Həftəsonu qadağaları hamının kefinə soğan doğrayıb. İsti yay günlərində evə qapanmağın nə demək olduğunu xırdalamağa belə lüzum yoxdu. Amma buna məcburuqsa, qərarla barışmaqdan başqa yol yoxdu.
Futbol təsərrüfatı yol ayrıcındadı. Yoxlama oyunlarına start verilsə də, premyer-liqa və ölkə kubokunu başa çatdırmaq problemə çevrilib. Əlbəttə, buna görə məşqləri bərpa edən, futbolçularına oyun praktikası qazandırmağa çalışan klubları qınamağın yeri yoxdu. Çünki həftəsonu qadağalarının uzanacağı şübhə doğurmur. Bu variant isə mövsümü nəzərdə tutulan şəkildə bitirmək ideyasının üstündən çalın-çarpaz xətt çəkir. Hara firladırsan-fırlat, istənilən varinatda davam etmək mümkünsüz görünür.
Amma çıxış yolu da yox deyil. Özü də yalnız bir varinat var. Yetərincə də ağlabatandı. Klublar şələ-şüləsini yığıb, Bakını tərk etməlidi. İstiqamət isə Qəbələ olmalıdı. Elə bölgənin eyniadlı təmsilçisinin prezidenti Fariz Nəcəfov da son açıqlamasında açıq şəkildə buna işarə vurub. “Qəbələ”nin başqanı klubları qonaq çağırır. Əlbəttə, yaxşı başa düşürük ki, bu ənənəvi qonaqlıqlardan olmayacaq. Yəni “Qəbələ” heç kimə kabab qonaqlığı verməyə boyun olmur. Bölgədə qalmaq üçün gərək hamı əlini cibinə salsın. Bu müddət təxminən 1 ayı əhatə edəcək. Deməli, Qəbələyə köç edənlər 1 ay ərzində bütün xərcləri qarşılamağı göz önünə almalıdı. Çempionatın bərpa tarixi və oyunların yenilənmiş təqvimi razılaşdırılaraq açıqlanıbsa, buyurun, hərəkət edin. Bizli-sizli mövsümün bərpasını istəyirdiksə, başa vurmaq da bizlərin öhdəsinə düşür.
Deyək ki, Qəbələdə 1 ay qalmaq üçün klublar təxminən 50 min manat xərcə düşəcək. Olsun, bundan qorxmaq lazım deyil. Zatən doğma məkanlarınızda qalanda da bu məbləğin hardasa yarısını xərcləyəcəksiz. İndi nə edək, şərtlər bunu diqtə edir, başqa yol görünmür. “Fors-major” vəziyyət yaranıb ki, bu üzdən maliyyə itkisi ilə barışmaq lazım gəlir. Başqa varinatınız varsa, buyurun, deyin. Zatən indiki halda mövsümü başqa cür başa vurmaq mümkünsüz görünür.
Futbol təsərrüfatında olanların böyük əksəriyyəti mükafatçıların idman prinsiplərinə əsasən müəyyənləşməsinin tərəfdardı. Bunu söz xatirinə demirəm, açıqlamalar bu yöndədi. Bir halda ki, “davam” deyirik, onda nəyin bahasına olur-olsun, bu işi məntiqi sonluğa çatdırmalıyıq. Hamılıqla əziyyətə qatlaşmaqdan başqa yolu yoxdu bunun. Yox, əziyyət çəkmək, artıq xərcə düşmək istəmirsizsə, onda açıq şəkildə deyin, məsələ birdəfəlik qapansın. Çünki vaxtdan gedir, sonra bunu yığıb-yığışdırmaq mümkün olmayacaq. Bir sözlə, indi sizdən iradə, qətiyyət tələb olunur. Haydı, yığışın Qəbələyə!
P.S. Təbii ki, Operativ Qərargahın qərarından da çox şey asılı ola bilər. Amma hadisələrin axarı hələ ki ürəkaçan deyil...