Himayətoğlu: “Bu həftə olmasa da, növbəti həftə bəzi sualların cavabı bilinəcək”
Bu dəqiqə mətbuatda adı daha çox hallanan klub “Zirə”di desək, yanılmarıq. Qəsəbə təmsilçisi baş məşqçi Zaur Həşimovla yolları ayırdı, legionerlərin böyük əksəriyyəti ilə yeni müqavilənin imzalanmayacağı dəqiqləşib, yerli futbolçuların adı birbaşa bu klubla yanaşı hallanır. Üstəlik, büdcənin azaldılması əsas söhbət mövzusudu.
Bunların hamısı başadüşüləndi. Başa düşülməyən baş məşqçisi olmayan komandanın heyətini gücləndirməsi və yerli futbolçularla danışıqların aparılmasıdı. Yəni bir komandanın baş məşqçisi yoxdusa, ora yeni futbolçuların gətirilməsi absurddu, izahı yoxdu. Üstəlik, anlaşma müddəti başa çatan əcnəbilərin yola salınması da bir o qədər qəribədi. Bəlkə yeni gələn çalışdırıcı kimlərinsə qalmasını istəyəcək, yaxud danışıq aparılan və razılıq əldə olunan yerlilər onun oyun planına uyğun gəlməyəcək.
“Zirə”ylə bağlı qaranlıq məqamlar çoxdu. İstər baş məşqçi məsələsi, istər futbolçularla bağlı yaranmış suallar, istərsə də büdcə ilə bağlı qeyri-müəyyənlik. Suallarımıza “qartallar”ın meneceri Elman Himayətoğlu ilə söhbətdə aydınlıq gətirmək istəsək də, klub rəsmisi konkret fikir bildirməkdə çətinlik çəkdiyini söylədi: “Bildiyiniz kimi, ölkədə karantin rejimi tətbiq olunub. Ona görə də klubun bir çox işlərində durğunluq yaranıb. Bu gün üçün heç bir yenilik yoxdu. Fikrimcə, bu həftə olmasa da, növbəti həftə bəzi sualların cavabı bilinəcək. Biz də gözləmə mövqeyindəyik”.
HƏBİB