”la yoxlama oyununda fərqlənməyi də bacarıb. Komandasının 4:1 hesabıyla qalib gəldiyi görüşün start heyətində yer alan Dadaşov 55-ci dəqiqədə 3-cü topu rəqibin qapısından keçirib. 66-cı dəqiqədə isə əvəzlənib.
Qeyd edək ki, 3-cü liqada yeni mövsümə ayın sonunda start veriləcək. “Qartallar” iyulun 28-də ilk tur çərçivəsində Köln “Fortuna”sının qonağı olacaq.