Rövşən Binnətli kabel çatışmazlığı üzündən şərhçilər otağında otura bilməyib
“Zirə” və “Sumqayıt” arasındakı qarşılaşma turun digər üç matçı kimi çempionatın yayın hüququna yiyələnən “CBC Sport” tərəfindən canlı yayınlandı. Ancaq o biri matçlardan fərqli, bu komandaların dueli əvvəlcədən planlaşdırıldığı saatda yox, 8 dəqiqə gec, daha dəqiq desək, 16.08-də start götürdü. Stadionda olarkən ləngimənin səbəbi ilə maraqlandıqda, problemin telekanaldan qaynaqlandığını bildirdilər.
Məsələyə aydınlıq gətirmək üçün “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq: “Qarşılaşmadan əvvəl oyunu yayınlamaq üçün peykə göndərdiyimiz siqnal qəbul olunmurdu. Sonradan bu prorblem aradan qalxdı. Ləngimə də məhz bununla bağlı idi”.
Matçda diqqəti çəkən daha bir məqam şərhçi otağının boş qalması oldu. Söylənilənlərə görə, Rövşən Binnətli görüşü studiyadan şərh edib. Ancaq Şəmsəddin bəy bizimlə söhbətdə deyilənlərin həqiqəti əks etdirmədiyini vurğuladı: “Rövşən Binnətli matçı məhz Zirədən şərh edib. Ancaq kabel şərhçi otağına çatmadığından Rövşən müəllim “CBC Sport”un maşınının dayandığı yerin yaxınlığında oturmuşdu. Kabellə bağlı problemə gəlincə, bildiyiniz kimi, fasilə dönəmində millinin və “Sumqayıt”ın Antalyadakı matçlarını canlı yayınladıq. Bunun üçün isə avadanlıqlarımızı Türkiyəyə aparmışdıq. Qardaş ölkəyə apardığımız avadanlıqların bəziləri hələ Bakıya çatmadığından, Zirədə müəyyən çətinliklə üzləşdik. Qarşıdakı turlarda bu yöndə heç bir problem olmayacaq”.
RƏŞAD