Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”, nəhayət, mötəbər turnirin hazırlığına start verdi. Uzun sürən qeyri-müəyyənlikdən sonra ağdamlıların koronavirus testini verib Qəbələyə yollanacağını xəbər vermişdik. Odu ki, “köhlət atlar” artıq kurort bölgəsindədi.
Testdən üzüağ çıxan məşqçi heyəti, texniki heyət və futbolçular iyulun 14-də Qəbələyə yollanıb. Çempion kollektiv “Qafqaz Sport” otelində məskunlaşıb. Yəni çempionatdakı əzəli rəqibləri olan “Neftçi”ylə eyni məkanda. Adı çəkilən otel lüks şəraitə malik olduğundan və stadionun “qulağının dibində” yerləşdiyindən, hər iki klub “Qafqaz Sport”u seçmək məcburiyyətində qalıb.
“Qarabağ” hazırlığa 22 futbolçu ilə start verib. Təbii ki, bunların heç də hamısı əsas komandanın üzvləri deyil. Əsas komandanın heyətində futbolçu sayı az olduğundan, Qurban Qurbanov “Qarabağ-2”nin bir neçə üzvünün Qəbələ toplanışında iştirakını məqsədəuyğun sayıb. Həm hazırlıq şən keçsin, həm də gənclər təcrübəsi toplasın deyə.
Bu dəqiqə həm klub rəhbərliyini, həm də məşqçilər heyətini narahat edən əsas məsələ aparıcı legionerlərin Azərbaycandan kənarda olmasıdı. Bildiyiniz kimi, Miçellə Xayme Romero təxminən iki həftə əvvəl İspaniyaya yola düşmüşdülər. İndi isə qayıtmaqları problemə çevrilib. Rəhbərlik əcnəbilərin toplanışa qoşulması üçün aidiyyatı qurumlarla danışıqları davam etdirir. Bu ayın 20-nə qədər Azərbaycana gələcəkləri gözlənilir. Maraqlıdı ki, onlara daha bir futbolçu qoşulacaq. Bu, “Qarabağ”ın razılıq əldə etdiyi və müqavilə bağlamaq üçün Bakıya gəlməli olan Kevin Medinadı. Kolumbiyalı futbolçu Lissabondadı ki, Portuqaliyanın paytaxtından İspaniyaya uçub “Qarabağ”ın ispanlarına qoşulmaq çətin deyil.
Yeri gəlmişkən, ağdamlılar yoldaşlıq görüşü keçirməyi də planlaşdırır. Artıq rəqibin adı və tarix də məlumdu. Komandaların heç birinin planında dəyişiklik olmasa, “Qarabağ” iyulun 18-də “Keşlə” ilə üz-üzə gələcək. Oyunun Qəbələdə keçirilməsinə dair razılıq əldə olunub. Halbuki bakılılar sınaq matçını iyulun 20-də keçirməyi planlaşdırırdı.
HƏBİB