Sabah Qəbələdə yerli komandanın qonağı olacaq “Qarabağ” səfərə təyyarə ilə yollanıb. Dünən “Azərsun Arena”da bir məşqlə kifayətlənən komanda üzvləri axşam 9-da Bakıdan kurort şəhərinə təyyarə ilə uçublar. Düşünmək olardı ki, Qurban Qurbanovun bu qərarı verməsinə səbəb məkana tez çatmaq, bununla da futbolçuların bölgədəki hava şəraitinə uyğunlaşmasına şərait yaratmaqdı və ən əsası, Qəbələdə oyundan əvvəl iki məşq keçməkdi. Amma yox. Baş məşqçi, sadəcə, yetirmələrini yol yorğunluğundan qorumaq məqsədi ilə məlum addımı atıb. Lakin oyundan sonra təyyarə reysindən istifadə olunmayacaq. Belə ki, “köhlən atlar”ın paytaxta klubun avtobusu ilə qayıdacağı artıq dəqiqləşib.
Maraq üçün qeyd edək ki, ağdamlılar buna qədər təkcə Qəbələ yox, Zaqatala, Gəncə və Lənkəran səfərləri zamanı da “hava gəmisi”nin köməyindən istifadə edib.
HƏBİB