“Kəpəz” “transfer bazarı”nın ən fəal alıcısı oldu
Təxminən ikiaylıq fasilədən sonra bu gün birinci divizionda mübarizə başlayır. Bundan öncə istər premyer-liqa, istərsə də Region Liqasında çıxış edən komandaların qış fasiləsindən necə yararlandığını, mövsümün ikinci yarısında adını çəkdiyimiz liqalarda bizi nələrin gözlədiyini qeyd edərək, ehtimallarımızı ortaya qoymuşduq. Təəssüf ki, divizion barədə o qədər də geniş yazmağa ehtiyac duyulmur. Peşəkar status daşısa da, aşağı dəstədə əsasən elita təmsilçilərinin ikinci komandaları çıxış etdiyindən diviziona maraq çox azdı, demək olar ki, sıfır səviyyəsindədi. Aşağı dəstədə bütün qarşılaşmalar, demək olar ki, boş tribunalar önündə oynanılır. Buna baxmayaraq, ənəyə sadiq qalaraq, ikinci dövrə ərəfəsində adı müstəqil olub, əslində AFFA-dan maliyyələşən komandaların durumuna nəzər salmağa, ümumi mənzərəni təhlil etməyə çalışacağıq (premyer-liqa klublarının ikinci komandaları nəzərə alınmayıb).
“Səbail-2”nin lider kimi başladığı ikinci dövrənin ilk turu ərəfəsində “Zaqatala” ikinci pillədə qərarlaşıb. Rüstəm Məmmədovun çalışdırdığı kollektiv birinci dövrənin ilk 5 turunda cəmi 4 xal toplamağı bacarmışdı. Lakin şimal-qərblilər oyundan-oyuna “artırdı”, “oyununu tapdı” və bunun da məntiqi nəticəsi kimi fasiləyə ikinci pillədə yollandılar. Fasilədə heyəti, demək olar ki, qoruyub saxlayan Məmmədov uğurun davamını ikinci dövrədə də gətirməyə çalışacaq. Komandanın lideri Famil Camalovun yenidən kollektivə qoşulması da baş məşqçinin sevindirməyə bilməz. Xatırladaq ki, Famil fasilədə Cənubi və Şimali Kiprin bəzi klublarında baxışda olsa da, sonda karyerasını Azərbaycanda davam etdirməyə qərar verib. Ancaq bir məqam var ki, məhz o ikinci dövrədə “Zaqatala”nın çıxşına təsir edə bilər. Hələ iki ay əvvəl PFL prezidenti Ramin Musayev mətbuata açıqlamalarının birində “ola bilsin, mövsümün sonunda premyer-liqaya “Turan Tovuz” və “Kəpəz” yüksəldi” söyləmişdi. Düzdü, Musayev bunu ehtimal kimi səsləndirmişdi. Ancaq PFL rəhbərinin nəsə bilmədən boşuna “güllə atmadığı” hamıya məlumdu. Məhz bu amil Zaqatala təmsilçisinin üzvlərinin ikinci dövrədə meydana motivasiyasız çıxmasını şərtləndirə bilər. İndi hər şey Rüstəm bəyin əlindədi. Baş məşqçi kollektivə qalib gəlməyin vacibliyini aşılaya bilsə, Musa Qurbanovun rəhbəri olduğu klub mövsümü mükafatçılar sırasında başa vurmaq iqtidarındadı.
“Zaqatala”dan bir xal az toplayan, daha dəqiq desək, hesabında 24 xal olan “Turan Tovuz” hazırda 3-cü pillədə qərarlaşıb. Qərb klubu üçün ilk dövrənin startı uğurlu alındı. Komanda Azər Bağırovun rəhbərliyi altında 6-cı tura qədər itkisiz yürüş etməklə yadda qaldı. Uğurlu seriya sayəsində çempionatın liderinə çevrilən tovuzluların təkəri Bağırovun gedişi ilə boşalmağa başladı. İlham Yadullayev çox çalışsa da, komanda lider mövqeyini qoruya bilmədi. Bu azmış kimi, oyunların manipulyasiyasına görə kollektivin 7 üzvü ömürlük futboldan silindi. Yadullayevin boşluğu nə dərəcədə doldurub-doldurmağını bilmək üçün çox gözləməli olmayacağıq. Ancaq bəribaşdan vurğulayaq ki, limitin tətbiq olunmasına görə əziyyət çəkən klub üçün bu o qədər də asan olmayacaq. Qərblilər mövsümün sonunda ilk “üçlük”dəki yerini qoruyub saxlaya bilsə, bunu artıq uğur kimi qələmə vermək olar. Ancaq bu o qədər də inandırıcı görünmür.
Elitaya yüksələcəyi deyilən “Kəpəz” tunir cədvəlinin oratalarında yer alsa da, ilk “üçlük”lə xal fərqi o qədər də çox deyil. 8-ci olan gəncəlilər lider “Səbail -2”dən 9, üçüncü pillədəki “Turan Tovuz”dan cəmi 6 xal geridədi. Fasilə dönəmində “sarı-göylər”in divizion təmsilçiləri arasında “transfer bazarı”nın ən fəal alıcılarından olduğunu nəzərə alsaq, Yaşar Vahabzadənin yetirmələrinin bir neçə turdan sonra daha üst pillələrdə yer alması heç kimi təəccübləndirməyəcək. Təcrübəli mütəxəssis birinci dövrədə yenilənmiş “Kəpəz”in skeletini qurdusa, artıq fasilədə skeletə dəri də çəkdi. Yenilər kollektivə uyğunlaşma müddətini tez başa vursa, gəncəlilərin mövsümün sonunda mükafatçılar sırasında yer alması realdı.
MOİK və “Qaradağ Lökbatan”a çox yer ayırmağa ehtiyac yoxdu. Hər iki komanda artıq autsayder statusu ilə barışıb. Bəlkə də “hərbçilər”in üst pillələrə yüksəlmək şansının olduğunu deyə bilərdik. Ancaq ötən ilin dekabrında məlum söz-söhbətə görə bu komandanın da bir neçə aparıcısı oyunçusu futbolla birdəfəlik vidalaşdı. Lökbatanlılar isə artıq neçə mövsümdü komanda sayı düzəlsin deyə, birinci dəstədə çıxış edir.
Sonda onu da qeyd edək ki, 14 futbolçusu və 3 klub rəsmisi oyunların manipulyasında iştirak etdiyinə görə “Ağsu” çempionatdan xaric olunub.
RƏŞAD