Stuxlik Babək Quliyevə hamıdan çox təyinat verib
Premyer-liqada ötən mövsümün yekunları ilə bağlı təhlilləri davam etdiririk. Əvvəlki yazılarımızda komandaların və futbolçuların, eləcə də hakimlərin çempionatdakı çıxışına dəfələrlə toxunmuşuq. İndi isə başa çatan mövsümdə oyunlara təyinat alan hakim-inspektor və AFFA nümayəndələrinin kimliyinə baxaq. Yəni kimlərin daha çox təyinat aldığını, hansı komandaların oyununa daha çox getdiyini araşdıracağıq.
Radikal islahat, davam edən repressiya
Bəribaşdan qeyd edək ki, hakim-inspektorlara və AFFA nümayəndələrinə başçılıq edən Frits Stuxlik 20 turluq marafon ərzində hərəsindən 15, ümumilikdə 30 nəfərin xidmətindən yararlanıb. Halbuki ötən mövsüm bu rəqəm 44-ə çatırdı. Görünür, bu, AFFA-nın qənaət rejiminə keçməsindən qaynaqlanır. Hər halda, hakimlərin sayında da azalma baş verib. Ötən mövsüm premyer-liqa oyunlarına 14 referi təyinat almışdısa, son yarışda onların sayı 11-ə endirilmişdi.
Əvvəlcə inspektorlardan başlayaq. Stuxlik mövsümə böyük dəyişikliklərlə başlamışdı. Murad Məmmədov, Fazil Mürşüdov, Əhmədağa Cabbarov, Füzuli Nəcəfov, Məlik Həsənov kimi illərin təcrübəsinə sahib mütəxəssislər bu və ya başqa səbəblərdən 2019/20-də gözə dəymədilər. Bundan başqa, Hakimlər Departamentinin üzvü Vüsal Əliyev də nədənsə bu mövsüm inspektor kimi siyahıya salınmamışdı. Əvəzində sonradan Fariz Yusifov imtahan verib oyunlara getməyə başladı. Ancaq elə mövsümün əvvəlində 2 inspektor uzaqlaşdırıldı. Söhbət Zöhrab Qədiyevlə Kərim Ağayevdən gedir. Qədiyev 1-ci turun “Keşlə” – “Qarabağ” qarşılaşmasında Orxan Məmmədovun işinə qiymət verdikdən sonra bir daha gözə görünmədisə, Əliyar Ağayevin atası Kərim bəyin görəcəyi 3-cü turun “Səbail” – “Qarabağ” oyunu oldu. Həmin oyunda Kamal Umudlunun işinə qiymət verən Ağayev sonrakı oyunlara təyinat almadı. Qeyd etdiyimiz kimi, sonradan yenilənən siyahıya əlavə olunanlardan Əmrah İbrahimov da vur-tut bir oyunda iş başında oldu. Təyinat bölgüsünə gəlincə, Babək Quliyev hamıdan çox – 9 oyuna təyinat alıb. Altı inspektor isə 20 oyunun 8-də iş başında olub. Asim Xudiyev, Rövşən Əhmədov kimi təcrübəli mütəxəssislərin az oyun alması da maraq doğurmaya bilməz.
İnspektorların hakimlərə görə bölgüsü də yarıtmazdı. Götürək Ceyhun Haşımovu: sabiq referi 8 dəfə iş başında olub və bunların 3-də Rəvan Həmzəzadə ilə yolları kəsişib. Halbuki mövsümü yola verən 11 hakimdən 5-i – Əliyar Ağayev, Rəhim Həsənov, Kamal Umudlu, Səbuhi Bayramov və Vüqar Həsənli ilə yolları, ümumiyyətlə, kəsişməyib. İmanxan Sultani isə 8 oyuna təyinat almasına baxmayaraq, cəmi 5 hakimlə görüşüb. Bu mənada Babək Quliyev nümunədi. Sabiq FİFA referisi 9 turda görünüb və hər dəfə fərqli hakimin işinə qiymət verib.
Başa çatan mövsümdə hakim-inspektorların təyinat bölgüsü belə olub:
Babək Quliyev - 9 (Əliyar Ağayev, Rəvan Həmzəzadə, Rauf Cabbarov, Orxan Məmmədov, Rəhim Həsənov, Vüqar Həsənli, İnqilab Məmmədov, Kamal Umudlu, Elçin Məsiyev – hamısı 1).
Ceyhun Haşımov - 8 (Rəvan Həmzəzadə - 3, Rauf Cabbarov, Orxan Məmmədov, İnqilab Məmmədov, Rövşən Rəcəbov, Elçin Məsiyev – hamısı 1).
Anar Salmanov – 8 (Əliyar Ağayev – 2, Rəhim Həsənov, İnqilab Məmmədov, Kamal Umudlu, Rövşən Rəcəbov, Elçin Məsiyev, Vüqar Həsənli - hamısı 1).
Ömər Paşayev - 8 (Kamal Umudlu – 2, Əliyar Ağayev, Rəvan Həmzəzadə, Orxan Məmmədov, Səbuhi Bayramov, Vüqar Həsənli, Elçin Məsiyev – hamısı 1).
İmanxan Sultani - 8 (Rauf Cabbarov, Səbuhi Bayramov, İnqilab Məmmədov – hamısı 2, Əliyar Ağayev, Rəhim Həsənov – hər ikisi 1).
Ramil Diniyev - 8 (Əliyar Ağayev, Vüqar Həsənli – hər ikisi 2, Rauf Cabbarov, Rəhim Həsənov, Səbuhi Bayramov, Elçin Məsiyev – hamısı 1).
Şahin Cəfərov - 8 (Əliyar Ağayev, Rauf Cabbarov – hər ikisi 2, Rəvan Həmzəzadə, Orxan Məmmədov, Kamal Umudlu, Elçin Məsiyev – hamısı 1).
Fariz Yusifov - 5 (Rəhim Həsənov, İnqilab Məmmədov, Kamal Umudlu, Orxan Məmmədov, Elçin Məsiyev – hamısı 1).
Asim Xudiyev - 5 (Əliyar Ağayev, İnqilab Məmmədov, Səbuhi Bayramov, Vüqar Həsənli, Kamal Umudlu – hamısı 1).
Munis Abdullayev - 4 (Əliyar Ağayev, Rauf Cabbarov, Rəvan Həmzəzadə, Kamal Umudlu – hamısı 1).
Rövşən Əhmədov - 3 (Əliyar Ağayev, Səbuhi Bayramov, Elçin Məsiyev – hamısı 1).
Feyzulla Feyzullayev - 3 (Rəhim Həsənov, İnqilab Məmmədov, Səbuhi Bayramov – hamısı 1).
Zöhrab Qədiyev - 1 (Orxan Məmmədov).
Kərim Ağayev - 1 (Kamal Umudlu).
Əmrah İbrahimov - 1 (Orxan Məmmədov).
Dünyasını dəyişən nümayəndəyə ögey-doğmalıq edilib
İndi isə AFFA nümayəndələrinin təyinat bölgüsünə nəzər yetirək. Maraqlıdı ki, premyer-liqa oyunlarına həm də 15 nümayəndə təyinat alıb. Onlar arasında isə ən çox Erkin Hüseynovla Eldəniz Musayev iş başında olub. Hər ikisi 7 matça təyinat alıb. Seymur Səlimli, Maşallah Əhmədov, Əsgər Əmirəliyev, Ramiz Mustafayev, Mübariz Hüseynov və İlham Əliyev 6 oyuna göndəriliblər. Nümayəndələrin təyinat bölgüsü daha biabırçıdı. Departament nümayəndələr arasında daha çox ögey-doğmalıq edib. Erkin Hüseynov və Eldəniz Musayev 7 dəfə iş başında olduğu halda, rəhmətlik Şaiq Həmidova cəmi 4 dəfə şans verilib. Onu da qeyd edək ki, mövsümün gedişində daha 3 nümayəndə çempionat oyunları üçün təsdiqlənib. Söhbət PFL rəsmiləri Elgiz Abbasovla Aslan Şahgəldiyevdən, eləcə də veteran futbolçu Asif Əliyevdən gedir. Ötən ilin yayından PFL-in Texniki İdman Şöbəsinin rəisi postuna təyin olunan Elgiz Abbasov və qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev birinci dövrənin son turunda premyer-liqada debüt ediblərsə, Asif Əliyev ikinci dövrədən nümayəndə getməyə başlayıb.
Beləliklə, 2019/20 mövsümündə iş başında olan AFFA nümayəndələrinin təyinat bölgüsünü diqqətinizə çatdırırq:
Erkin Hüseynov – 7 (2, 5, 8, 11, 14, 16, 20)
Eldəniz Musayev – 7 (3, 4, 8, 11, 14, 16, 19)
Seymur Səlimli – 6 (3, 6, 9, 12, 15, 18)
Maşallah Əhmədov – 6 (2, 5, 6, 10, 16, 19)
Əsgər Əmirəliyev – 6 (2, 5, 9, 14, 15, 19)
Ramiz Mustafayev – 6 (1, 4, 7, 10, 15, 19)
Mübariz Hüseynov – 6 (1, 4, 8, 11, 14, 18)
İlham Əliyev – 6 (3, 7, 10, 13, 17, 20)
Məmmədəli Məmmədov – 5 (1, 5, 9, 12, 16)
Rüfət Əmirov – 5 (3, 6, 10, 13, 18)
Şaiq Həmidov – 4 (1, 4, 11, 17)
Elbrus Abbasov – 4 (2, 6, 9, 12)
Elgiz Abbasov – 4 (7, 13, 17, 20)
Aslan Şahgəldiyev – 4 (7, 13, 15, 18)
Asif Əliyev – 4 (8, 12, 17, 20)
MİRAĞA