“Hətta bu səbəbdən Ümit Özat özü də texniki zonada yer ala bilmədi”
Bir müddət öncə Bosniya və Hersoqovinanın yüksək liqa təmsilçisi “Çelik”lə anlaşan Elvin Yunuszadənin yoldaşlıq görüşündə forma geyməsindən xəbərdarsız. “Borats”la keçirilən sınaq matçında həmyerlimiz start heyətində meydana çıxsa da, Ümit Özat fasilədə hamı kimi onu da əvəzləmişdi. Düşünmək olardı ki, Elvinin durumu ürəkaçandı və ilk çempionat qarşılaşmasında forma geyəcək.
Lakin fevralın 23-də “Zrinski” ilə baş tutan çempionat oyununda Yunuszadə soyadına nə əsas heyətdə, nə də görüşün protokolunda rast gəldik. Halbuki cəmi bir həftə öncə “Borats”a qarşı mübarizə aparmışdı.
Elvinin zədələndiyini, formada olmadığını, yoxsa bilmədiyimiz hansısa başqa səbəbdən meydana çıxmadığını dəqiqləşdirmək üçün özü ilə əlaqə saxladıq. Məlum oldu ki, səbəb heç də özündən asılı olmayıb: “Bildiyiniz kimi, “Borats”a qarşı oynamışdım. Hətta baş məşqçi əsas heyətdə mənə şans vermişdi. Fikrimcə, pis çıxış etməmişdim. Çempionat görüşündə meydana çıxmağım mümkünsüz idi. Çünki yaşamaq icazəsi alınmadığından, adımı çempionat oyunları üçün sifariş edə bilməyiblər. Bildiyimə görə, klubdan sənədləşmə ilə bağlı gecikmə olub deyə, belə alınıb. Bu təkcə mənimlə bağlı problem deyil. Yeni gələn əcnəbilərin hamısında belədi, heç kim oynaya bilmədi. Hətta bu səbəbdən Ümit Özat özü də texniki zonada yer ala bilmədi. O da bizim kimi tribunadaydı. Ancaq yerli futbolçular oynamaq imkanına malik idi, bir də əvvəldən komandada olan legionerlər”.
Qeyd edək ki, “Çelik” 20-ci turda “Zrinski” ilə baş tutan oyunda 0:2 hesabıyla uduzub. Elvinin şərəfini qoruduğu komanda hazırda 16 xalla 12 komanda arasında 11-ci pillədə qərarlaşıb. Zenitsa təmsilçisi 21-ci turda doğma azarkeşləri önündə 6-cı pillədə yer alan “Radnik”i qəbul edəcək. Oyun martın ilk günündə keçiriləcək.
HƏBİB