Peyman yalnız marketə gedib-gəlir
Azərbaycanla qonşu olan dövlətlərdə də xüsusi karantin rejimi hökm sürür. Qonşularımız arasında ən ağır vəziyyət isə İrandadı. “Sumqayıt”ın futbolçusu Peyman Babayi bizimlə söhbətdə ölkəsində vəziyyətin hələ də ağır olduğunu ı bildirdi: “Hər gün bir neçə dəfə Təbrizdə yaşayan valideynlərimlə danışıram. Orda da hər kəs öz evinə çəkilib. Adamlar bir-birinə yardım etməyə çalışırlar. Bəziləri karantin rejiminə əməl etmirlər ki, bunun da nəticəsində virus yayılır. Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil. Çoxlu koronavirusa yoluxma halı qeydə alınıb. Şükür Allaha, ailə üzvlərimizdən hələ ki virusa yoluxan yoxdu”.
Mediada yayılan xəbərlərə inansaq, İranda koronavirus daha çox farsların yaşadığı bölgələrdə yayılıb. Bundan başqa, Çində olduğu kimi, İran hökumətinin də pandemiyadan ölənlərin sayını bilərəkdən az göstərdiyi deyilir. Babayi bu xəbərlərə belə reaksiya verdi: “İranda COVID-19 pandemiyası ilk dəfə Qumda üzə çıxdı. Novruz bayramına kimi İranda virusa yoluxanların sayı az idi. Ancaq bayram günlərində adamların bir-birinin evinə getməsi, küçələrdə və xiyabanlarda qələbəlik yaşanması koronavirusun geniş və sürətlə yayılmasına səbəb oldu. Bunun qarşsını almaq üçün hökumət hərəkətə keçəndə artıq gec idi. Bayramdan sonra şəhərlərin hamısına giriş bağlandı, karantin elan olundu. İndi İranın, demək olar ki, bütün şəhərlərində koronavirusa yoluxan xəstələr var. O ki qaldı ölənlərin sayının az göstərilməsinə, biz də İrandakı durumla bağlı saytlardan oxuyuruq. Yalandan deyə bilmərəm ki, statistika səhvdi. İranın 90 milyona yaxın əhalisi var. Bu xəstəlik də elədi ki, bir nəfər 100-ə yaxın insanı yoluxdura bilər. Bu üzdən kimin düz, kimin yalan danışdığını üzə çıxarmaq, dəqiq rəqəmlər söyləmək mənim üçün çətin olar. Yalnız onu deyə bilərəm ki, vəziyyət çox ağırdı və hər gün də yoluxanların sayında artım olur”.
“Sumqayıt”ın futbolçusu sonda karantin günlərini necə keçirməsi ilə bağlı da məlumat verdi: “Hər gün saat 11-də komandanın onlayn məşqi keçirilir. Məşq başa çatandan sonra internetdə müxtəlif filmləri izləyirəm. Qeyd etdiyim kimi, valideynlərim Təbrizdə olduqlarından Sumqayıtda tək yaşayıram. Buna görə də gündəlik yeməyimi də özüm hazırlayıram. Təbii ki, bütün gün evdə qalmaq mənim üçün çətindi, çox darıxdırıcıdı. Ancaq başqa əlac yoxdu, dözməli, səbirli olmalıyıq. İki gündü bilmişəm ki, 8103-ə SMS göndərməklə 2 saatlıq küçəyə çıxmaq olar. Hələ ki bu fürsətdən yararlanmamışam. Ən uzaq getdiyim yer binamızın həyətindəki marketdi. Bunu da ərzaq və çörək almaq üçün edirəm. İnanıram ki, dünyanı cənginə alan bu gözəgörünməz düşməndən tezliklə xilas olacağıq. Allah bütün insanları qorusun”.
RƏŞAD